Azərbaycan xanəndəlik məktəbinin görkəmli nümayəndəsi Seyid Şuşinski
Dövlət başçısının imzaladığı Sərəncama əsasən, Seyid Şuşinskinin 130 illik yubileyi qeyd ediləcək
Azərbaycan mədəniyyəti və onun inkişaf mərhələlərindən söz açarkən, ilk olaraq, bu sahədə çalışan yaradıcı simaların əməyi, sənət irsi göz önündə canlanır. Azərbaycan mədəniyyətinə və incəsənətinə böyük töhfələr vermiş yaradıcı insanların keçdiyi yol, yaratdığı hər bir orijinal əsər tariximizin bir parçasına çevrilir. Sənət üçün yaşayan, amalı Azərbaycan sənətinə xidmət edərək, vətən sevgisini, varlığını bu nümünələr üzərinə köçürməklə, böyük və sərhədsiz yollara üz tutmaq olduğundan, belə insanların fəaliyyəti qiymətini alır. Azərbaycan xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən olan, tanınmış musiqi xadimi və pedaqoq, respublikanın xalq artisti Seyid Şuşinski kimi. Ömrünün gənclik dövründən başlanan sənət yolu müdriklik çağına qədər davam etmişdir. Belə insanların yaradıcılıq irsi dövlət tərəfindən böyük qayğı və diqqət əhatəsindədir. Azərbaycan Prezidenti İlham Əliyevin bir-birinin ardınca imzaladığı sərəncamlar milli mədəniyyətimizə dövlət tərəfindən göstərilən diqqətin bariz nümunəsidir.Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Seyid Şuşinskinin anadan olmasının 130 illik yubileyi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamı sənətə və sənət xadimlərinə olan daha bir diqqətdir. Sərəncama əsasən, xalqımızın mənəvi dünyasının formalaşmasında müstəsna əhəmiyyət daşıyan qədim muğam ənənələrimizi layiqincə qoruyub-yaşatmış Seyid Şuşinskinin Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğində mühüm xidmətləri nəzərə alınaraq, ustad sənətkarın 130-cu ildönümünün qeyd olunmasını təmin etmək məqsədi Mədəniyyət Nazirliyi tədbirlər planını hazırlayıb həyata keçirəcək.Azərbaycan xanəndəlik məktəbinin ən böyük simalarından biri olan Seyid Şuşinski 1889-cu il aprelin 12-də Şuşa qəzasının Horadiz kəndində anadan olub. İlk təhsilini mədrəsədə almış, dini mərasimlərdə və xalq şənliklərində çıxış etmişdir.
Seyidin peşəkar bir xanəndə kimi tanınmasında Azərbaycan xanəndəlik sənətinin beşiyi olan Şuşa mühitinin həlledici rolu olmuşdur.Mir Möhsün Nəvvabdan klassik muğamların və xalq musiqisinin dərin sirlərini əxz etmişdir. Nadir və gözəl səsə malik Seyid Şuşinski xanəndəlik sənətinin sirlərinə yiyələnmək üçün iki il Mir Möhsün Nəvvabın yanında oxumuşdu. Onun xanəndə kimi yetişməsində Cabbar Qaryağdıoğlunun böyük təsiri olmuşdur. O, Seyid Şuşinskini Şərq musiqisinin incisi adlandırmışdı.Seyid yüksək diapazonlu səsi və muğamları düzgün və səlis oxumaq qabiliyyəti ilə dinləyiciləri, hətta məşhur xanəndələri heyran qoymuşdu. 1911-1919 illərdə Seyid Şuşinski Tiflisdə fəaliyyət göstərmiş, xanəndəlik sənətini daha da təkmilləşdirmiş, onun bədii zövqü və səhnə ustalığı formalaşmışdı. Məşhur xanəndə Əbülhəsən xan İqballa tanışlığı da onun ifaçılıq üslubunda əhəmiyyətli iz buraxmışdır. Əvvəl operaların fasilələrində oxuyar, sonralar isə aktyor kimi çıxışları ilə tamaşaçıları heyran qoyarmış. Tiflis Azərbaycan Teatrının yaranmasında və təşkilində mühüm xidmətləri olan xalq artisti Mustafa Mərdanov öz xatirələrində yazır: "Seyid Şuşinski qabaqlar səhnəyə çıxmazdı, ancaq tamaşadan əvvəl və fasilələrdə pərdə qabağında oxuyardı. Tamaşaçılar onu sevirdi. Seyid teatrdan ayrılmazdı, boş saatlarını teatr məşğələlərinə həsr edirdi. Teatr işçiləri Seyidin inkişaf etməsi üçün ona kömək göstərirdilər. Beləliklə, o, opera və operettalarda çıxış etməyə başladı". Seyid Üzeyir bəy Hacıbəylinin "Leyli və Məcnun" operasında İbn Səlam, "Arşın mal alan" operettasında Əsgər, "O olmasın, bu olsun" musiqili komediyasında Sərvər rollarında çıxış edib. Həmçinin, Tiflis Azərbaycan Teatrının Batumi, Mahaçqala və Dərbənd şəhərlərində teatr truppası ilə bir sıra opera və operettalarda aktyorluq bacarığını da nümayiş etdirib.Tiflis şəhərində azərbaycanlıların yaşadığı "Şeytanbazar" məhəlləsində teatr tamaşaları göstərmək üçün 1912-ci ilin aprel ayında Azərbaycan Xalq Evi - "Auditoriya" adlanan klub açılır. Təntənəli açılış mərasimində Seyid Şuşinskinin rəhbərliyi ilə "Şərq konserti" verilir. Onu da, qeyd edək ki, sənətkar konsert və teatr tamaşalarından əldə etdiyi pullu tamaşaların və aktyorların ehtiyaclarına sərf edirdi. 1913-1914-cü illərdə Seyid Şuşinski "Ekstrafon" Səhmdar Cəmiyyəti tərəfindən iki dəfə Kiyev şəhərinə dəvət edilərək, səsi vala yazılmışdır. Bu cəmiyyət tərəfindən onun oxuduğu muğamlar Kiyev şəhərində vala yazılmışdır. "Çahargah", "Nəva", "Bayatı-İsfahan", "Humayun", "Rast", "Mahur", "Zabul", "Şahnaz", "Mirzə-Hüseyn Segahı" muğamları, "Mani", "Arazbarı", "Mənsuriyyə" zərbi-muğamları musiqi xəzinəmizin qızıl fondunda yer almışdır. Xanəndənin oxuduğu "Cahargah" muğamı öz ifaçılıq təfsiri ilə fərqlənmişdir. S.Şuşinski "çahargah" muğam dəstgahını yüksək zirvədən - zil şöbə olan "Mənsuriyyə"dən başlayırdı ki, bu da muğama döyüş ruhu aşılayırdı. S.Şuşinskinin yaradıcılığının sonrakı dövrü Bakı ilə bağlı olmuşdur. Bu dövrdə onun müəllimlik fəalliyəti genişlənir. Seyid Şuşinskinin müəllimlik fəaliyyəti barədə söz açmaq, xüsusilə, vacibdir. O, 1926-cı ildən Cabbar Qaryağdıoğlu və Keçəçioğlu Məhəmməd ilə birlikdə dahi bəstəkarımız Ü.Hacıbəylinin dəvəti ilə Azərbaycan Dövlət Konservatoriyasında yeni açılan xanəndəlik sinfində dərs deməyə başlayır. Görkəmli pedaqoq Zülfü Adıgözəlov, Xan Şuşinski, Həqiqət Rzayeva, Əlibaba Məmmədov, İslam Rzayev, Yaqub Məmmədov, Rübabə Muradova və başqalarının savadlı xanəndə kimi yetişməsində böyük xidmətlər göstərir.Görkəmli bəstəkarımız Fikrət Əmirov Seyid Şuşinskini "xalq musiqisinin çırpınan ürəyi" adlandırmışdı. Onun təşəbbüsü və köməyi ilə F. Əmirov milli simfonik musiqi sahəsində ilk nümunə olan "Şur" və "Kürd-Ovşarı" simfonik muğamlarını yaratmışdı. Bu işdə görkəmli bəstəkarımıza təcrübəli xanəndə dəyərli məsləhətlər vermiş, muğam sahəsindəki bilgilərini onunla bölüşmüşdü. Zəngin yaradıcılıq yolu keçmiş, Qarabağ xanəndəlik məktəbinin ən böyük simalarından biri olan Seyid Şuşinski musiqi xadimi, pedaqoq, xalq artisti, əməkdar müəllim kimi Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında çox mühüm rol oynamışdır. Görkəmli xanəndə 1965-ci ildə vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB