Hadı Rəcəbli: “Ölkədə kasıblıq həddi 12 faizdən aşağı düşüb” – AÇIQLAMA

Hadı Rəcəbli: “Ölkədə kasıblıq həddi 12 faizdən aşağı düşüb” – AÇIQLAMA
"2010-cu ildə atılan ən uğurlu addımlardan biri Azərbaycanda demokratik parlament seçkisinin keçirilməsi olub. Bu seçki ölkəmizdə siyasi mədəniyyətin yüksəlməsindən xəbər verdi". Bu sözləri SİA-ya Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli açıqlamasında deyib. O bildirib ki, bəziləri seçkini qəbul etmək istəməsələr də, həqiqət ondan ibarətdir ki, cəmiyyət parlamentdə siyasətçi, ağlı üstündə olan birini görmək istəyir. Onun sözlərinə görə, parlamentin bugünki tərkibi Azərbaycan xalqını bütün təbəqələrini özündə ehtiva edir.

Açıqlaması zamanı ötən il əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlər haqqında da məlumat verən millət vəkili deyib ki, ötən il bu sahədə əldə olunan uğurlardan biri ölkədə kasıblıq həddinin 12 faizdən aşağı düşməsidir. H.Rəcəbli söyləyib ki, ötən il ərzində ölkə əhalisinin sosial durumu xeyli yaxşılaşıb, əmək haqları 12 faiz artıb, inflyasiya 5.7 faizə çatıb. Son 4 ildə ölkədə minimum pensiya həddinin 4 dəfə artdığını dilə gətirən komitə sədri vurğulayıb ki, ümumi pensiyaların həcmi 115 manata çatdırılıb.

"Bundan əlavə ötən il müddətində pensiya ödənməsində yeni mexanizmlər həyata keçirilib. Hazırda pensiyaya çıxan insanlar staja görə pensiya haqqı ala bilirlər. Bu hardasa minimum 170 manata gəlib çıxa bilir. Ötən il həmçinin böyük vətən müharibəsi iştirakçılarına birdəfəlik 30 manat müavinət verilib. Azərbaycanda ötən il 45 səhiyyə, 170 məktəb, 14 sosial reabilitasiya mərkəzləri tikilib. Son 2-3 il ərzində Qarabağ əlillərinə 2900 maşın verilib, təxminən 3900-ə qədər ev tikilib", - deyə millət vəkili qeyd edib.

Ölkədə həyata keçirilən bütün işlərin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldiyini dilə gətirən H.Rəcəblinin fikrincə, ötən ilin sonunda Bakıya su kəmərinin çəkilməsi mühüm addımlardandır.

Onun sözlərinə görə, ölkədə avtomobil yollarının infrostrukturunun, ekologiyanın yaxşılaşdırılması, təbiətin qorunması və digər bu kmi işlər dolayı yolla xalqa qayğıdır: "Digər sosial işlər ondan ibarətdir ki, dövlət başçısı tərəfindən ölkədə xəstləkilərin qarşısının alımasına dair sağlamlıq kompleksləri tikilir, su təmizləyici qurğular qurulub. Bütün bunlar hamısı insanların güzəranının yaxşılaşdırılmasına xidmət edir".

Bütün xəbərlər Facebook səhifəmizdə