Prezidentin şəhid ailələrinə diqqət və qayğısı davamlı xarakter alıb ŞƏRHLƏR

Prezidentin şəhid ailələrinə diqqət və qayğısı davamlı xarakter alıb ŞƏRHLƏR

Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ölkəmizdə dövlət başçısı tərəfindən həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindəndir. Prezident İlham Əliyevin əhalinin sosial problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərməsi digər sosial qruplar kimi, əlillərin və şəhid ailələrinin də həyat şəraitinin yaxşılaşmasına, onların ictimai hüquqlarının bərpa olunmasına şərait yaradıb. Bununla bağlı ölkə ictimaiyyəti, eləcə də tanınmış ictimai-siyasi xadimlər, millət vəkilləri fikirlərini bizimlə bölüşməkdə davam edirlər.

Millət vəkili Tahir Süleymanov: “Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman və sərəncamlar çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir”

“Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlilərinə dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir”. Bu fikirləri SİA-ya millət vəkili Tahir Süleymanov, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında imzaladığı Fərmanı şərh edərkən deyib.

Deputat bildirib ki, Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğı bütün cəmiyyətimiz, o cümlədən müharibə əlilləri və şəhid ailələri tərəfindən məmnunluqla qarşılanır. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.

“Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman və sərəncamlar çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir”, deyə vurğulayan Tahir Süleymanov əlavə edib ki, bundan başqa, müharibə əlilləri, veteranları və şəhid ailələrinə göstərilən qayğı nümunəvi xarakter daşıyır: “Müharibə əlilləri, veteranları və şəhid ailələrinin sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da çox müsbət haldır. Bu siyasət davamlı xarakter daşıyır”

Millət vəkili belə bir nümunənin digər ölkələrdə olmadığını da xatırladaraq, ümumilikdə müasir və müstəqil Azərbaycan dövlətinin atdığı sözügedən addımlarının dünyaya yeni model olaraq təqdim edildiyini vurğulayıb: “Söz yox ki, bu model həm də Cənab İlham Əliyevin yürütdüyü uğurlu sosial siyasətin məntiqi nəticəsidir. Çünki o, bütün çıxışlarında Azərbaycan dövlətinin əsas siyasi istiqamətlərindən birinin məhz sosial siyasət olduğunu qeyd edir və bu reallıq özünü davamlı şəkildə isbatlayır. Hesab edirəm ki, şəhid ailələrinin hər birinə şamil edilən birdəfəlik təqaüdün, habelə əlavə 35 milyon manatın ayrılması, eləcə də sonun Fərman bizlərin hər birində qürur, fərəh hissləri yaradır”.

“Prezident İlham Əliyevin şəhid ailələri ilə bağlı imzaladığı yeni Fərmana əsasən isə daha çox şəhid ailəsi birdəfəlik müavinət alacaq ki, bu da şəhidin hansı statusda xidmətə çağırıldığı və hansı şəraitdə öz həyatını Vətən üçün fəda etməsindən asılı olmayaraq hər birinin Azərbaycan dövləti və xalqı üçün son dərəcə dəyərli olmasının sübutudur”, deyə Tahir Süleymanov vurğulayıb.

YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva: “Bu, ölkəmizdə şəhid ailələri də daxil olmaqla, vətəndaşların sosial rifahının daim diqqət mərkəzində olduğunun göstəricisidir”

“Ölkəmizin başçısı cənab İlham Əliyevin şəhid ailələrinə göstərdiyi qayığısının bariz nümunəsi Onun imzaladığı Sərəncam və Fərmanlarında kifayət qədər əks olunub və bu reallıq sözü yox ki, hər bir azərbaycanlını sevindirir”. Bu fikirləri isə, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva qeyd edib. “Torpaqlarımız uğrunda canlarından keçmiş oğul və qızlarımızın hər birinin ailələri bu diqqətə layiqdirlər”, deyə qeyd edən Mehriban Abasquliyeva həmçinin bildirib ki, Prezident İlham Əliyev şəhid ailələrinə, şəhidlərimizin varislərinə davamlı olaraq öz tükənməz qayğılarını göstərir və bu örnək addımlar əlbəttə ki, hər birimizi sevindirir: “Təkcə, Cənab İlham Əliyevin Prezident Administrasiyasında şəhidlərimiz ailələri ilə keçirdiyi görüşü xatırlasaq, biz Onun nə qədər böyük ürəyə sahib olduğunu vurğulaya bilərik. Yəni, bu görüşün özü də bir daha göstərdi ki, Prezident İlham Əliyev şəhid ailələrinə nə qədər böyük qayğı, hörmət və ehtiram göstərir. Həmçinin, bu görüşün sosial-siyasi əhəmiyyəti ilə yanaşı milli-mənəvi, vətənpərvərlik baxımından da çox böyük əhəmiyyəti var, eləcə də, Onun “Azərbaycan xalqına xidmət etmək mənim üçün böyük şərəfdir. Prezident kimi həmişə çalışmışam ki, xalqıma ləyaqətlə xidmət edim, Azərbaycanın hərtərəfli inkişafına təkan verim” kəlamı qeyd edilən bütün fikirləri sübuta yetirir. Bu, ölkəmizdə şəhid ailələri də daxil olmaqla, vətəndaşların sosial rifahının daim diqqət mərkəzində olduğunun göstəricisidir”.

YAP Sabunçu rayon təşkilatının sədri eyni zamanda bildirib ki, Prezident İlham Əliyevin diqqəti daim şəhid ailələrinin, müharibə veteranlarının və onların ailələrinin üzərində olub: “Hər şeydən öncə məhz xalqımızın qürur yeri olan bu ailələrin problemlərinin həlli əsas sosial prioritet kimi müəyyənləşdirilib. Təsadüfi deyil ki, bu vaxta qədər belə vətəndaşlara 6654 mənzil, 6144 avtomobil, o cümlədən ötən il isə 626 mənzil verilib. Bu il həmin vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə tutulur. Şəhid ailələrinə və müharibə əlillərinə, Milli qəhrəmanlara verilən Prezident təqaüdünün də məbləği ötən dövrdə mütəmadi artırılıb, bu qəbildən olan insanların uşaqlarına aylıq sosial müavinətin verilməsi təmin olunub. Bununla da şəhid ailələrinin sosial müdafiəsi ildən-ilə yaxşılaşıb, dövlətimizin başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimaiyyət tərəfindən hər zaman böyük rəğbət və məmnunluqla qarşılanıb”.

YAP Səbail rayon təşkilatının sədrinin birinci müavini Muxtar Nağıyev: “Dövlət qayğısına ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənirlər”

“Bu gün bütün dünya şahididir ki, müasir, müstəqil Azərbaycan sosial dövlətdir və aparılan siyasətin əsas tərkib hissəsində xalqın sosial təminatı reallığı dayanmaqdadır”. Sözügedən fikirləri Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədrinin birinci müavini Muxtar Nağıyev mövzuya münasibətini açıqlayarkən deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır: “Dövlət başçısının müəyyənləşdirdiyi bu strateji kursa uyğun olaraq reallaşdırılan məqsədyönlü dövlət siyasəti ona istiqamətləndirilib ki, ölkənin dinamik iqtisadi inkişafından əhalinin bütün təbəqələri, ələlxüsus da xüsusi qayğıya ehtiyacı olan insanlar bəhrələnə bilsinlər. Azərbaycanda cəmiyyətin ayrı-ayrı təbəqələri arasında ədalətli resurs bölgüsünü təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirilir və beləliklə, dövlət qayğısına ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənirlər”.

Muxtar Nağıyev həmçinin bildirib ki, Azərbaycanda istər hərbi qulluqçuların, istər şəhid ailələrinin və müharibə əlillərinin etibarlı sosial müdafiəsinin təmin edilməsi baxımından dövlət başçısı tərəfindən imzalanan Fərman və Sərəncamlar vurğulanan faktların hər birində kifayət qədər ehtiva olunmaqdadır: “Son illərdə Prezident İlham Əliyevin məqsədyönlü siyasətinə uyğun olaraq hərbi sahəyə ayrılan xərclərin əhəmiyyətli dərəcədə artırılması ölkənin müdafiə potensialının gücləndirilməsi ilə yanaşı, Silahlı Qüvvələrdə xidmət edən hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsinə, mənzil-məişət problemlərinin həll olunmasına, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsinə daha geniş şərait yaradıb. Dövlət başçısının əlavə 35 milyon manat ayırması, eləcə də digər qərarları deyilənləri sübut edir. Son 15 ildə Prezident İlham Əliyev Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə, o cümlədən onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına yönələn bir neçə Fərman və Sərəncam imzalayıb”.

“Son 20 il ərzində ölkəmizdə şəhid ailələrinə, müharibə əlillərinə 5500-dən çox fərdi ev və mənzil, altı mindən çox minik maşını verilib ki, bu da dövlətin müvafiq kateqoriyadan olan insanlara qayğısının təzahürüdür. Bu siyasət eyni ardıcıllıqla bu gün də davam etdirilir”, Muxtar Nağıyev qeyd edib.

YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov: “Şəhid ailələrinin problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir”

“Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə dövlət başçısı İlham Əliyev tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir, onların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir”. Bu sözləri Yeni Azərbaycan Partiyasının Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov bildirib. Onun sözlərinə görə, ölkəmizdə şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır: “Ötən dövrdə bu kateqoriyalardan olan vətəndaşlara 6654 mənzil, o cümlədən, 2018-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil verilib. 2019-cu ildə isə həmin vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə tutulur”.

YAP Şabran rayon təşkilatının sədri həmçinin qeyd edib ki, Prezident İlham Əliyev Cənablarının mühüm sosial əhəmiyyət kəsb edən və şəhid ailələrinə böyük diqqət və qayğının növbəti təcəssümü olan Fərman və Sərəncamları birdəfəlik ödəmə veriləcək şəhid ailələrinin əhatə dairəsini daha da genişləndirib, habelə, təqaüdlərin artırılması, eləcə də, əlavə 35 milyon manatın ayrılması qeyd edilən fikirlərdə öz təsdiqini tapmaqdadır: “Dövlət başçısının növbəti humanist təşəbbüsü ilə əlavə olaraq 2264 şəhid hərbi qulluqçu və 461 şəhid polisimizin vərəsələrinə də birdəfəlik ödəmə veriləcək. Yeni fərmanla birdəfəlik ödəmələr artıq 12 268 şəhidin vərəsələrini əhatə edir və ödəniləcək vəsaitin həcmi 135 milyon manata çatır”.

Mehdi Balabəyov son olaraq qeyd edib ki, Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə dövlətimizin rəhbərliyi tərəfindən xüsusi diqqət və qayğı göstərilməsi bundan sonra da davam etdiriləcək. Belə ki, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir və hər bir azərbaycanlı, ölkə vətəndaşı bu addımlardan qürur, fərəh hissləri keçirir.

Rəfiqə KAMALQIZI

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə