Umud Rəhimoğlu: “Arif Əliyevin mövqeyi olduqca yanlışdır” RƏY-ÖZƏL
"KİVDF dövlətin mətbuatla bağlı siyasətini həyata keçirən əsas qurumlardan biridir". Bunu SİA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədr müavini, BAMF sədri Umud Rəhimoğlu deyib.
Onun sözlərinə görə, yarandığı vaxtdan indiyədək bu qurumun vasitəsilə çap mediasına xeyli yardım göstərilib, qəzetlərin əksəriyyəti bu dövlət yardımından birbaşa faydalanıb: "Üstəlik, bu maliyyənin ayrılması üçün qəzetlərdə icra olunan layihələr cəmiyyətimizin və ölkəmizin maraqları baxımından faydalı mövzular olub. Belə bir qurumun barəsində, əlbəttə, müxtəlif rəylər söylənilməsi təbiidir. Mən 8 il Fondun Müşahidə Şurasının sədri olmuşam. Bu qurum özfəaliyyətlə məşğul olmur, dövlət tərəfindən müəyyənləşdirilmiş siyasətin həyata keçirilməsi üçün üzərinə qoyulmuş tapşırıqları icra edir. Mətbuat orqanlarına maliyyə yardımı ayırmaqdan tutmuş, jurnalistlərin sosial-məişət şərtinin yaxşılaşdırılmasına qədər dövlət başçısının bu sahədə qarşıya qoyduğu bütün planlar addım-addım həyata keçirilir. Arif Əliyevin mövqeyi ilə tanışam və hesab edirəm ki, olduqca yanlış mövqeydir. KİVDF bu illər ərzində xeyli işlər görüb. Görülən işləri danmaq olmaz. Bu qurum yaranan vaxt prioritet çap mediası idi. Zaman keçir, hər şey sürətlə dəyişir. İndi onlayn media daha geniş yayılır və daha effektivdir. Odur ki, şərtlər də dəyişib, qəzetlərə yanaşma başqa meyarlarla olmalıdır. Qəzetlər, məhz onlayn medianın qarşısında dayana bilmək üçün fəaliyyətlərini yeni dövrün tələblərinə uyğun, daha effektiv qurmalıdırlar. Bəli, bizim hər birimiz tənqid oluna bilərik. O meyarla yanaşsaq, dünyada heç bir iş ideal səviyyədə deyil, bunu iddia etmək də doğru olmazdı. Lakin tənqid obyektiv olmalıdır. Heç kim öz bildiyini həqiqət kimi diktə etməməlidir. Hərənin öz yanaşması, baxışı ola bilər. Xüsusilə də bizim kimi çoxillik təcrübəsi olan insanlar gərək bu məsələlərdə diqqətli davranaq. O ki, qaldı bu cür kampaniyaların kənar təsirlərlə əlaqəsinə, qeyri-obyektiv olmaq, məsələyə diktat tərziylə yanaşmaq o cür təsirlərdən daha təhlükəlidir. Mətbuat kimi tarixi ənənələri olan və ciddi bir institutun problemləri sehrli çubuqla həll oluna bilməz, bununçün zaman lazımdır. İttiham etmək üçün bəhanə axtaranlar bunu da nəzərə alsınlar ki, ölkəmizi gözü götürməyən xarici dairələr belə əsassız çıxışlardan sui-istifadə edir. Hər bir halda, Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda addımlayır və inanıram ki, hər bir sahədə olduğu kimi, mətbuat sahəsində də ölkə hakimiyyətinin, Prezident İlham Əliyevin atdığı proqressiv addımlar ən yaxın zamanda bu cür əsassız ittihamları boşa çıxaracaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB