"Bu, xalqa olan yüksək diqqət və qayğının nəticəsidir" AÇIQLAMA-ÖZƏL

"Bu, xalqa olan yüksək diqqət və qayğının nəticəsidir" AÇIQLAMA-ÖZƏL

“Prezident İlham Əliyevin minimum əmək haqlarının artırılması ilə bağlı sərəncamı əhalinin rifahı halının yaxşılaşdırılması istiqamətində növbəti addımdır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

Sərəncamın əhali arasında böyük sevincə səbəb olduğunu deyən deputat söyləyib ki, Azərbaycan Prezidenti dövlət büdcəsini təsdiq edərkən hər zaman əhalinin sosial vəziyyətini nəzərə alır: “Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə minimum əmək haqqının 180 manat təyin etməsi ən azı 600 min nəfəri əhatə edəcək. Bu həm də minimum əmək haqqının yaşayış minimumuna çatdırılması deməkdir.

Azərbaycanın dövlət büdcəsinin mühüm hissəsinin sosial xərclərə ayrılması ölkəmizdə vətəndaşların sosial problemlərinin həlli, onların rifah halının yaxşılaşdırılmasına önəm verilməsinin bariz göstəricisidir. Bunun nəticəsidir ki, Azərbaycan büdcə sosial yönümlü büdcə adlanır ”.

E.Səlimov qeyd edib ki, dünyada baş verən qlobal proseslər fonunda belə ölkəmizdə sosial xərclərin azaldılmasına yol verilməyib: “ Digər məsələlərin həlli istiqamətində müəyyən ləngimələrə yol verilsə də, vətəndaşlarımızı nəzərdə tutan heç bir sosial layihə dayandırılmayıb, əksinə onların daha tez zamanda həlli istiqamətində güclər səfərbər edilib. Azərbaycan Prezidenti atdığı bütün addımlarla xalqın yanında olduğunu bir daha sübut etmiş olur. Bu günlərdə Ölkəmizdə baş verən zəlzələ nəticəsində zərər çəkmiş insanların yanında olan Prezidentimiz onlara dəymiş ziyanın qısa müddətdə aradan qaldırılması üçün verdiyi tapşırıq və ayrılan vəsait bir daha sübut etdi ki, Dövlət başçısı əhalinin sosial durumunu yaxşılaşdırmaq üçün həmişə xalqın yanındadır. Minimum əmək haqqının artırılması da xalqa olan yüksək diqqət və qayğının nəticəsidir. ”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə