Gəncə şəhər sakini olan ana Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovaya ərizə ilə müraciət edərək, oğlunun 6 yanvar 2011-ci il tarixdə polis əməkdaşları tərəfindən tutulduğunu və Tovuz Rayon Polis Şöbəsində (RPŞ) saxlanıldığını bildirib. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, o, oğlunun tutulmasının səbəblərini öyrənmək, onunla görüşmək istədiyini bildirsə də, həmin RPŞ-dən ona heç bir məlumatın verilmədiyini vurğulamış, bu məsələnin aydınlaşdırılmasında Ombudsmanın kömək göstərilməsini xahiş edib.
Müvəkkilin tapşırığına əsasən, Ombudsmanın Gəncə Regional Mərkəzinin əməkdaşları 10 yanvar 2011-ci il tarixdə Tovuz RPŞ-yə baş çəkmiş və məsələni araşdırıblar.
RPŞ-nin müvəqqəti saxlama təcridxanasında (MST) müvafiq sənədlərlə tanışlıq zamanı müəyyən edilib ki, ərizəçinin oğlu polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığı üçün barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 310.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş və Tovuz Rayon Məhkəməsinin 6 yanvar 2011-ci il tarixli qərarına əsasən, o, həmin maddə ilə təqsirli bilinərək yeddi gün müddətinə inzibati qaydada həbs edilib.
Ombudsmanın nümayəndələri MST-də onunla görüşərək təkbətək söhbət aparıblar. Həmin saxlanılan şəxs inzibati xəta törətdiyini etiraf etmiş, MST əməkdaşları tərəfindən ona qarşı hər hansı zorakılıq hərəkətlərinə yol verilmədiyini, qida ilə təmin edildiyini söyləmiş, valideynlərinin onun tutulmasından xəbərdar olduqlarını, lakin görüşə bilmədiklərini vurğulayıb.
Gəncə Regional Mərkəzinin əməkdaşları Tovuz Rayon Məhkəməsinin adı çəkilən qərarının surətini götürmüş, ərizəçiyə onun oğlunun tutulmasının səbəbləri barədə məlumat veriblər. Tovuz RPŞ MST-nin rəhbərliyinə Ombudsmanın nümayəndələri tərəfindən irad tutulduqdan sonra ərizəçinin öz oğlu ilə görüşü baş tutub. Ana göstərdiyi köməyə görə İnsan Hüquqları üzrə Müvəkkilə təşəkkürünü bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB