Erməni millət vəkili bir daha Kosovo ilə Dağlıq Qarabağı müqayisə edib

Erməni millət vəkili bir daha Kosovo ilə Dağlıq Qarabağı müqayisə edib

"Kosovanın Haaqa Məhkəməsi tərəfindən tanınması Dağlıq Qarabağın beynəlxalq aləmdə tanınmasında erməni tərəfinin ən güclü kartıdır". SİA-nın "news.am" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri erməni millət vəkili, Ermənistanın AŞ PA-dakı nümayəndə heyətinin və "Çiçəklənən Ermənistan" Partiyasının üzvü Naira Zöhrabyan deyib.

 

Onun fikrincə, Kosovonun birtərəfli qaydada müstəqilliyinin elanı beynəlxalq hüququn pozulması deyildi: "Bu faktdan Dağlıq Qarabağın beynəlxalq tanınmasında Ermənistan istifadə edə bilər. Beynəlxalq hüquqi normalar ordan-burdan götürməklə tətbiq edilə bilməz".

 

Ermənistanla danışıqlara başlamaqla Türkiyənin beynəlxalq ictimaiyyətin etibarını qazanmaq istədiyini deyən N.Zöhrabyan bildirib ki, super dövlətlərin bu məsələdə mövqeyi prosesi çıxılmaz hala gətirib. O, vurğulayıb ki, Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyinə baxmayaraq, "erməni soyqırımı"nın beynəlxalq aləmdə tanınması rəsmi İrəvanın xarici siyasətinin gündəliyindədir.

 

Erməni millət vəkili ölkəsindəki sosial problemlərdən və demokratiyanın vəziyyətindən də gileylənib: "Arzum odur ki, 2011-ci il parlament və 2013-cü il prezident seçkiləri ili böyük siyasi iradənin nümayişi illəri olsun. Əgər biz bu seçkilərdə uğursuzluğa düçar olacayıqsa, ciddi problemlərlə rastlaşacağıq. Biz böyük rüşvətxorluğa və korrupsiyaya malikik. Deyə bilmirik ki, biz onlarla mübarizədə böyük irəliləyişə nail olmuşuq".

Bütün xəbərlər Facebook səhifəmizdə