Avropa Parlamentindən riyakar yanaşma

Müstəqil siyasət yürüdən Azərbaycana təzyiq göstərilməsi qəbuledilməz və qeyri-mümkündür

Azərbaycan demokratik prinsipləri rəhbər tutaraq, inkişaf edən hüquq dövlətidir. Ölkə konstitusiyasından irəli gələrək, ayrı-ayrı qanunlarda vətəndaşların hər bir hüquq və azadlığı əksini tapıb. Hər bir mütərəqqi və demokratik ölkədə olduğu kimi, Azərbaycanda da hüquq prinsipləri ziddiyyət təşkil etmir. İstər siyasi, istər iqtisadi, istərsə də sosial, idman, mədəniyyət və digər sahələrdə qazanılan nailiyyətlər respublikamızın regional və beynəlxalq nüfuzunun artmasına, dünyada daha yaxından tanınmasına böyük töhfələr verməkdədir.

Azərbaycanın qazandığı saysız-hesabsız nailiyyətlər, dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxması, müstəqil xarici siyasət yeritməsi, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, beynəlxalq tədbirlər mərkəzinə çevrilməsi, ölkədə geniş islahatların həyata keçirilməsi, qanunun aliliyinin təmin edilməsi, xalqın sosial rifahının yaxşılaşması və digər uğurlar ölkəmizin müstəqilliyinin möhkəmlənməsini istəməyən antiazərbaycançı dairələri ciddi narahat edir. Bu tendensiya, xüsusən, Avropa Parlamentinin fəaliyyətində daha yaxından hiss olunur. Bu günlərdə Avropa Parlamenti tərəfindən M.Hüseynovla bağlı qətnamə adlandırılan sənədin qəbul edilməsi isə bu qurumun Azərbaycana qarşı qərəzli mövqeyini növbəti dəfə ortaya qoydu. Demokratiya, ədalət və insan hüquqlarını mühüm universal dəyərlər kimi qəbul edən Avropa Parlamenti nə Azərbaycanın 20 ildən artıq müddətdə işğal altında qalan əraziləri ilə bağlı, nə də bütün hüquqları pozulmuş 1 milyona yaxın qaçqın və məcburi köçkün barədə, bir dəfə də olsun, beynəlxalq hüquqa uyğun, ədalətli mövqe bildirməyib və bəyanat verməyib. Əvvəlki dövrlərdə də biz AP-nin Azərbaycana münasibətdə qeyri-obyektiv münasibətinin şahidi olmuşuq. Antiazərbaycançı şəbəkənin və erməni lobbisinin əlində oyuncağa çevrilən AP əvvəllər də Azərbaycana qarşı bu səpkili "sənədlər" qəbul edib.

Uydurma faktlar əsasında hazırlanan bu qətnamənin Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur

Budəfəki Mehman Hüseynovla bağlı təcili "qətnamə"nin həmmüəlliflərindən olan "kataklizmlər müəllifi" kimi tanınan Corc Sorosun təsiri altında idarə olunan xanım Harms yalan, şər və böhtanlı, qərəzli bir qətnaməni AP-də qəbul etdirdi. Bu da, bir həqiqətdtir ki, avropalılar heç vaxt etibarlı olmurlar, onlar üçün öz şəxsi mənafeləri ən öndə duran amildir. Və bu sənəd də həbsdə olan bloger M.Hüseynova canyananlıqdan ortaya çıxmayıb. İstər Soros olsun, istər Harms olsun, istərsə də onun kimi idarə olunanlar M.Hüseynov amilindən istifadə etməklə məsələni qəsdən şişirdərək, Azərbaycana qarşı planlaşdırılan məkrli ssenari qurmuşdular. Yenə də, əvvəlki planları kimi, bu istəkləri də baş tutmadı.

Ancaq bəlli olub ki, keçirilən təcili dinləmələrlə bağlı AP tərəfindən nə Milli Məclisə, nə Xarici İşlər Nazirliyinə, nə də Azərbaycanın Brüsseldəki Səfirliyinə hər hansı müraciət daxil olmayıb. Millət vəkili Bəxtiyar Əliyevin sözlərinə görə, Avropanın özündə insan haqlarının pozulması ilə bağlı ciddi problemlər mövcuddur. Bu qətnamə layihəsini hazırlayanların Azərbaycan reallıqlarından xəbəri yoxdur. Avropa Parlamentində Azərbaycana qarşı belə bir addım atılmasının təəssüf doğurduğunu və bu sənədin yoxlanılıb təsdiqlənməmiş məlumatlar, uydurma faktlar əsasında hazırlandığını vurğulayıb: "Hesab edirəm ki, Avropa Parlamentinin özünün avropalaşmasına çox böyük ehtiyac var. Azərbaycan suveren dövlətdir və öz daxili məsələləri ilə bağlı müstəqil qərarlar qəbul edir. Verilən qərar Avropa Parlamentinin statusuna uyğun deyil və hüquqi anlayışdan uzaqdır. Bu gün Azərbaycanda ictimai-siyasi sabitlik, təhlükəsizlik mühiti, inkişaf var. Bütün bunlar onun sayəsində baş verib ki, ölkəmizdə hakimiyyət-xalq birliyi var. Xalq öz Prezidentini müdafiə edir. Prezident də, həmin siyasi dairələrin diqtəsi ilə deyil, məhz xalqın mənafeyindən çıxış edən müstəqil bir siyasət həyata keçirir".

Asim Mollazadə: " Onlar bununla Azərbaycanın daxilində erməni azlığının yaşaya bilməyəcəyini, resjimin pis olduğunu göstərməyə çalışırlar"

Milli Məclisin deputatı Asim Mollazadə sözügedən məsələyə münasibət bildirərək vurğulayıb ki, Avropa Parlamentində anti-Azərbayan qətnaməsinin qəbul edilməsi ilk hadisə deyil: "Avropa Şurasında da biz dəfələrlə erməni diasporu ilə bağlı bəzi qüvvələrin hər bir fürsətdən istifadə edərək, ölkəmizə qarşı müxtəlif hücumlar həyata keçirdiyini görmüşük". Millət vəkili, onu da bildirib ki, bu, onu göstərir ki, onlar hər hansısa bir məsələni öyrənməmiş, onun mahiyyətini dərk etməmiş bu cür qərəzli "qətnamələr" qəbul edirlər: "Bütün bunlar göstərir ki, Azərbaycan Avropa İttifaqı ilə konstruktiv danışıqlar aparmaq cəhdini ortaya qoyan kimi, ölkəmizi istəməyən qüvvələr bu cür ikili standartlara əsaslanan, qərəzli "qətnamələr" qəbul edirlər".

Beləliklə, şübhəsiz ki, bu məsələdə Avropa Parlamentinin dəyirmanına su tökənlərin kim olduğu heç kəsə sirr deyil. AP qətnaməsinin heç bir qüvvəsi yoxdur və zaman-zaman bəzi qüvvələrin Azərbaycan əleyhinə bu kimi alətlərdən istifadə etdiklərinin şahidi olmuşuq. Lakin bu da, bir həqiqətdir ki, belə alətlərdən istifadə edən şəxslər elə M.Hüseynov kimilərinin taleyi üzərində öz məkrli planlarını reallaşdırmağa çalışırlar.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə