Saray nənəmiz – xalqımızın əyilməz ruhunun analıq təcəssümü DÜŞÜNCƏ

Saray nənəmiz – xalqımızın əyilməz ruhunun analıq təcəssümü DÜŞÜNCƏ

Yaxud, böyük şəxsiyyətin nəhənglik nümunəsi

Müqəddəs Azərbaycan torpağı tarixlər boyu bütün dünyaya örnək olan qadınlar, analar, nənələr bəxş edib və bu gerçəklik nə yaxşı ki, xalqımıza məxsus olan böyük şərəfdir. Bəlkə də, dünyanın bir çox ölkələrində ana məfhumu Azərbaycanda olduğu qədər qiymətləndirilmir, dəyərləndirilmir və “Cənnət anaların ayaqları altındadır” kəlamının xaslığı, özəlliyi, mötəbərliyi xalqımızda ən üstün meyar olaraq qiymətləndirilir.

Bu mənzərə barədə hələ çox danışılacaq…

Bu günlərdə Şamaxıda baş verən zəlzələ nəticəsində dağılan isti ocaqlardan biri də, ana evi idi – Saray nənənin evi. Bir tərəfi uçulmuş evin astanasında oturan 92 yaşlı Saray nənə şalına bükələnərək və nəzərlərini uzaqlara dikərək, götür-qoy edirdi. Götür-qoy edirdi ki, Allahın işi olan təbii-fəlakət baş verməyinə verib, amma nə etmək olar, hadisədir və ondan qaçmaq da olmaz. Fəqət, dağılmış evin bərpasını, təmirini etmək lazımdır. Ancaq dövlət var, dövlətin rəhbəri var və elə bir rəhbəri ki, hər an öz vətəndaşının yanındadır. Elə bu fikirlərə daldığı andaca, hətta gözləmədiyi halda, sadə bir kəndli evi olan həyətinə dövlət başçısı daxil olur və Saray nənəyə yaxınlaşaraq, bir oğul kimi onu salamlayır, üzündən öpür, Saray nənə isə Onun əlindən öpmək istəyir…O, Saray nənənin bu istəyinin qarşısını alaraq, ağbirçək ananın əlindən öpür…Bu mənzərə barədə hələ çox danışılacaq və dünyanın heç yerində dövlət başçılarının nümayiş etdirmədikləri bu sadəlik Prezidentimiz tərəfindən hər kəsə bir örnək oldu – harada ana, ağbirçək varsa, ona ehtiram göstərmək lazımdır. Bu, həm də bir çoxlarına dərs oldu, böyüklük-kiçiklik, milli-mənəviyyat dərsi - bir oğul nümunəsi, bir ana hörməti və bir ağbirçəyə verilən ən ali dəyər!

Şəhid anası qarşısında baş əymək, şəhid atasına öz əlindən su içirmək, Saray nənənin əlindən öpmək…

Dövlət başçımızın hələ bu təsirli olaydan öncə, şəhid ailələri ilə görüşündə daha bir ağbirçək ananın qarşısına gedib onu salamlaması, qarşısında baş əyməsi, şəhid atası olan ağsaqqala isə öz əlindən su içirməsi artıq özü-özlüyündə Onun Prezident olması ilə yanaşı, həm də böyük Şəxsiyyət, böyük Övlad olduğunu sübuta yetirdi.

Bu gün, dövlət başçımız deyir ki, Saray nənə kimi nənələr Azərbaycan xalqının əyilməz ruhunu təcəssüm etdirir. Yəni bu, həm də o deməkdir ki, Prezidentimiz məmləkətimizin hansı bölgəsinə gedirsə-getsin, Onun üçün ana, nənə, ağbirçək, ağsaqqal hər yerdə ehtirama, qayğıya layiqdir və belə də olacaq. O, Saray nənənin timsalında bütün analarımızın, nənələrimizin əlindən öpərək, öz nəhəngliyini göstərmiş oldu. “Saray nənə kimi nənələr, analar bizim milli-mənəvi dəyərlərimizi əsrlər boyu qoruyan insanlar olublar. Hər bir Azərbaycan qadını Saray nənəyə oxşamaq istəyir. Məncə, bu, belədir. Baxın, evi dağılmış 92 yaşında bir qadın, bu adamda nə qədər nikbinlik var. Çünki Saray nənədə inam var ki, dövlət onun yanında olacaq”, dedi Prezidentimiz bugünlərdə verdiyi müsahibəsində.

Məgər bu gözəl və qürurverici ifdələrdən həm də sonsuz fəxr hissləri keçirməmək olarmı?

“Biz əsrlər boyu yaşayan bir xalq, bir millət, inkişaf edən bir millət olaraq Saray nənə kimi nənələrə borcluyuq” kəlamının məntiqi sübutu!

Bəli, Saray nənədə həm də köklü şəkildə formalaşmış, milli-mənəvi dəyərlərimizi özündə birləşdirən canlı azərbaycançılıq məfkurəsi var. Bu mənada, cənab İlham Əliyev müsahibəsi əsnasında təəssüratlarını bölüşərkən deyir: “Sözün düzü, mən Şamaxıya gedəndə bilmirdim ki, Saray nənə ilə rastlaşacağam. Mən gedib zəlzələdən ziyan çəkmiş evlərə baxırdım, oradakı vəziyyətlə tanış olurdum. Saray nənəni görəndə mən bir daha əmin oldum ki, Azərbaycan xalqı nə qədər böyük xalqdır. Biz xalqımızla fəxr edə bilərik. Ən ağır vəziyyətdə, evi uçub. Sözün düzü, yəqin heç bilmirdi ki, kimsə onun köməyinə gələcək, ya gəlməyəcək. Onun evi təmir olunacaq, ya olunmayacaq, yeni ev tikiləcək, yoxsa yox. Amma bu insanda nə qədər inam, nikbinlik, xeyirxahlıq var. Saray nənə kimi nənələr Azərbaycan xalqının əyilməz ruhunu təcəssüm etdirir. Biz əsrlər boyu yaşayan bir xalq, bir millət, inkişaf edən bir millət olaraq Saray nənə kimi nənələrə borcluyuq. Ona görə bu görüş məndə də çox böyük təəssürat yaratdı, böyük bir iz buraxdı. Ümid edirəm ki, tezliklə Saray nənə ilə bir daha görüşəcəyəm və onun yeni evinin açarını ona təqdim edəcəyəm”.

Bu sözlər bilavasitə hər bir azərbaycanlıya göstərilən müasibət, hər bir azərbaycanlı anasına, ağbirçəyinə, ağsaqqalına, xanımına, övladına edilən müraciət, verilən vəd idi. Hər bir azərbaycanlının Prezidenti olan cənab İlham Əliyevin daim yerinə yetirdiyi qətiyyətli vədi!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə