“Gənclər və ailə: ənənə və müasir baxış” TƏDBİR-YENİLƏNİB-VİDEO-FOTOLAR
Bu gün Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında “Gənclər və ailə: ənənə və müasir baxış” mövzusunda tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə moderator qismində YAP GB-nın sədr müavini Ramin Məmmədov çıxış edib.
Tədbirdə çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirib ki, şəxsiyyətin formalaşmasında ailənin böyük rolu var. Azərbaycanda qanunvericilik baxımından ailə və uşaqlarla bağlı təkmil qanunvericilik bazası mövcuddur: “Bu gün bəzi hallarda əxlaqa, tərbiyəyə, milli adət ənənələrimizə zidd halların baş verməsi təəssüf doğurur. 2018-ci ilin 12 ayı ərzində Azərbaycanda 13 651 boşanma halı olub. Əvvəllər biz deyirdik ki, ailələrdə boşanma hallarının əsas səbəbi sonsuzluqdur. Ancaq təəssüflər olsun ki, indi uşaqlı ailələrdə də boşanma halları var. Son vaxtlar ailələrin dağılmasında ev, mülk, maşın daha çox üstünlük təşkil edir. Bu hal milli dəyərlərimizə ziddir. Ailələrdə uşaq dünyaya gəlir, o uşağı düzgün tərbiyə etmək lazımdır, ancaq ev, mülk, maşın önə keçir, sevgi, səmimiyyət ailələrdən uzaqlaşır. İndi sanki ailə qurmağa oyun kimi baxırlar”.
Komitə sədrinin sözlərinə görə, boşanmaların müxtəlif səbəbləri var: “Tərəflərin bir-birini yaxşı tanımaması, məcburi evlilik, erkən nikahlar, məişət zorakılığı, ailə qurmazdan əvvəl düşünməmək, kənar müdaxilələr, qayınananın və qayınatanın ailənin işlərinə qarışması, maddiyatın əsas götürülməsi, nikah müqavilələrinin bağlanmaması münaqişələrə gətirir və axırda da boşanmaya səbəb olur. Ancaq düşünürəm ki, ailədə adət-ənənə, mənəvi dəyərlər qəbul olunsa, bəlkə də belə olmaz”.
Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin sədr müavini Aynur Sofiyeva isə deyib ki, Azərbaycanda dövlət ailə məsələlərinə xüsusi diqqət yetirir, bu istiqamətdə müxtəlif addımlar atılır: “Ailədəki problemlərin kökü araşdırılmalıdır. Reallıq odur ki, müəyyən problemlər var. Təəssüflər olsun ki, ailə institutu deformasiyaya məruz qalıb. Avropada bəzi ailələrdə uşaq əvəzinə, heyvan saxlayırlar. Bizə yeni modelləri sırımaq istəyirlər. Proseslərə nəzər salsaq, Qərbdə ailə dəyərlərinin deformasiyaya olduğunu görmüş olarıq. Bu da demoqrafik problemlər yaradır. Onlar bu problemləri həll etmək əvəzinə, digər cəmiyyətlərə ötürmək yolunu seçirlər”.
Komitə sədrinin müavini bildirib ki, məqsəd milli dəyərləri qorumaq olmalıdır: "Beynəlxalq təşkilatlar insan hüquqları adı altında hansısa fikirləri təbliğ edirlər. Təəssüflər olsun ki, içimizdəki bəzi qruplar onları dəstəkləyir. Sosial şəbəkələrdə “verbovşiklər” konkret məqsədlərə xidmət edirlər. Bu şəbəkələr vasitəsilə hər bir ailəyə nüfuz edirlər. Onlar beyinlərə təsir göstərməyə çalışırlar. Azərbaycan ailələri buna necə hazırdır? Bizim ailələrin əsrlərdən qalma bəzi dəyərləri var. Əlbəttə ki, zamanın təsirlərinə məruz qalsa da, fundamental dəyərləri bu günə qədər qoruyub saxlamışıq. Məqsədimiz bunu gələcək nəsillərə ötürməkdir”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, bu gün Azərbaycan gəncliyinə və ailəsinə qarşı iki istiqamətdə təsir var: “Bu təsirlərdən biri Qərbdən gələn ultramüasirlik, digəri isə Şərqdən gələn ultradindarlıqdır. Mənim çalışdığım sahə Şərqdən gələn təsirlərlə bağlıdır. Təəssüf ki, o təsirlərin əsas hədəflərindən biri gənclikdir, ikincisi isə Azərbaycan ailəsidir. Hər bir xalqın özünəməxsus həyat tərzi, mədəniyyəti, adət-ənənələri var. Bu baxımdan bizim Şərqlə dinimiz eyni olsa da, mədəniyyətimiz fərqlidir. Biz ərəblərlə, Anadoludakı qardaşlarımızla, pakistanlı, malayziyalı, iranlı, ərəblərlə eyni dini paylaşırıq, ancaq mədəniyyətimiz eyni deyil. Çünki həyat tərzimiz fərqlidir”.
Komitə sədrinin müavini vurğulayıb ki, biz dinimizə sahib çıxa bilərik, amma bu, heç bir halda ərəbləşmə, farslaşma, Anadolu türkünə çevrilmə olmamalıdır, biz öz mədəniyyətimizə sahib çıxmalıyıq: “Eyni zamanda Qərbdən gələn təsir nəticəsində ingilisləşmə, fransızlaşma, amerikanlaşma kimi hallar olmamalıdır. Qərbdən və Şərqdən gələn bu kimi təsirlərə qarşı bizim mənəvi immunitetimiz olmalıdır”.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib ki, bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə Azərbaycanda gənclərin evliliyə baxışı, Azərbaycanda ailə mühiti, müasir baxışlar, adət-ənənələr mövzusunda tədbir keçilir: “Ailə kiçik bir dövlət modelidir. Bizim milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir. Bu tədbiri keçirməkdə məqsədimiz, gənclərimiz müasir ailəni necə görmək istəyirlər, qanunvericilikdə ailə ilə bağlı hansı qanunlar mövcuddur bununla bağlı məlumatları olsun və öz suallarını versinlər".
Tədbirə diskussiya şəklində yekun vurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB