“İnformasiya təhlükəsizliyində mətbuatın rolu” YENİLƏNİB-TƏDBİR-FOTOLAR

“İnformasiya təhlükəsizliyində mətbuatın rolu” YENİLƏNİB-TƏDBİR-FOTOLAR

Bu gün "Səs" qəzetinin redaksiyasında “İnformasiya təhlükəsizliyində mətbuatın rolu” mövzusunda dəyirmi masa keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə “Səs” qəzetinin Baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev, Milli Məclisin deputatları Musa Quliyev, Elman Nəsirli, Aydın Hüseynov, Kamilə Əliyeva, Jalə Əliyeva, Aydın Mirzəzadə, Azər Badamov, "İki sahil" qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə və KİV nümayəndələri iştirak edib.

Dəyirmi masanı giriş sözü ilə açan "Səs" qəzetinin Baş redaktoru Bəhruz Quliyev şərəfli, qürurverici dövlətçilik tariximizdən və bu gün ölkə Prezidenti İlham Əliyevin apardığı düzgün, məqsədyönlü siyasət nəticəsində Azərbaycanda əldə olunan uğurlardan, nailiyyətlərdən danışıb. Bildirib ki, bütün sahələrdə olduğu kimi Azərbaycan Milli Mətbuatının formalaşması və inkişafı cəmiyyətin inkişaf xüsusiyyətlərinə uyğun olaraq aparılır: “Azərbaycan xalqının Ümummili Lideri Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın çağırışı ilə yenidən hakimiyyətə qayıdışından sonrakı dövrdə Azərbaycan mətbuatının inkişafında keyfiyyətcə yeni mərhələ başlandı. Mətbuata qarşı tətbiq olunan senzuranın ləğv olunması, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər həyata keçirildi. Bütün bunlar Azərbaycan mətbuatının inkişafına mühüm töhfələr vermiş oldu".

Bəhruz Quliyev çıxışında bildirib ki, Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasətini uğurla davam etdirən ölkə Prezident İlham Əliyev Milli Mətbuatın inkişafına xidmət edən müvafiq Fərman və Sərəncamlar imzalayıb: "Mətbuatımızın 130, 135 və 140 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, yüzlərlə jurnalistin fəxri adlara, təltiflərə layiq görülmələri, jurnalistlərə mənzillərin verilməsi, qəzetlərə birdəfəlik maliyyə yardımlarının edilməsi Prezident İlham Əliyevin mətbuata, onun əməkdaşlarına diqqət və qayğısının nümunəsidir".

Baş redaktor onu da bildirib ki, yeni dövrün, yeni çağırışlarına uyğun olaraq Azərbaycan mətbuatının da yenilənməsinə, təkmilləşməsinə zərurət yaranıb. Məhz bu prinsipdən çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında KİV-lərin inkişafına Dövlət Dəstəyi Fondu qəzetlərin maliyyələşməsi məsələsində yeni şərtlər açıqlayıb: "Bu qərar print-medianın inkişafına stimul verəcək. Amma bəzi jurnalist adına iddia edən şəxslər, sosial şəbəkə istifadəçiləri məsələni siyasiləşdirməyə, mətbuat-dövlət münasibətlərinə zərbə vurmağa uğursuz cəhdlər edirlər. Amma bu cəhdlər nəticəsiz qalacaq. Çünki, Azərbaycanın peşəkar jurnalist təbəqəsi mövcud reallıqları qəbul edir və fəaliyyətlərini müasir dövrün tələblərinə uyğun qurmağın vacib olduğunu bildirirlər”.

Milli Məclisin deputat Musa Quliyev bildirib ki, saytlar, sosial şəbəkələr də nəzarət altında olmalıdır: "Bu heç də insanların söz azadlığına qəsd deyil və fikir azadlığının məhdudlaşdırılması deyil. Sadəcə olaraq bu Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin daha mükəmməl şəkildə qorunması üçün atılan proflaktik addımlardır. Hətta bəziləri deyirlər ki, sosial şəbəkələrə nəzarət etmək mümkün deyil, çətindir və s. Amma bunların heç bir əsası yoxdur. Bununla bağlı dünya təcrübəsi var”.

Deputat Aydın Hüseynov deyib ki, sosial şəbəkələrdə danışıq və davranış etikasına çox ciddi riayət olunmalıdır: "Amma bu məsələni təkcə qanunvericiliklə, inzibati yollarla həll etmək mümkün deyil. Yəni, bu gün inzibati metodlarla sosial şəbəkələrə yalnız müəyyən nəzarət funksiyasını həyata keçirmək olar. Amma ümumilikdə, şəbəkələrə nəzarət olunması, qadağaların qoyulması çətindir".

Milli Məclisin üzvü Elman Nəsirov isə diqqətə çatdırıb ki, sosial şəbəkələr ailə və cəmiyyət üzvlərini də bir-birindən ayırır və virtual bir dünyada yaşamağa sövq edir: "Sosial şəbəkələrə alüdə olan insanlar günlərlə öz yaxınları ilə ünsiyyət qurmurlar, danışmırlar. Bu da çox ciddi bir məsələdir və insanın mənəvi-əxlaqi deqradasiyasına gətirə biləcək bir haldır".

“İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, ölkəmizdə internet və sosial şəbəkələr üzərində hər hansı inzibati nəzarət yoxdur və bu da medianın müstəqilliyinin daha bir göstəricisidir: “Bir sözlə, qısa təhlil, bu günümüzün reallıqlarına baxış fonunda deyə bilərəm ki, ölkə mətbuatı fəaliyyətini dövrün çağırışlarına uyğun şəkildə qurmağa səy göstərir. Bunu hansı səviyyədə yerinə yetirir, bu qiymətləndirməni oxucuların və tamaşaçıların ixtiyarına vermək gərəkdir”.

Millət vəkili Jalə Əliyeva isə qeyd edib ki, sosial şəbəkələrdən sui-istifadə edən şəxslər bilməlidirlər ki, nə onlar özləri, nə də bilərəkdən və ya bilməyərəkdən qulluqlarında dayandıqları dairələr, mərkəzlər bununla heç nəyə nail ola bilməyəcəklər, Azərbaycanı öz müstəqil inkişaf, müstəqil dövlətçilik xəttindən geri göndərə, sapdıra bilməyəcəklər. Onların təsəvvüründəki və görmək istədikləri Azərbaycan bugünkü Azərbaycan deyil.

Milli Məclisin deputatı Kamilə Əliyeva diqqətə çatdırıb ki, son aylar bu azadlıqdan, bu sərbəstlikdən sui-istifadə edənlər, sosial şəbəkələri, onlayın medianı, internet resurslarını silaha, döyüş, savaş meydanına çevirənlər də tapılır, belələri az deyil: “Onlar bütün vasitələrlə ölkəmizdə görülən işləri, xüsusilə 1993-cü ilin iyunundan və 2003-cü ilin oktyabrından indiyədək görülən işləri gözdən salmağa, onları ləkələməyə çalışırlar, ölkə, dövlət, hökumət rəhbərliyinə, Milli Məclisə, millət vəkillərinə qarşı olmazın hədyanlar, təhqirlər, böhtanlar, iftiralar yağdırırlar”.

Deputat Azər Badamov da həmkarlarının fikirləri ilə şərik olduğunu vurğulayıb: “Son illərdə bütün dünyada geniş istifadə olunmağa başlayan sosial şəbəkələr müsbət tərəfləri ilə yanaşı, cəmiyyətə mənfi təsirlərini də göstərməkdədir. Biz kimlərinsə sosial şəbəkələrdən istifadə edərək müxtəlif radikal çağırışlar etməsinin şahidi oluruq. Ancaq əfsuslar olsun ki, beynəlxalq təcrubədə sosial şəbəkələrin bu cür mənfi təsirlərinin qarşısının alınması üçün hər hansı konkret nümunələr yoxdur. Sosial şəbəkələrə qadağaların qoyulması isə dünya ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır, sosial şəbəkələrin qadağan edilməsi insan azadlıqlarının boğulması kimi qiymətləndirilir”.

Dəyirmi masanın sonunda çıxış edən millət vəkili Aydın Mirzəzadə isə Azərbaycan mətbuatının bu günkü vəziyyəti, inkişafı, cəmiyyətdə gedən ictimai-siyasi proseslərə təsiri, mətbuatda ədəbi dilin qorunması, jurnalist peşəkarlığının artırılması və digər məsələlərdən danışıb, KİVDF-nin qəzetlərin maliyyələşməsi ilə bağlı yeni şərtlərinin mətbuatın fəaliyyətinin günün tələblərinə uyğun qurulmasına təkan olacağını bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə