"Formula-1" üzrə dünya çempionatının tamaşaçı auditoriyası bütün qitələri əhatə edir
Azərbaycanın sosial-iqisadi inkişafı, islami dəyərlərin, islam mədəniyyət nümunələrinin mühafizəsi, islam həmrəylinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər, İƏT və Avropa Şurasının üzvü kimi Qərblə islam dünyası arasında mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsinə töhfəsini verməsi, tolerant cəmiyyət olması beynəlxalq ictimaiyyətin ölkəmizə marağının artmasında əsas amillərdəndir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən, ideyalarını gerçəkləşdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətinin məntiqi nəticəsi olaraq, ölkənin davamlı iqtisadi inkişafı təmin edilib, bölgələr arasında regional tarazlıq bərpa olunub, yerlərdə sosial-mədəni infrastruktur obyektləri yenidən qurulub, yeni istehsal, habelə, xidmət müəssisələri istifadəyə verilib. Azərbaycan beynəlxalq miqyaslı mötəbər yarışlara, qlobal forumlara, konfranslara, bir sözlə, nüfuzlu tədbirlərə ev sahibliyi edir. Beynəlxalq miqyaslı tədbirlərin keçirilməsi üçün ölkəmizə olan etimad Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasının göstəricisidir.
Bir neçə aydan sonra ölkəmizdə yenidən "Formula-1" yarışlarına start veriləcək. Ötən illərdə paytaxt Bakıda keçirilən "Formula-1" Avropa Qran-Prisi yarışlarını dünyanın 200-yə yaxın ölkəsində 500 milyondan çox azarkeş televiziya vasitəsilə izləyib. "Formula-1" üzrə dünya çempionatının tamaşaçı auditoriyası bütün qitələri əhatə etdi. Amerika, Avropa, Avstraliya, Asiya və Afrika ölkələrinin televiziya kanallarında yarışlar müntəzəm yayımlanır. Beş yüz milyon televiziya tamaşaçısının Avropa Qran-Prisində ən güclü pilotlarının mübarizəsini izləməklə yanaşı, şəhərimizin gözəlliyi ilə tanış olur, müasirliklə qədimliyin simvollarını özündə birləşdirən Bakı haqqında geniş məlumat əldə edə bildilər. ABŞ-ın, Böyük Britaniyanın, Kanadanın, Fransanın, İspaniyanın, Avstraliyanın, Braziliyanın, Portuqaliyanın, Almaniyanın, İtaliyanın, Cənubi Afrika Respublikasının, Rusiyanın, Yaponiyanın, Polşanın, Hindistanın məşhur televiziya kanalları Bakı Qran-Prisini yayımlamaqla yanaşı, paytaxtımıza həsr olunan reportaj və materiallar hazırlayırlar. Azərbaycanın beynəlxalq nüfuzlu yarışlara yüksək səviyyədə ev sahibliyi etməsi, qədim tarixi abidələrimiz diqqətdən kənarda qalmır.
Azərbaycan Prezidenti İlham Əliyev "Formula 1" Qrupunun baş icraçı direktoru Çeyz Kerini qəbul edən zamanı, o, "Formula 1" çərçivəsində ötən il keçirilən 21 yarışın təhlili nəticəsində, Bakıda keçirilən bu yarışın ən yaxşı yarış hesab edildiyini bildirib.
Bakı bütün iştirakçı və qonaqları, hər zaman olduğu kimi, növbəti tədbirdə də ev sahibi olaraq yüksək səviyyədə qarşılayaraq, yarışı uğurla yekunlaşdıracaq. Paytaxtımızda keçirilən yarışlara dünyanın aparıcı KİV-ləri hər zaman öz münasibətlərini ifadə edirlər. Yaponiyanın "Fuji-TV.Next" televiziyası birbaşa reportaj zamanı "Formula-1" yarışının Azərbaycan mərhələsinin özünəməxsusluğu ilə seçildiyini xüsusi vurğulamışdılar. Təbii ki, Bakıda pilotlar qeyri-adi ab-havası ilə seçilən, əfsanəvi tarixi yerləri əhatə edən və heç bir yerdə bənzəri olmayan trekdə yarışıblar. Təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Trek Bakının tarixi məkanlarından - dəniz sahilindən keçməklə, azarkeşlərdə xoş ovqat yaratmış olur. Yaponiyanın "www.as-web", "F1-Gate.com", "f1.express.cnc.ne.jp" və digər internet saytlarında dərc edilmiş məqalələrdə də bu idman tədbiri vasitəsilə Bakının gözəlliyi, tarixi məkanları və dinamik inkişafının bütün dünyaya nümayiş etdirilməsi xüsusi vurğulanmışdı. İspaniyanın avtomobil idmanı sahəsində ixtisaslaşmış «motor.es» portalı, Almaniyanın "Handelsblatt" qəzeti və digər mətbu orqanları "Formula-1" yarışına münasibətlərini ifadə etmişdilər. "Formula 1" yarışının Azərbaycanda keçirilməsinin daha üç il uzadılması da Azərbaycanın Qran-Priyə uğurla ev sahibliyi etməsinin göstəricisidir. Elə bu günlərdə Monteneqronun ictimai radio və televiziya xidmətinin internet səhifəsində, eləcə də, Bolqarıstanın nüfuzlu "Dnevnik" nəşrində "Formula 1" Azərbaycan Qran-Prisi barədə məlumat yayılıb. Məlumatda "Formula 1" qrupunun baş icraçı direktoru Çeyz Kerinin Azərbaycana səfəri çərçivəsində Qran-Prinin Bakıda 2023-cü ilədək keçirilməsinə dair müqavilənin imzalandığı qeyd olunub. Rumıniyanın "News.ro" xəbər portalı da bu məlumatı yayıb. Məlumatlarda yarışın keçirildiyi ölkənin iqtisadiyyatına müsbət təsiri və yerli şirkətlər üçün yeni imkanlar açması da yer alıb.
Azərbaycan növbəti dəfə də "Formula 1" Azərbaycan Qran-Prisinə uğurla ev sahibliyi edəcək. Hər zaman olduğu kimi, yüksək təşkilatçılığı ilə öz sözünü deyəcək.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB