Ermənistanda inqlab, demokratiya adı qoyulan dövlət çevrilişindən sonra ölkənin istər siyasi, istər iqtisadi, istərsə də hərhansı sahədə irəliləyişinin şahidi olan yoxdur. Nikol Paşinyan hakimiyyəti ələ keçirdikdən öncəki durum hər sahədə davam edir. Nə bir yenilik var, nə də bu yeniliyə səbəb olacaq əsas. Narazı kütlənin isə bütün bunlar səbəbindən sayı böyük sürətlə artmaqdadır. Heç şübhəsiz ki, hazırki hakimiyyətə müxalif qüvvələr hakimiyyəti ələ keçirmək məqsədi ilə öz plan və proqramlarını təkmilləşdirir və narazılıqlardan istifadə ediləcəyini kimsə təkzib edə bilməz.
Dövlət borcunu 7 milyard dollara çatdıran baş nazirə hakimiyyətinin ildönümü ərəfəsində, yəni may ayında sarsıdıcı zərbələr planlaşdırılır
Məsələ burasındadır ki, erməni mətbuatında da bu fikirlər öz əksini tapır və Paşinyana dırnaqarası sürprizlərin hazırlandığı belə təkzib edilmir. Məsələn, Ermənistana məxsus “İrates” qəzeti yazır ki, hazırda ölkə müxalifətinin erməni baş nazirə ciddi hərəkətə keçməməsinin səbəbi həmin qüvvələrin hazırlıq mərhələsində olmasıdır. Həmin qüvvələr hökumətin daha çox səhv buraxmasını, hakimiyyətdə olduğu bir il müddətində verdiyi vədlərin icrasız qalmasını arqument kimi istifadə edəcəklərinə şübhə yeri yoxdur. Görünür, dövlət borcunu qısa müddətdə 7 milyard dollara çatdıran baş nazirə hakimiyyətinin ildönümü ərəfəsində, yəni may ayında sarsıdıcı zərbələr planlaşdırılır.
Bir sözlə Paşinyan bir neçə aydan sonra çox ciddi zərbələrlə qarşılaşmalı olacaq. Bu zərbələrin hələki nələrdən ibarət olacağını proqnozlaşdırmaq çətindir. Amma bir sözlə ifadə etməli olsaq, erməni baş naziri əməlli başlı sürprizlər gözləyir. İş orasındadır ki, indi erməni baş nazirinə müxalif qüvvələr təkcə Serj Sarkisyan, onunun komandası, rəhbərlik etdiyi Respublikaçılar partiyası deyil. Bu narazılar və müxaliflər sırasına Robert Koçaryanın komandası da daxildir. Əgər Sarkisyanın komandası təkcə istefa məcburiyyətində qalaraq narazı qalıblarsa, Koçaryanın həbsi heç də onun tərəfdarlarını razı sala bilməz və onlar da digərlərindən heç geri qalmırlar. Yeni hakimiyyətin yoxlamalarından, sıxışdırmalarından bezən, nəticədə narazı qalan oliqarxlar da az deyil.
Xüsusilə qeyd etmək lazımdır ki, oliqarx narazılar əslində narazı Sarkisyan tərəfdarlarından da, Koçaryan tərəfdarlarından da daha təhlükəlidir Paşinyan üçün. Çünki, bu oliqarxlar daha düşünülmüş taktika ilə hərəkət edə bilən və müəyyən bazaya söykənmək iqtidarında olanlardır. Belələrinin təsir dairəsi, həmçinin imkanları idarəedilməz kütlənin imkanlarından daha geniş sayılır ki, bu da erməni baş naziri üçün heç arzu olunan deyil. Hətta bu üç qrup narazıların bir araya gələrək baş nazirə qarşı çıxması daha böyük zərbə, daha gözlənilməz sürprizlər deməkdir Paşinyan üçün və onun bu ağırlığı qaldıra biləcəyinə, bunların öhdəsindən gələ biləcəyinə özünün də ümidi yoxdur.
Ermənistanın baş naziri artıq dərk edib ki, pafoslu çıxışlarla iqtisadiyyatı qurmaq, onu inkişaf etdirmək mümkün deyil
Sosial-iqtisadi sferada nəzərəçarpacaq dəyişikliklərin, müsbət nəticələrin olmayacağı Paşinyan hakimiyyətinin sonu deməkdir. Bu sonun yaxınlaşmasını qarşılayacaq tədbirlər, yəni hərhansı müsbət dəyişikliklər, nəticələr gözə dəymirsə, deməli yaxın zamanda aqibətin nədən ibarət olacağını, bu nümayişçinin hakimiyyətinin sonunu proqnozlaşdırmaq çətin deyil. Əslində, onun hakimiyyətinin günbəgün öz mövqelərini, sosial dayaqlarını itirdiyi günün reallığıdır. Biz bunun artıq çoxdan şahidiyik. Özü də məhz bunun çoxdan şahidi olub və seçkiləri bir neçə ay əvvələ təyin edərək itməkdə olan nüfuzunun, dayaqlarının tamamilə yox olmasından ehtiyatlandığı bunu tam şəkildə təsdiq edir.
Tutaq ki, erməni baş nazir olacaqlardan, onu nə kimi dırnaqarsı sürprizlər gözlədiyindən xəbərdardır olaraq bu sürprizlərdən yayınmaq niyyətindədir. Təbii ki, bunun üçün ilk növbədə narazılıqların aradan qaldırılması tələb olunur. Narazılıqların da aradan qaldırılması üçün isə sosial-iqtisadi dəyişikliklər, müsbət göstəricilər və nəticələr əldə edilməsi lazım gəlir. Sual oluna bilər:Paşinyanın bu dəyişikliklərin əldə edilməsinə hərhansı bazası, əsası varmı? Daha dəqiq desək, o hansı imkanlar hesabına sosial-iqtisadi irəliləyiş əldə edə bilər? Bunun üçün hansı layihələrə isə imza atıbmı?
Ermənistanın baş naziri artıq dərk edib ki, pafoslu çıxışlarla iqtisadiyyatı qurmaq, onu inkişaf etdirmək mümkün deyil. Doğrudur, bu pafos nə zamansa, daha dəqiq desək, nümayişlər zamanı ona lazım idi ki, hakimiyyəti ələ keçirməsi mümkün olsun. Amma artıq hakimiyyət postunda oturandan sonra konkret, real addımların atılmasının vacibliyini, iqtisadi və digər sahələrdə layihələrin reallaşdırılması lazım gəldiyini, iqtisadi irəliləyişə, sosial sferada nailiyyətlərə yalnız bununla nail olunacağı həqiqətlərini indi həmin nümayişçi çox gözəl başa düşür. Onu da yaxşı başa düşür ki, bütün bu nailiyyətlər, uğurlar isə onun hakimiyyətinin davam etməsi, əks halda isə süqutu deməkdir.
Qərbdən və ruslardan əli üzülən ermənilərin işğalçılıq siyasətini davam etdirəcəyi təqdirdə məhvə məhkum olacağı göz qabağındadır
Paşinyan çox yaxşı başa düşür ki, ermənilərin bu vaxta qədərki işğalçılıq, soyğunçuluq, terrorçuluq, separatçılıq siyasəti, başqasına məxsus olanı mənimsəmək strategiyası heç bir iqtisadi yüksəliş üçün əsas yaratmağa imkan verməyib. Əksinə, bütün qlobal layihələrdən, ələlxüsus Azərbaycanın reallaşdırdığı regional layihələrdən kənarda qalmalı, marginallaşmalı olub. Eyni zamanda, heç bir layihəyə də start vermək gücündə də deyil. Deməli, iqtisadiyyatının inkişafı, büdcəsinin təmin edilməsi qarandıq məsələ hesab olunur. Nəzərə alsaq ki, ölkənin digər strukturlarının, sferalarının inkişafı iqtisadi məsələlərlə bilavasitə bağlıdır, deməli iqtisadiyyatı güclü olmayan ölkənin digər sahələrdə nailiyyətlərindən danışmağa belə dəyməz.
Ələlxüsus sosial siyasətin həyata keçirilməsi üçün kifayət qədər büdcə tələb olunur. Həmçinin infrastruktur layihələrinin reallaşdırılması da iqtisadi inkişaf, dövlərin iqtisadi göstəriciləri, büdcəsi ilə bağlıdır və həmin layihələrin də reallaşdırılacağına zərrə qədər ümid yeri qalmır. Təsəvvür edək ki, 21-ci əsrdə Ermənistan yolsuzluq şəraitində qalıb, əhali, yəni erməni vətəndaşlar sosial məsələlərdən məhrum olub, səfalət, yoxsulluq, aclıq, xəstəlik və bir sıra bəlalar ölkəni bürüyür. Nümayişlərdən gələn baş nazir isə hələ də söz verir, vəd edir, amma bu vədlərin reallaşmasına iqtisadi imkan yoxdur. Deməli, ən tez zamanda onun hakimiyyət kürsüsü ilə vidalaşmayacağına kimsə zəmanət verə bilməz.
Əslində, nəinki Paşinyan, bütövlükdə Ermənistan üçün Azərbaycanla işğalçılıq yox, normal qonşuluq siyasət aparmaq ən doğru yol hesab olunur. Çünki, ermənilərin nəinki yaxşı yaşaması, ümumilyyətlə mövcud olaraq qalması bu münasibətlərdən çox asılıdır. İndi ruslardan, həmçinin Qərbdən əli üzülən erməni əhalisi işğalçılıq siyasətini davam etdirəcəyi təqdirdə digər qonşulardan da məhrum olacağı, nəticədə, məhvə məhkum olacağı göz qabağındadır. Belə olan halda ermənilərin ümid yeri yalnız Azərbaycana sığınmaqdır ki, əslində biz bunun tarix boyu da şahidi olmuşuq. Hazırki baş nazir də, onun yerinə göz dikən digər qüvvələr də birmənalı şəkildə dərk etməlidirlər ki, Azərbaycan həqiqətlərini etiraf etmədikcə, bizə məxsus olan torpaqları, Dağlıq Qarabağı geri qaytarmadıqca, normal münasibətlər qurmadıqca nə Ermənistana xilas yoxdur, nə də heç bir hakimiyyət öz yerini möhkəmləndirə, idarəetməni qura və davam etdirə bilməyəcək. Bir sözlə işğalçılar artıq dərk etməlidirlər ki, Ermənistanın xilası Azərbaycandan asılıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB