"Freedom House" kimi təşkilatlar həmişə Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edilib
Hər zaman Azərbaycana qarşı qisasçı yanaşması ilə məşhur olan "Freedom House" təşkilatı "Dünyada Azadlıq - 2019" (Freedom in the World 2019) hesabatında Azərbaycanı "azad olmayan" dövlətlər sırasında göstərib. Bu təşkilatın Azərbaycana qarşı siyasi rıçaq olaraq istifadə edilməsi təcrübəsi fonunda onun bu qiymətləndirməsi o qədər də təəccüblü deyil.
Sənəddə yazılır ki, siyasi hüquqlar və vətəndaş azadlıqları göstəricilərinə görə, Azərbaycan, Türkiyə, Ukrayna, Gürcüstan geriləyib, Ermənistan isə irəliləyib. İran və Rusiya isə eyni göstəricilərdə qalıb.
Azərbaycana qarşı hər zaman qərəzli və qeyri-obyektiv mövqe nümayiş etdirən bəzi beynəlxalq qeyri-hökumət təşkilatları sırasında "Freedom House" təşkilatı, bir qayda olaraq, ön sırada gedir. Bu təşkilat, ənənəvi olaraq, öz hesabatlarında Azərbaycanla bağlı həqiqəti əks etdirməyən məlumatlara, məqamlara daha çox və geniş yer verir. Bununla da, Azərbaycana qarşı qərəzli mövqe tutan, ölkəmizin dünyadakı artan nüfuzuna və imicinə qısqanc yanaşan, uğurlarımızı, nailiyyətlərimizi gözü götürməyən dairələrin, beynəlxalq təşkilatları mövqeyini ifadə etmiş olur. Həmin qüvvələr isə hər vəchlə Azərbaycan dövlətini dünya birliyinin, beynəlxalq ictimaiyyətin gözündən salmağa, onun nüfuzuna və imicinə zərbə vurmağa çalışanlardır.
Bu gün Ermənistanı bölgədə "azadlıq simvoluna" çevirən "Freedom House" təşkilatının bu ölkədə qurulan "küçə diktaturası"ndan, seçki saxtakarlığından, jurnalistlərin təqibi və qətlə yetirilməsindən xəbərsiz olduğunu düşünmək sadəlövhlük olardı. Bu "Freedom House"un növbəti oyunudur, özü də qərəzli-böhtanlı...
Siyavuş Novruzov: "Bu hesabat da Azərbaycanı sevməyən qüvvələrin iradəsinin ifadəsidir"
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov açıqlamasında "Freedom House" təşkilatının hesabatının reallıqdan uzaq olduğunu deyib. S.Novruzovun sözlərinə görə, bu qurum illərdir Azərbaycana qarşı bu cür mövqedədir: "Ötən illər ərzində, Azərbaycanda qanunvericilik islahatları aparılıb, müasir dövrün tələblərinə cavab verən qanunvercilik bazası yaradılıb.
Amma bu təşkilat, bir dəfə də olsun, bunu qeyd etməyib. Ölkədə hakim korpusunun formalaşması üçün yeni mexnizmin yaradılması, korrupsiya ilə mübarizə sahəsində gözlə görünən naliyyətlərin olmasına baxmayaraq, hər dəfə Azərbaycana qarşı qərəzli münasibət görünür. Bu hesabat da Azərbaycanı sevməyən qüvvələrin iradəsinin ifadəsidir".
S.Novruzovun sözlərinə görə, "Beynəlxalq insan haqları təşkilatı" adlanan bu qurum qərəzli ənənəsinə sadiq qalaraq, növbəti dəfə Azərbaycanı "azad olmayan" ölkələr sırasına daxil edib. Bunun nə dərəcədə əsassız olduğunu sübut etmək üçün bircə fakta diqqət yetirmək kifayətdir. Belə ki, təşkilat erməni separatçılarının əlində olan Dağlıq Qarabağa, Azərbaycandan fərqli olaraq, "qismən azad" ölkələrin siyahısında yer verib. Sözügedən təşkilatın tanınmamış "Dağlıq Qarabağ" rejimini öz siyahısına salması onun Azərbaycana münasibətinin göstəricisi sayıla bilər. "Freedom House" isə öz hesabatında o qədər ermənipərəst mövqedən çıxış edir ki, Ermənistan kimi bir rejimi də "qismən azad" ölkələr sırasına daxil edir.
Ölkələri "sevimli" və "düşmən" qruplarına ayıran "Freedom House"
Millət vəkili, politoloq Elman Nəsirli bildirdi ki, "Freedom House" təşkilatının hesabatları, xüsusilə, Azərbaycanla bağlı hissəsi hər zaman qərəzli, qeyri-obyektiv olması ilə diqqəti cəlb edib: "Bu, bir daha onu göstərir ki, belə hesabatlar siyasi sifariş əsasında hazırlanır. Əslində, bu, yeni hadisə deyil və biz buna təəccüblənmirik. Biz ona təəccüblənərdik ki, "Freedom House" təşkilatı hesabatında Azərbaycanla bağlı obyektiv olardı və həqiqəti əks etdirərdi.
Məqsəd isə Azərbaycan əhalisinə psixoloji baxımdan təsir göstərmək və elə etməkdir ki, ölkəmizdə, müəyyən mənada, vətəndaş itaətsizliyi yaratsınlar, səfərbər olunmuş cəmiyyəti pozsunlar və sabitliyin əsasını dağıtsınlar. Belə hesabatların məqsədi, məhz bundan ibarətdir".
E.Nəsirli onu da vurğulayıb ki, necə obyektivdirlər ki, Ermənistan kimi bir dövlətlə bağlı fərqli yanaşma ortaya qoyurlar, bu ölkəni demokratik dövlət imicində görmək istəyirlər: "Axı Ermənistan necə demokratik dövlət ola bilər ki, bu ölkədə 20 il ərzində despotik rejim mövcud imiş və axırda da o, inqilabla nəticələndi? Son seçkilər də göstərdi ki, vaxtilə beynəlxalq təşkilatların, o cümlədən, "Freedom House"un müdafiə etdiyi Ermənistandakı rejimin heç sosial bazası yox imiş, antidemokratik imiş və erməni xalqına zülm edirmiş. Məhz bu təşkilat həmin despotik rejim hakimiyyətdə olanda belə, Ermənistanı demokratik ölkə kimi görürdü.
Beləliklə, "Freedom House"un Azərbaycana verdiyi qiymətdən asılı olmayaraq, ölkəmiz özünün müstəqil daxili və xarici siyasətini yeridir, insan haqlarının, demokratiyanın qorunmasını özünün vəzifəsi sayır, iqtisadiyyatını gücləndirir, eləcə də, ərazi bütövlüyü məsələsini təmin etmək üçün daima fəaliyyətdədir. Ancaq bu kimi təşkilatların Azərbaycana hər hansı bir təzyiq göstərmək şansları sıfıra bərabərdir. İndiyə qədər bu cür təzyiqləri çox görmüşük və bundan sonra da görəcəyik.
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB