“Ölkəmizdə həyata keçirilən dövlət-gənclər siyasəti çox geniş bir spektri - gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, cəmiyyətin bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilən Azərbaycan gəncləri müxtəlif sahələrdə nailiyyətlər əldə ediblər. Əminliklə demək olar ki, dövlət dəstəyi olmasaydı, uğurlar qazanılmazdı. Harada inkişaf, tərəqqi var, gənclərimiz də o istiqamətə doğru irəliləyirlər”. Bunu SİA-ya YAP Binəqədi rayon təşkilatının Gənclər Birliyinin sədri Fəsli Nəbiyev deyib.
Onun sözlərinə görə, fərəhləndirici haldır ki, bu gün Azərbaycan gəncliyi milli dəyərlərimizə sahib çıxır: “Dünya arenasında öz sözü ilə özünü və tarixini təsdiqləyir. Bu gün Azərbaycan gənci üçün əlçatmaz bir zirvə yoxdur desək, fikrimizdə yanılmarıq. Sadəcə olaraq, gəncin məqsədli bir addımı gərəkdir ki, dövlət tərəfindən ona maddi və mənəvi dayaq olsun. Mən gənc olaraq, üzümü müasirlərimizə tutaraq, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Azərbaycan Prezidenti İlham Əliyevin davam etdirdiyi dövlət-gənclər siyasətindən hər bir Azərbaycan gəncinin yararlanmasına çağırıram.
Son 15 ildə görülən işlərə baxsaq, yüksək intellektual bacarıqlara malik olan və ölkənin ictimai-siyasi həyatında aktiv şəkildə fəaliyyət göstərən gənclər ordusunun formalaşdığını görmüş olarıq. Qürurla demək olar ki, bu gün Azərbaycan gəncliyi üzərinə götürdüyü şərəfli vəzifələrin öhdəsindən layiqincə gəlməyi bacarır. İnformasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə bütün dünyada, həm də informasiya müharibəsinin getdiyini nəzərə alsaq, vətəndaşlarımız, xüsusilə, gənclərimiz daha çox maarifləndirilməli, onlara daim ayıq-sayıq olmaları, elmli, savadlı gənclik olaraq yetişmələri aşılanmalıdır. Gənclərimiz bu dövrdə dövlət üçün təhlükə ola biləcək radikal cərəyanların təsirinə düşməməli, ölkəmizə zərbə vurmaq istəyən qüvvələrə qarşı daima mübarizə aparmalıdır. Azərbaycan Gəncləri Gününə həsr olunmuş Respublika Toplantısında Prezident İlham Əliyev gənclərə mühüm tövsiyə və tapşırıqlarını verdi. Xüsusilə, gənclərin vətənpərvərlik ruhunda yetişmələrinin zəruriliyini qeyd edərək, müasir dövrdə gənclərimizin əsas vəzifələrinin müstəqilliyimizi möhkəmləndirmək olduğunu vurğuladı, gənclərə öz inamını və dəstəyini bəyan edərək, onlara uğurlar arzuladı. Biz də gənc olaraq, dövlətimizə sədaqətlə xidmət etməliyik. Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB