“Paşinyanın proqramı erməni xalqının sonudur” ARMENİANREPORT

“Paşinyanın proqramı erməni xalqının sonudur” ARMENİANREPORT

Erməni ictimaiyyəti Paşinyanın hökumət proqramını qəbul etmir

Nikol Paşinyan hakimiyyətinin növbəti 5 il üçün qəbul etdiyi fəaliyyət proqramı Ermənistanın müxtəlif ictimai-siyasi dairələri və KİV-ləri tərəfindən sərt şəkildə tənqid hədəfinə tuş gəlib. SİA xəbər verir ki, ictimaiyyət qarşıya qoyulmuş vəzifələrin öhdəsindən gəlinməyəcəyini bəyan edir, xüsusilə, Paşinyanın “siyasi inqilabın” başa çataraq, “iqtisadi inqilaba” keçid alması bəyanatı üzərində kəskin düşüncələrini bölüşür.

Sözügedən məsələ ilə bağlı armenianreport saytında gedən analitik yazı da bu müstəvidən çıxış etməkdədir. Belə ki, adıçəkilən saytda “Paşinyanın proqramı erməni xalqının arzularının sonudur” başlıqlı yazıda bildirilir ki, baş nazir “siyasi inqilabı” başa çatdırmamış, indi də “iqtisadi inqilabdan” dəm vurur.

O cümlədən, baş nazirin müavini Mqer Qriqoryan proqramla bağlı bildirib ki, yaxın 5 il üçün tərtib edilmiş sənəd gün yarım ərzində hazırlanıb və iqtisadiyyatın bütün sahələrini əhatə edir və s.

“Proqramda konkret hədəflər yerinə, “iqtisadi inqilabın konsepsiyası” ətrafında söz yığını və patetika nəzərə çarpır”

Sözügedən şərhdə Respublika partiyasının mətbuat katibi Eduard Şarmazanovun fikirlərinə yer ayrılıb və onun hökumət proqramını populizm və demaqogiya adlandırdığı xatırlanıb. “Axı o haqlıdır – çünki proqramda konkret hədəflər yerinə, “iqtisadi inqilabın konsepsiyası” ətrafında söz yığını və patetika nəzərə çarpır. Yəni, Paşinyan “siyasi inqilabı” başa çatdırmamış, indi də “iqtisadi inqilabdan” danışır”, deyə yazıda bildirilir.

SİTAT: “Müxalifətdə olarkən, Paşinyan hakimiyyəti Rusiya ilə münasibətlərinə görə amansız şəkildə tənqid edirdi. O, dəfələrlə Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) və KTMT-dən çıxması vacibliyindən danışaraq bəyan edirdi ki, Yerevan üçün xarici siyasətdə Aİ və NATO prioritet olmalıdır. Bəs biz indi nə görürük? Proqramda Rusiya ilə strateji münasibətlərdə Aİİ və KTMT ölkənin mühüm prioriteti kimi təqdim olunur. Yəni Paşinyan burada da Kremlin caynaqlarından qurtulmasını istəyən erməni xalqının arzularına son qoydu”.

“Paşinyan, Rusiyadan asılı qalmaq məqsədini güdür”

“Bunun yerinə o, Ermənistanın Rusiyadan və postsovet məkanındakı Putin layihələrindən daha asılı vəziyyətə düşməsi məqsədini güdür”, deyə qeyd edilən yazıda bildirilir ki, bundan əlavə, proqramda Ermənistan hökumətinin Rusiya ilə hərbi əməkdaşlığının ölkənin əsas təhlükəsizlik təminatı kimi göstərildiyi də xatırladılır. “Həmin Rusiya ilə ki, Azərbaycanı ən müasir silahlarla təchiz edir, Türkiyə ilə yaxın münasibətlər saxlayır”, bildirilir.

Beləliklə, analitik yazıda ona da toxunulur ki, heç kim bir andaca Rusiya ilə münasibətlərə son qoyulmasını istəmir, sadəcə, ən azı onunla distansiya saxlamaq üçün prosesə başlanılmalı idi: “Bundan əlavə, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton, Yerevana etdiyi ötən ilki səfəri zamanı açıq şəkildə bəyan etmişdi ki, Vaşinqton Ermənistanla daha sıx əməkdaşlığa hazırdır, o cümlədən, hərbi sahədə də. Əgər yeni hakimiyyət Rusiya ilə birtərəfli bağlantıdan imtina edərsə. Təəssüf ki, müxalifətdə olarkən, özünü “cəsur” göstərən Paşinyan, hakimiyyətdə qərarsız kimi görünməyə başlayıb”.

“Nə səbr qalıb, nə də ki, vaxt”

Armenianreport sonda qeyd edir ki, əlbəttə, müxalifətçi olmaq asandır: “Özün üçün hakimiyyəti tənqid elə, ideya fontanları burax və təşəbbüslər irəli sür. Çünki üzərində heç bir məsuliyyət yoxdur. Lakin dövlətin sükanı arxasına keçirsənsə, heç olmasa, hissə-hissə özünün seçkiqabağı vədlərini həyata keçirməlisən. Bəlkə də biz yenicə hakimiyyətə gəlmiş insanların üzərlərinə çox gedirik və hər şey zaman-zaman öz qaydasına düşəcək? Buna inanmaq istərdik. Amma daha bir neçə il gözləməyə də nə səbr qalıb, nə də ki, vaxt”.

Bütün bunlardan isə belə nəticəyə gəlmək olar ki, erməni KİV-lərində son zamanlar daha çox bənzər yazı və məqalələrə, şərhlərə, müsahibələrə, rəy və açıqlamalara rast gəlmək mümkündür. Belə nəticələr isə onu da göstərir ki, erməni ictimaiyyəti Nikol Paşinyan hakimiyyətinin boş vədlərindən, “inqilab” eyforiyasından bezib. Belə bezmələr isə, Ermənistanın növbəti inqilaba hamilə qalmasını da reallaşdıra bilər. Hər halda, bu ölkədəki böhranlar və çıxış yollarının tapılmaması bu cür qənaətə gəlməyə kifayət qədər rəvac verir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə