"Paşinyan Sarkisyanın taleyini yaşamaq istəmirsə..." AÇIQLAMA-ÖZƏL

"Paşinyan Sarkisyanın taleyini yaşamaq istəmirsə..." AÇIQLAMA-ÖZƏL

“Bir reallıq qəbul olunmalıdır ki, Dağlıq Qarabağ münaqişənin həlli üçün Ermənistana mütləq şəkildə təzyiq olunmalıdır. Həmsədrlər ilk olaraq öz funksiyalarını yerinə yetirməlidirlər”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O bildirib ki, əgər erməni tərəfi beynəlxalq hüquq normalarına əməl etmirsə, təzyiq edilməli, sanksiyalar tətbiq olunmalıdır.

Yanvarın 16-da Fransada Azərbaycan və Ermənistan XİN başçılarının görüşünə toxunan deputat söyləyib ki, görüşdən sonra həmsədr tərəfindən verilən bəyanat müsbət məqamlardan xəbər verir.

E.Məmmədov qeyd edib ki, həmsədrlərin əsas vəzifəsi münaqişənin beynəlxalq hüquq normaların uyğun olaraq həll olunmasıdır: “Hesab edirəm ki, əgər Ermənistan konstruktiv mövqe tutarsa və həmsədrlər öz üzərilərinə düşən vəzifəni yerinə yetirərsə, münaqişənin diplomatik yolla həlli prosesində irəliləyiş baş verə bilər”.

Deputatın sözlərinə görə, artıq danışıqların nəticə verməsinin zamanı çatıb: “Düzdür əvvəlki illərdə də biz danışıqlar prosesinin xeyli fəallaşdığını, sonradan isə Sarkisyan rejiminin qeyri-konstruktivliyi nəticəsində prosesin pozulduğunu müşahidə etmişik. Sarkisyan rejimin aqibətini hər kəs müşahidə etdi. Artıq bu rejim yoxdur və Ermənistanda yeni hakimiyyət formalaşıb. Əgər Paşinyan da Sarkisyanın taleyini yaşamaq istəmirsə, o zaman işğalçılıq siyasətindən əl çəkib, problemin həllində müsbət mövqe ortaya qoymalıdır”.

XİN başçılarının fevral ayında keçirilməsi planlaşdırılan görüşünə gəlincə, deputat əlavə edib ki, bu Ermənistana verilən son şansdır və düşmən ölkə bu müddətdə yaxşı düşünməli və düzgün nəticə çıxararaq görüşə gəlməlidir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə