YAP Şahbuz Rayon Təşkilatının şura iclası keçirilib

YAP Şahbuz Rayon Təşkilatının şura iclası keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Şahbuz Rayon Təşkilatı fəaliyyətə başladığı gündən rayonun ictimai-siyasi həyatında yaxından iştirak edib, sakinlərin ideya-siyasi cəhətdən maarifləndirilməsi üçün üzərinə düşən vəzifələri yerinə yetirməyə çalışıb. Xəbər verilir ki, bu fikirlər YAP Şahbuz Rayon Təşkilatında keçirilən şura iclasında səsləndirilib.

İclasda çıxış edən təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Rizvan Məmmədov qeyd edib ki, ötən il ölkəmizin ictimai-siyasi həyatında zəngin hadisələrlə yaddaşlarda qaldı. 2018-ci il fevralın 8-də Yeni Azərbaycan Partiyasının VI qurultayında partiyanın Sədri İlham Əliyevin Azərbaycan Respublikasının prezidentliyinə namizədliyinin yekdilliklə irəli sürülməsi, aprelin 11-də keçirilən prezident seçkilərində isə növbəti dəfə dövlət başçısı seçilməsi YAP-ın böyük siyasi qələbəsi oldu.

“Rayon partiya təşkilatı 45 ərazi ilk partiya təşkilatında 3639 nəfər partiya üzvünü birləşdirir. Onların 1460-ı qadın, 1749-u gənclərdir. Partiya sıralarına qəbulda keyfiyyət göstəricilərinə daha çox diqqət yetirilib, gənclərin, qadınların, ali təhsilli mütəxəssislərin partiya sıralarına daxil olmasına üstünlük verilib”, - deyən Rizvan Məmmədov qeyd edib ki, 2018-ci ildə partiya fəallarının iştirakı ilə tarixi və əlamətdar günlərlə bağlı tədbirlər keçirilib. Burada əsas diqqət rayon ictimaiyyəti arasında aparılan siyasi-ideoloji işin daha da genişləndirilməsinə yönəldilib.

Vurğulanıb ki, ötən il gənclərin təhsili, fiziki-hərbi vətənpərvərlik tərbiyəsi, onlara milli-mənəvi və əxlaqi keyfiyyətlərin aşılanması, ümumilikdə, gənclərin hərtərəfli inkişafı məqsədilə müvafiq təşkilatlarla birgə müxtəlif idman yarışları, müsabiqələr keçirilib.

Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı, şura üzvü Rəfael Babayev çıxışında rayon təşkilatının 2019-cu ildə də vətənpərvər gənclərin partiya sıralarına qəbuluna ciddi nəzarət edəcəyinə, ərazi təşkilatlarının daha keyfiyyətli kadrlar hesabına formalaşmasının təmin olunacağına əminliyini bildirib.

Sonra təşkilatın Gənclər Birliyinin sədri Vüqar Muradov, Qadınlar Şurasının üzvü Gülnar Əlizadə, Gənclər Birliyinin üzvü Aytac Eylazova çıxış ediblər.

Sonda təşkilatın 2019-cu il üçün iş planı təsdiq olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə