"Azərbaycanda 20-dən çox qəzetə maliyyə yardımının dayandırılacağı barədə məlumatların heç bir əsası yoxdur". Bu fikirləri SİA-ya açıqlamasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib.
O bildirib ki, məsələlərə obyektiv yanaşmalıyıq: "Dünyanın hər bir yerində yazılı mətbuatın zəifləməsi, bunların əvəzinə onlayn, internet üzərindən yayılan çap mediası, xəbər portallarının daha çox mövqe qazanması sirr deyil və faktdır. Bütün dünyada ictimai fikir internet üzərindən yayımlanan media vasitəsilə həyata keçirilir və yazılı mətbuatı üstələyir".
MŞ sədri söyləyib ki, dünyanın ən aparıcı qəzetlərinin belə tirajları getdikcə azalır və onlar internet versiyalarını üstünlük verirlər: "Hətta fəaliyyətlərini birdəfəlik bağlayan qəzetlərə də az rast gəlmirik və onlar öz fəaliyyətlərini onlayn mediada gücləndirirlər".
Azərbaycanda da ictimai fikrin əsasən onlayn media da yayıldığını deyən Ə.Amaşov qeyd edib ki, artıq son 10 ilə yaxın müddətdə KİV-lərə dövlət tərəfindən maliyyə yardımı göstərilir: "Kimlər ki, bu maliyyədən istifadə edib, öz tirajlarının saxlaya və ya artıra bilir, həmin redaksiyalar öz fəaliyyətlərini bundan sonra da davam etdirəcəklər. Son iclasda istər çap, istərsə də abunə və yayımın sayı ilə bağlı konkret rəqəmlərlə əlaqədar qərar qəbul olundu. Hansı KİV-lər bu prinsiplərə əməl edə, öhdəlikləri yerinə yetirə biləcəksə, onlar yenə də fəaliyyətlərini davam etdirəcəklər. Hansı qəzetlər bu öhdəlikləri yerinə yetirməkdə çətinlik çəkəcək onlar öz istəklərinə əsasən, fəaliyyətlərini davam etdirə və ya dayandıra bilərlər".
Deputat qeyd edib ki, əgər söhbət dövlət yardımından gedirsə, o zaman biz ölkədəki informasiyaları həm dünya, həm də yerli ictimaiyyətə daha ətraflı şəkildə çatdırılmasını istəyirik: "Bu baxımdan öhdəliklərini yerinə yetirməyən, az tirajlı, satılmayan qəzetlərə maliyyənin azaldılması və ya dayandırılması daha düzgündür. Bundan incimək lazım deyil. Hesab edirəm ki, həmkarlarımız bu məsələyə anlayışlı şəkildə yanaşacaqlar. Öhdəlikləri ödəməyən qəzetlər fəaliyyətlərini onlayn şəkildə qura biləcəklər. Bütün bunlar təbiidir. Azərbaycan mediası dünya mediasının tərkib hissəsidir. Dünyada mediasında baş verənlərin ölkə mediasına da şamil olunması təbiidir. Hər kəsi bunu təbii qarşılamağa dəvət edirəm".
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB