İsmayıllıda 2 Fevral - Gənclər Günü qeyd olunub

İsmayıllıda 2 Fevral - Gənclər Günü qeyd olunub

İsmayıllı rayon icra hakimiyyəti, YAP İsmayıllı rayon təşkilatı və rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə şəhər Mədəniyyət Mərkəzində 2 Fevral - Azərbaycan Gəncləri Günü qeyd olunub. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Sonra gənclərin əl işlərindən, yaradıcılıq nümunələrindən ibarət təşkil olunmuş sərgi nümayiş etdirilib. Bayram tədbirində rayonda fəaliyyət göstərən gənclərlə yanaşı, İsmayıllı məktəblərinin yetirmələri olan gənclər, 695-700 balla universitetlərə qəbul olunmuş və qızıl medallı tələbələr iştirak ediblər.
İsmayıllı rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bayram iştirakçılarının timsalında rayon gənclərini Azərbaycan Gəncləri Günü münasibətilə ürəkdən təbrik edərək, ölkənin və rayonun inkişafında onlara yeni-yeni uğurlar arzulayıb: «Ümummilli Lider Heydər Əliyev xalqın təkidli xahişi ilə yenidən hakimiyyətə gəldikdən sonra, Azərbaycan gəncləri vahid bir ideya ətrafında birləşərək, təşkilatlandı, dövlət, region və beynəlxalq layihələrin həyata keçirilməsi üçün onlar səfərbərliyə alındı». M.Sadıqov Ulu Öndərin gəncliyi ölkənin sosial-iqtisadi inkişafının aparıcı qüvvəsinə çevirdiyini diqqətə çatdırıb. O bildirib ki, İsmayıllı gəncləri də dövlət-gənclər siyasətinin həyata keçirilməsində Cənab Prezident İlham Əliyevin sərəncam, tapşırıq və tövsiyələrinin icrasında fəal mövqe tuturlar.
YAP İsmayıllı rayon təşkilatının sədr müavini, rayon gənclər və idman idarəsinin rəisi Taleh Salehov çıxışında bildirib ki, İsmayıllı gənclərini Ulu Öndərin şərəfli adı ilə bağlı olan bu tarixi gün, bayram münasibətilə təbrik edib. İsmayıllı gəncləri dövlət-gənclər siyasətinə sadiq olaraq, uğurlar əldə ediblər: «Onlar sosial-iqtisadi inkişafda fəallıqlarını artıraraq, təhsildə, informasiya texnologiyalarına yiyələnməkdə, peşə öyrənməkdə, hərbi- vətənpərvərlik tərbiyəsində, intellektual inkişafda, milli-mənəvi dəyərlərin qorunması və zənginləşdirilməsində ardıcıl olaraq nailiyyətlər qazanırlar.»
Daha sonra əməkdar müəllim, təhsil veteranı Şəfaqət Rəsulov, YAP rayon təşkilatı gənclər birliyinin sədri Qönçə Ağazadə, gənc fəallardan olan Tacəddin İbadov, gənc müəllim Aytac Ziyadxanlı çıxış edərək, gəncləri təbrik edib, Azərbaycan həyatının daha da zənginləşməsində uğurlar arzulayıb.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova dövlət-gənclər siyasətinin həyata keçirilməsində fəal iştirak edən bir qrup gəncə Fəxri Fərman və hədiyyələr, YAP-ın sıralarına yeni daxil olmuş bir neçə gəncə üzvlük vəsiqəsi təqdim edib.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə