“Türkiyənin Suriyada sülhü yenidən təsis etməsi üçün planı var" ŞƏRH
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amerikanın “New York Times” qəzeti üçün qələmə aldığı məqalədə, Suriya üçün təhlükə olan İŞİD-in məğlub edildiyini, lakin bundan sonra da ölkədə sabitliyi təmin etmək üçün plana ehtiyacın olduğunu yazıb. Ərdoğan yazıda Türkiyənin bu öhdəliyi beynəlxalq ictimaiyyətin dəstəyi ilə üstlənməyə hazır olduğunu vurğulayıb.
SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, dövlət başçısı Türkiyənin Suriyada sülhün yenidən təsisi üçün bir planı var” başlıqlı məqalədə Universal strategiya ilə Suriyada davamlı sülh və sabitliyi Türkiyənin rəhbərliyi ilə təmin etməyin mümkün olduğunu açıqlayıb: “ABŞ prezidenti Donald Tramp qoşunlarını Suriyadan geri çəkilməklə doğru qərarı verdi. Ancaq çəkilmə diqqətlə planlaşdırılmalı, ABŞ-ın, beynəlxalq ictimaiyyətin və Suriya xalqının maraqlarını qorumaq adına doğru ortaqlarla əməkdaşlıq edilməlidir”.
Türkiyə prezidenti məqalədə qeyd edib ki, Türkiyə 2016-cı ildə Suriyadakı sözdə İslam Dövləti (İŞİD) ilə mübarizə üçün ordusunu əraziyə göndərən ilk ölkə oldu: “Hərbi əməliyyatımız qurumun NATO sərhədləri ilə əlaqəsini kəsdi və Türkiyə ilə Avropada terror hücumlarının təşkilinə mane oldu. Raqqa və Mosuldakı hava hücumları müqayisədə, ordumuz tərəfindən həyata keçirilən hərbi əməliyyatda ya çox az vətəndaş öldü, ya da heç ölmədi. Türk və Azad Suriya ordusunun əsgərləri İŞİD-in köhnə qalalarından olan “Əl-Bab”da qapı-qapı dolaşaraq üsyançıları axtardı”.
“Türkiyə, Suriyada İŞİD və digər terror qruplaşmalarını məğlub etməkdə qərarlıdır”
Ərdoğan həmçinin bildirib ki, Suriyada kəndlərin infrastrukturuna zərər verməyən yanaşma sayəsində həyat bir neçə gün ərzində normallaşıb: “Bu gün, uşaqlar məktəbə gedə bilir, Türkiyənin maliyyə dəstəyi göstərdiyi xəstəxanalarda xəstələr müalicə olunur, yeni iş layihələri məşğuliyyət yaradır və lokal iqtisadiyyat canlanır. Bu sabit mühit terrorun tək əlacıdır”.
Türkiyənin Suriyada İŞİD və digər terror qruplaşmalarını məğlub etməkdə qərarlı olduğunu açıqlayan dövlət başçısı qeyd edib ki, çünki Türk xalqı şiddətli ekstremizm ilə çoxdan tanışdır: “2013-cü ildə Prezident olarkən “Əl-Qaidə” tərəfindən Türkiyədə təşkil olunan koordinasiyalı hücumlarda onlarla şəxsi öldürülmüşdü. Daha qısa zamanda da, sözdə İslam Dövlətinin terroristləri vətəndaşlarımızı, həyat tərzimizi və sivilizasiyamızın təmsil etdiyi universal, elmli dünya görüşünü hədəfə aldı. Bir neçə il öncə terror təşkilatı mənə “Xain tağut (şeytan)” demişdi. İŞİD Suriya və İraqa daxil olduqda, Türkiyəyə sığınan minlərlə xristian və yezidin gözlərindəki qorxunu gördük. Təkrar edirəm, terrorçular qələbə qazanmayacaq. Türkiyə öz təhlükəsizliyi və beynəlxalq cəmiyyətin rifahının təminatı üçün etməli olduqlarının icrasına davam edəcək”.

“Xarici qüvvələr İŞİD-in qalıqlarını istifadə edə bilər”
Dövlət başçısı Ərdoğan, məqaləsinə bu cür davam edir: “Hərbi cəhətdən, İŞİD Suriyada məğlubiyyətə uğradıldı. Amma bəzi xarici qüvvələrin, təşkilatın qalıqlarını Suriyanın daxili işlərinə müdaxilə etmək üçün istifadə edə bilməsi bizi ciddi şəkildə narahat edir. Terror təşkilatına yönəlmiş hərbi zəfər sadəcə ilk addımdır. Terror təşkilatının yarandığı İraqda aldığımız dərs bizə göstərdi ki, erkən qələbə elanları və düşüncəsiz hərəkətlər həll olunduqdan çox daha sonra problemlərə səbəb olur. Beynəlxalq ictimaiyyət bu gün yenidən eyni səhvləri gözə ala bilməz. Türkiyə radikallaşmanın əsas səbəblərini ortadan qaldırmaq üçün universal bir strategiya təklif edir. İctimaiyyətin hökumətə bağlı olduğunu hiss etdirməliyik. Beləliklə, terror təşkilatlarının yerli ictimaiyyətdən sui-istifadə etmək ehtimalı olmayacaq və sadə vətəndaşlarda sabit gələcəyə inam daha da artacaq”.

“İlk addım, Suriya cəmiyyətinin hər təbəqəsini ehtiva edən bir güc formalaşdırmaqdır”
Prezident Ərdoğana görə sabitlik üçün ilk addım, Suriya cəmiyyətinin hər təbəqəsini ehtiva edən sabit bir güc formalaşdırmaqdır: “Sadəcə universal bir quruluş bütün Suriya xalqına xidmət edə və ölkənin fərqli bölgələrində qanun və nizamı təmin edə bilər. Bu kontekstdə, Suriya kürdləri ilə ortaq problemimizin olmadığına diqqət çəkmək istəyirəm.

Müharibə şərtləri altında bir çox suriyalı gəncin Türkiyə və ABŞ-ın terror təşkilatı kimi qəbul etdiyi PKK-nın Suriya qolu olan terror təşkilatlarına qoşulmaqdan başqa şansı yox idi. Bu terror təşkilatları uşaqları özlərinə qoşaraq beynəlxalq hüququ pozmuşdur. ABŞ-ın Suriyadan çəkilməsinin ardınca, uşaq döyüşçüləri ailələri ilə yenidən bir araya gətirmək və terror təşkilatı ilə bir əlaqəsi olmayan bütün əsgərləri qurulacaq sabitlik sisteminə daxil etmək üçün gərgin bir şəxsiyyət araşdırması prosesindən keçəcəyik”.

“Yerli idarəedici qurumlar ədalətli şəkildə təmsil olunacaq ”
Türkiyə lideri məqaləsində vurğulayıb ki, Suriyada yerli idarəedici qurumların yetərli siyasi təmsilə sahib olmasını təmin etmək ayrı bir öhdəlikdir: “Əvvəl YPG ya da İŞİD tərəfindən ələ keçirilən, indi isə Türkiyənin nəzarəti altında olan bölgələrdə rəhbər vəzifələrində çalışanlar seçki əsasında fəaliyyət göstərəcəklər. Bu vəzifələrdə terror təşkilatları ilə əlaqəsi olmayan şəxslər təmsil olunmaq haqqına sahib olacaqlar. Suriyanın şimalında, kürdlərin çoxluq təşkil etdiyi bölgələrdə idarəçiliyin kürd təmsilçilərindən formalaşacağına baxmayaraq, bütün ərazilərdə seçimlər ədalətli şəkildə aparılacaq. Bələdiyyə, təhsil, səhiyyə və təcili yardım məsələlərində Türkiyənin böyük təcrübəyə malik səlahiyyətli şəxsləri Suriyada fəaliyyət göstərəcək şəxslərlə təcrübələrini paylaşacaqlar. Bununla Türkiyə dostları və müttəfiqləri ilə iş birliyi və koordinasiyaya getmək istəyir. ABŞ və Rusiya ilə sinxron şəkildə çalışan tək tərəfik. Suriyadakı işi bitirmək üçün ortaqlıqlara tolerant yanaşacağıq. Bütün dünyadakı Müsəlmanların və İslamın düşməni olan İŞİD-in ortaya çıxardığı terror bitirmək, Suriyadakı ərazi bütövlüyünü qorumaq üçün bütün tərəflərini güclərini birləşdirməsinin zamanı gəldi.
Türkiyə tarixin bu kritik dövründə, bu ağır yükü çiyinlərində daşımağa könüllü razılaşır. Beynəlxalq ictimaiyyətin yanımızda olacağına inanırıq”.
Mirçingiz Ağazadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB