Ermənistan qaz tələsində TƏHLİL

Ermənistan qaz tələsində TƏHLİL

Ermənistan kimi səfalət içində olan dövlətin xırda bazarına görə İran Rusiya ilə münasibətləri korlamaz

Baş nazir Nikol Paşinyan hələ də təbii qazla bağlı vədlər verir və bunun haraya qədər davam edəcəyini özü də bilmir. Rusiya qazının qiymətinin bahalaşması qorxusu işğalçı dövləti elə silkələyib ki, alternativ yollar axtarışına çıxmaq məcburiyyəti yaranıb. İndi də İran qazının idxalı ilə bağlı müzakirələr dövriyyəyə buraxılıb ki, bu da yeni hakimiyyətin Ermənistanda kütlənin müvəqqəti də olsa sakitləşdirilməsinə xidmət edən hiyləgər siyasətidir.

“İran qazının idxalı məsələsi müzakirə olunub və həmişə müzakirə olunacaq, çünki konkret və əlverişli həll tapılmayıb” deyən Paşinyanın əslində bu mövzunu daha da uzatmaq niyyətində olduğu açıq-aşkar bəlli olur. Maraqlıdır, həmişə müzakirə olunacaq dedikdə nə nəzərdə tutulur? Müzakirələrin sonsuza qədər davam etməsi mümkün deyil və tərəflər ya razılığa gəlməlidir, ya da əksinə.

Ermənilərin qaza görə İrana üz tutmaq məcburiyyətində və möhtac qaldıqları günün reallığıdır

Təbii ki, baş nazirin dediyi kimi, əlverişli həll tapılmayıb və heç tapılacağına da ümidləri yoxdur. Əks halda ermənilərə çox optimist vədlər verilərdi. Nəzərə almaq lazımdır ki, yenicə hakimiyyəti zəbt etmiş küçə nümayişçisi üçün bu çox vacib bir məqamdır və o bundan məharətlə istifadə etməkdə çox maraqlıdır. Görünür, işğalçı dövlətin baş naziri özü də yaxşı bilir ki, qazla bağlı niyyəti utopiya olaraq qalır və bu mövzunun müzakirəsinin uzadılmasından başqa çarəsi olmadığını hamıdan yaxşı özü dərk edir.

İrandan tədarük edilən qazın həcminin artırılması yalnız Ermənistanın Rusiya ilə razılaşa bilməyəcəyi hal üçün alternativ olaraq nəzərdə tutulur. Əslində, hadisələrin gedişi Ermənistanı belə bir addıma sövq edir. Çünki, Paşinyan özü də etiraf edir ki, Rusiya qazının sərhəddə Ermənistan üçün dəyərinin yüksəlməsi səbəbindən rəsmi İrəvan qaz qiyməti probleminin uzunmüddətli həllini aramaq üçün Rusiya tərəfi ilə danışıqları sürdürəcək. Amma Rusiyanın qaza görə Ermənistana güzəştə gedəcəyi, daha aşağı qiymət irəli sürəcəyi ehtimalı azdır. Deməli, ermənilərin qaza görə İrana üz tutmaq məcburiyyətində və möhtac qaldıqları günün reallığıdır.

İşğalçı dövlət neft işracatçısı olan İranın neft bazarındakı qiymət dəyişkənliyi ilə, ucuzlaşma ilə əlaqədar qazın qiymətlərini aşağı salacağını güman edir

Məlumdur ki, Rusiya qazı sərhəddə 15 dollar bahalaşıb. Daha dəqiq desək, Rusiya qazının qiyməti indi 165 dollar civarındadır. Həmin bu bahalaşmanı və nəticədə qiyməti nəzərə alsaq görürük ki, Rusiya qazının qiyməti İran qazının dəyəri ilə bərabərləşib. Yəni hər ikisi də eyni dəyər həddindədir. Belə olan halda, yəni qiymət fərqi olmadığı təqdirdə Ermənistan İrandan qaz tədarükünə nəyə görə maraqlı ola bilər? Daha doğrusu, ermənilər İran qazını nəyə görə alternativ variant kimi görürlər və nəyə güman edirlər?

Ermənilər düşünürlər ki, İran tərəfi cari ildə, yəni 2019-cu ildə qaz tariflərinə yenidən baxacaq. Daha doğrusu İranın qaz tariflərini aşağı salacağına ümid edirlər. İşğalçı dövlət neft işracatçısı olan İranın neft bazarındakı qiymət dəyişkənliyi ilə, daha dəqiq desək, ucuzlaşma ilə əlaqədar qazın qiymətlərini aşağı salacağını güman edir. Güman edir ki, son altı ayda neft bazarında baş verən ucuzlaşma, neftin qiymətinin 85 dollardan 55 dollara düşməsi səbəbindən İran tərəfi qazın qiymətini ucuzlaşdıracaq.

İranı Rusiya ilə münasibətlər daha çox maraqlandırır, nəinki Ermənistan və bu münasibətlərə xələl gəlməsinə razılaşmaq fikrində ola bilməz

Məsələ burasındadır ki, Ermənistan tərəfi bu gümanında əməlli başlı yanılır və buna ümid etməkdə özü-özünü aldadır. Dəqiq desək, Paşinyan həm yerli əhalini, beləliklə, həm də özünü aldadır. Çünki, İran geopolitik nöqteyi nəzərdən tamamilə başqa bir mövqe sərgiləməkdə maraqlıdır. Əvvəla ona görə ki, İran və Rusiya Suriya məsələsində ümumi hərbi-siyasi alyansdadır və demək olar ki, eyni sanksiya klubunun üzvüdür. Hətta, energetika sektorunda olduqca böyük layihələrin gerçəkləşdirilməsinə də başlayıblar. Söhbət İran-Azərbaycan-Rusiya energetika dəhlizindən, eyni zamanda Rusiyanın İranda yeni “Buşer-2” atom elektrik stansiyasını inşa etməsindən gedir və bütün bunların fonunda İranın Ermənistana güzəşt edəcəyi heç ağılasığan deyil.
Digər tərəfdən, ermənilər nəzərə almalıdırlar ki, ötən ilin avqust ayında Rusiya-İran işbirliyinin dərinləşməsi istiqamətində əlavə platformaya çevrilən Xəzər konvensiyası imzalanıb və bu konvensiya Xəzər hövzəsinin resurslarından yararlanmaqda iki ölkə arasında olan bütün problemlərin həllinə xidmət edir. Bir sözlə, İranı Rusiya ilə münasibətlər daha çox maraqlandırır, nəinki Ermənistan və bu münasibətlərə xələl gəlməsinə razılaşmaq fikrində ola bilməz.

Bir sözlə, İran səfalət içində olan dövlətin xırda bazarında Rusiya təbii qazı ilə rəqabətə girmək niyyətində ola bilməz. Əks halda, bununla Rusiya ilə hazırda bütün yönlərdə çevik inkişaf edən münasibətlərinə xələl gətirəcəyini göz özünə almalıdır. Deməli, Ermənistan kimi səfalət içində olan dövlətin xırda bazarına görə İranın Rusiya ilə münasibətləri korlamağa hazır olduğu inandırıcı görünmür. Bunu Rusiya tərəfi də, İran tərəfi də çox yaxşı başa düşür və indi Ermənistanın sıxışdırılmış bir durumda olduğunun fərqindədirlər. Sözsüz ki, işğalçı dövlətin bu durumu özləri üçün heç də arzuolunan deyil və ermənilər də onun fərqindədirlər ki, təbii qaza görə onlar çox çətin duruma, bir növ tələyə düşüblər. Daha dəqiq desək indi Ermənistan qaz tələsindədir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə