"Müxalifətin zirvəsi" nəyi dəyişəcək?

"Müxalifətin zirvəsi" nəyi dəyişəcək?

"Köhnə hamam, köhnə tas" misalı qüvvədə qalır

25 ilə yaxın bir müddət ərzində, getdikcə avtomobilin zapçastı tökülüb-dağıldığı kimi, dağılıb-tökülən dağıdıcı müxalifət düşərgəsi növbəti şousunu göstərmək üçün "zirvə görüşü" keçirməyi planlaşdırdı. Belə ki, keçmiş daxili işlər naziri, AMDP sədri İskəndər Həmidovun təşəbbüsü ilə ötən ilin dekabr ayının 25-də KXCP-nin qərargahında təşkil olunacaq "zirvə görüşünə" dəvət olunan partiya sədrlərinə, tanınmış siyasətçilərə, artıq dəvətnamələr göndərildi. Ancaq deyir sən saydığını say, gör müxalifət liderləri nə deyir. Dəvət olunan 36 müxalifət "liderlərinin" isə çoxunun qatılmadığı ilk görüşdə arzuları param-param oldu. Vətəndaş və İnkişaf Partiyasının sədri Sabir Rüstəmxanlı belə tərkibdə hər hansı görüşə qatılmaq fikrində olmadığını deyib: "Bu tərkibdə əvvəllər çox görüşlər keçirilib, ancaq heç bir nəticəsi isə olmayıb".

"REAL"-ın icra katibi Natiq Cəfərli isə bildirib ki, indiyə kimi müxalifətin 11 birliyi olub, heç biri də uğurlu olmayıb.

Sərdar Cəlaloğlu: "Onlar yalnız bir-birini məhv etmək üçün bir araya gələ bilərlər"

ADP sədri Sərdar Cəlaloğlunun fikrincə, müxalifətin birliyinin yaranması üçün hələ tələsməməlidirlər: "Bu, hələ ki, təşəbbüsdür. Bu müzakirələrdə ortalığa çıxacaq ki, kimin müxalifətin birliyi istiqamətində hansı cəhdləri var. Bilirsiniz ki, müxalifət pariyaları arasında çox ciddi aşılanma gedir, böyük ziddiyyətlər var. Müxalifət partiyaları bir-birinə qarşı çox ciddi ittihamlara malikdirlər. Ona görə də, mən düşünürəm ki, tələcmək lazım deyil. Kimlər ki, bir yerdə ola bilər, bir yerdə olmalıdır və bu işi davam etdirməlidir. Biz indiyə kimi belə mövqe tuturduq ki, hansısa partiyalar da bu birlikdə olsun. Bir halda ki, onlar özlərinin birlikdə olmalarına imkan vermirlər, deməli, o partiyları, artıq belə birliklərə dəvət etməyə də ehtiyac yoxdur. Onsuz o partiyalar da əvvəlki kimi bir o qədər də Azərbaycanda ictimai siyasətə təsir etmək imkanına malik deyillər və güclərini itiriblər. Ona görə də, onların bu birliklərə qoşulub-qoşulamamaları da əhəmiyyət kəsb etmir".

S.Cəlaloğlu onu da bildirib ki, tarixi xətalar, mənəm-mənəmliklər, destruktiv yanaşma, köhnə palan içi eşələmək kimi ürəkbulandırıcı iddialar ortada olarsa, heç nə əmələ gələsi deyil.

Çünki müxalifət bütün parametrlərinə görə köhnəlib

Belə olan halda, hadisələrin quyruğunda sürünürlər hansı "birlikdən", hansı "zirvə toplantısı"ndan dəm vururlar. Bu gün, faktiki olaraq, müxalifət bütün parametrlərinə görə köhnəlib.

S.Cəlaloğlu qeyd edib ki, ümummilli məsələlərdə məsuliyyət hiss etməyən rəhbərlər yenə toplantıya qatılmayacaqlar. Nə qədər ki, müxalifət "liderləri" "mənəm-mənəmlik" edir, heç bir "zirvə toplantısı" uğurlu olmayacaq. S.Cəlaloğlu belə bir suala cavab verib ki, bu gün müxalifət xalqı niyə meydanlara gətirə bilmir: "Çünki müxalifət doğru taktika aparmır. Bu, artıq bizim qəbahətimizdir. Amma istənilən halda xalqın müxalifətlə bir yerdə olması üçün kifayət qədər səbəblər var. Burada yeganə çıxış yolu birlik deyil, başqa səbəblər də var. Bunu mətbuat vasitəsilə danışmaq fikrində deyiləm. Çoxsaylı variantların olmasını deyə bilərəm. O variantlar üzərində müxalifət doğru-dürüst düşünməlidir. Hər kəs fikirləşməlidir ki, kütləviliyə gedən yolun fərqli sistemi olmalıdır. Bunlar olmadığı sürəcdə, ya orta, ya da orta səviyyədən aşağı aksiyalar olacaq. Həqiqi səbəb şüurunun ona doğru yol göstərməsidir ki, bu mitinqlərlə gözlədiyin heç bir nailiyyət qazana bilməyəcəksən".

Göründüyü kimi, bundan sonra hər hansı adla "birlik" yaratmaq nəyisə dəyişməyəcək. Yəni "köhnə hamam, köhnə tas" misalı yenə də qüvvədə qalacaq.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə