Yaxud, psixologiya elmində Merlin Monro sindromu da adlandırılan natamamlıq sindromu
Azərbaycan iqtidarının beynəlxalq siyasi arenada öz milli maraqlarını qorumağı bacaran, müstəqil siyasət yürüdən, eləcə də bu prosesləri dövlət quruculuğunda tətbiq edən prinsipial siyasət həyata keçirməklə yanaşı, həm də böyük nüfuza malik olduğunu bütün mənalarda sübuta yetirir. O da əbəs deyil ki, Azərbaycan Prezidenti müasir dünyada yalnız haqlı olmağın üstünlüyü ilə kifayətlənməyərək, dinamik inkişaf prosesini 2018-ci ildə də uğurla davam etdirdi və əldə edilən bu uğurlar özünü kifayət qədər isbatlayıb. Məhz bu baxımdan, həm də belə qənaətə gəlmək olar ki, Azərbaycan hakimiyyəti dünya siyasətində güc amilinin böyük rol oynadığını aydın görür və bunun region ölkələri, hətta dünya gücləri ilə bərabərhüququlu əməkdaşlığın əsas şərtlərindən biri hesab edir. Belə ki, Azərbaycan hakimiyyəti ərazi və əhali baxımından kiçik bir dövləti beynəlxalq arenada söz sahibinə çevirdiyi və dünya siyasətinin zirvəsində ciddi faktor kimi çıxış etdiyi halda, destruktiv, qərəzli və qaragüruhçu müxalifət ayrı-ayrı anti-Azərbaycan dairələrin təsiri altında ölkəni geriyə sürükləməyə cəhd göstərirlər. Təbii ki, həmin dairələr tərəfindən edilən bu cəhdlər nəticəsiz qalır və qarşı tərəfin istədiyi effekti ümumiyyətlə vermir. Lakin görünən həm də budur ki, qarşılaşdıqları uğursuzluqları onları daha da qıcıqlandırır, hətta azğınlaşdıraraq daha da aqressivləşdirir. Bu, onların məğlubiyyət etiraflarının görünməyən tərəflərdir.
Bu kimi qrupların gücləri uzağı meydana 1000-2000 adam toplayıb dövləti və xalqı təhqir etməyə çatır
Məsələ həm də ondadır ki, düz 25 ildir müxalifət adı altında radikal və destruktiv, eləcə də dağıdıcılıq şəklində fəaliyyət göstərən anti-milli qruplar öz iş metodlarını dəyişə, yeniləyə bilmirlər. Ona görə də, Azərbaycanın milli maraqlarına, dövlətə və xalqa qarşı mübarizədə ən çirkin vasitələrdən istifadə edirlər. Artıq kimsəyə sirr deyil ki, bu kimi qrupların gücləri uzağı meydana 1000-2000 adam toplayıb dövləti və xalqı təhqir etməyə çatır. Lakin oda sirr deyil ki, bu anarxik və küçə təfəkkürü qismində fəaliyyət göstərən “qüvvələrə” imkan verilərsə, onlar 2003-cü ildə olduğu kimi iğtişaşlar törətmək, ictimai-siyasi sabitliyi pozmağa cəhdlər göstərərlər. Yəni bunu belələrinin sosial şəbəkələrdəki davranış və çağırışlarından da sezmək elə bir çətinlik yaratmır...
Ümumiyyətlə, onların fəaliyyətlərini sosial şəbəkələrə keçirməsinin, hakimiyyətə qarşı təhqir, yalan, şantaj kampaniyaları təşkil etməsinin əsas səbəbi odur ki, özlərindən çox güclü rəqiblə mübarizə apara bilmədiklərini başa düşürlər. Digər tərəfdən, açıq siyasi mübarizə aparmağa da cürətləri çatmır ki, bu da onların klaviatura “qəhrəmanlıqlarından” o tərəfə keçmir.
Söz yox ki, bu sabit marginal qruplar vaxtilə hakimiyyətdə olduqları dövrün xiffətini çəkir, artıq siyasi səhnədən getməli olduqlarını qəbul edə bilmir, 90-cı illərin ab-havası ilə yaşayır və bu gerilik onlarda psixoloji problem həddinə çatıb. Görünür, bu səbəbdən də utopik xəyallara dalıb, hələ də xam düşüncələrinin reallaşacağına inandıqlarını özlərinə zorən sırıyırlar. Halbuki, ötən 25 ildə onların sıralarını etiraz əlaməti olaraq, nə qədər insanın tərk etdiyinin fərqinə belə varmaq istəmirlər. Bu amil isə qragüruhçulara “liderlik” edənlər barədə növbəti faktları üzə çıxarmış olur.
AXCP-nin sədri Əli Kərimlinin davranışlarının təhlili göstərir ki, o, normal, şüurlu şəkildə hərəkət edən şəxs deyil
Misal üçün, bu gün özünü “ana müxalifət” kimi təqdim edən AXCP-nin sədri Əli Kərimlinin davranışlarının təhlili göstərir ki, o, normal, şüurlu şəkildə hərəkət edən şəxs deyil. Çünki 25 ildən artıq müddətdə müxalifətdə olmaq, hər dəfə eyni fikirləri təkrarlamaq, özünü “Məhsul” stadionunun “demokratik prezidenti” kimi təsəvvür etmək, ətrafındakıları fantastik iddialara inandırmağa çalışmaq, sonda isə reallığa qayıdıb öz miskin durumu ilə barışmaq ən soyuqqanlı insanda da fəsad yaratmaya bilməz. Buna görə də onun və yaxın ətrafının bütün çıxışları, sosial şəbəkələrdə paylaşdıqları, mitinqlərdə söylədiyi fikirlər “xəstə təxəyyülünün məhsulunu” xatırladır və adi boşboğazlıqdan başqa bir şey deyil.
Psixologiyada natamamlıq sindromu deyilən termin var, ona Merlin Monro sindromu da deyirlər. Bu sindroma bulaşanlar eoqist, özündən başqa kimsəni sevməyən tiplərə aiddirlər. Həmin sindroma haqqında bəhs etdiyimiz AXCP sədri Əli Kərimlini, “Milli Şura” sədri Cəmil Həsənlini bütün varlıqları ilə əlavə etmək mümkündür. Onlar həmçinin, həqiqət və reallıqla əsaslanan oyun qaydalarını qəbul edə bilmir, özündən çox güclü rəqiblə bacara, iddialarını reallaşdıra bilmədiklərinə görə əziyyət çəkirlər. Lakin yenə də 10 milyonluq xalq “məhz mən deyən kimi yaşamalıdır” xülyaları ilə yaşayırlar. Beləliklə, Merlin Monro sindromu da adlandırılan natamamlıq sindromu Əli Kərimlidə və onun təsir altında çabalayan digər şəxslərdə ciddi psixoloji problemlərin olduğunu aydın şəkildə göstərməkdədir. Onlar anlaya bilmirlər ki artıq müasir, müstəqil və dünya miqyasında söz sahibi, təşəbbüskar və regionun lideri kimi qiymətləndirilən Azərbaycan 1993-cü ilin Azərbaycanı deyil. Nəticədə onu da dərk edə bilmirlər ki, Azərbaycan cəmiyyəti bunların sözün həqiqi mənasında rədd edir, müasir siyasətdə, dövlət idarəçiliyində görmür, hətta hakimiyyətə gələcəkləri günü təsəvvürlərinə belə gətirmir.
Narkotik, terror, oğurluq və s. cinayətlər üstündə layiq olduqları həbs cəzalarını alanların “siyasi məhbus” olaraq qələmə verilmələri də bu sıradandır
Bütün fəaliyyətlərini sosial şəbəkələrə keçirən, saxta - feyk profillər vasitəsilə ictimai rəyi formalaşdırmağa çalışan bu qaragüruh hesab edir ki, istənilən cəmiyyətdə baş verə biləcək ən adi hadisəni, hətta kiçik sosial-məişət olayını faciə səviyyəsinə çatrımaqla xalqın dəstəklədiyi hakimiyyəti ictimai qınaq hədəfinə çevirə bilərlər. Əbəs deyil ki, sağlam düşüncəli ictimai rəy dəfələrlə qaragüruhun müxtəlif cinayətlər törədən şəxslər ətrafındakı manipulyasiyalarının şahidləri olub. Narkotik, terror, oğurluq və s. cinayətlər üstündə layiq olduqları həbs cəzalarını alanların “siyasi məhbus” olaraq qələmə verilmələri də bu sıradandır. Ümumiyyətlə, cinayət törədərək haqlı cəzasını almış bir şəxslə bağlı yalan məlumatlar əsasında kampaniya təşkil etmək, bu hadisəni az qala dövlət əhəmiyyətli məsələyə çevirmək cəhdi bu insanların nə qədər qeyri-ciddi olduğunu və cəmiyyətə hörmətsiz yanaşdıqlarını göstərir.
Biz, bu məsələdə özünü “video-bloqer” kimi təqdim edən Mehman Hüseynovu da göstərə bilərik. Yeri gəlmişkən, xatırladaq ki, M. Hüseynov 2017-ci ilin martın 3-də həbs olunub. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Ötən il dekabrın dekabrın 26-da isə Penitensiar Xidmət açıqlama yayaraq bəyan edib ki, 14 saylı cəzaçəkmə müəssisəsində plan üzrə aparılan növbəti ümumi axtarış-baxış tədbirləri zamanı məhkum Hüseynov Mehman Rafiq oğlu müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun qanuni tələblərinə tabe olmayaraq ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb. Bu faktla bağlı Bakı şəhəri Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işi başlanıb.
Nəticədə anti-milli qruplar və onların xaricdəki havadarları bu hadisəni Azərbaycanın əleyhinə növbəti kampaniya başlamaq üçün fürsət kimi istifadə etməyə başlayıblar. Məsələ elə təqdim edilir ki, guya M.Hüseynov quru aclıq keçirir, hətta “səhhəti kritik durumdadır” və s...
Onlar jurnalistlərə necə haqsızlıq edirlər?
O cümlədən, haray-şivənçilər zümrəsi sözdə “bloqeri” az qala ölkənin “aparıcı jurnalisti” kimi təqdim edərək, əslində, ölkə jurnalistlərinə qarşı da haqsızlıq edirlər. Çünki jurnalistika fəaliyyəti tamamilə başqa bir məsələdir və onun bloqerliklə heç bir əlaqəsi ola bilməz. Bu gün istənilən şəxs əlinə kamera götürüb, hər hansı çəkilişi edərək, onu sosial şəbəkələrdə paylaşa bilər və həmin dadmı jurnalist adlandırmağın özü kökündən yanlış bir fikirdir. Bütövlükdə, bloqerlik fəaliyyətinin adı elə bu fəaliyyətin nədən ibarət olduğu sübuta yetirir.
Ancaq gəlin bu məsələnin həqiqət tərəfinə baxaq və qiymət verək. Ədliyyə Nazirliyi Pentensiar Xidmətin məlumatına əsasən, Mehman Hüseynov heç də aclıq aksiyası keçirmir və səhhəti də tam olaraq qaydasındadır. Onun qidalandığı, vəkili ilə görüşdüyü, ailə üzvləri ilə telefonla danışdığı rəsmi məlumatda təsdiqini tapır.
Digər tərəfdən, M.Hüseynov jurnalist deyil, onu mediaya bağlayan yeganə səbəb qardaşı Emin Hüseynovun Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu adlı qurum yaratmasıdır. Qardaşı gizli yolla başqa ölkəyə qaçırıldıqdan sonra, M.Hüseynovunda mühacir kimi xaricə çıxmasını təmin etmək məqsədilə onun guya “bloqer” olması və hakimiyyəti tənqid etdiyinə görə təzyiqlərlə üzləşməsi barədə rəy formalaşdırmağa cəhd göstərildi.
Mehman Hüseynovun qardaşı Emin Hüseynov Xocalı soyqırımını belə ələ salmışdı...
Qeyd edək ki, bu gün M.Hüseynovun həbsi ətrafında Avropada var-gəl edən qardaşı E.Hüseynov ötən il Leyla Yunusla keçirdiyi toplantıların birində Xocalı hadisəsi ilə bağlı verilən suala etinasız yanaşmaqla birgə, rus dilində “seyças zaplakayu”, yəni “indi ağlayacam” - istehzalı şəkildə münasibət sərgiləmişdi. Bu gün belələrinin arxasında oyunbazlıq edənlər də məhz E.Hüseynov kimilərlə eyni sırada dayanırlar, əlbəttə ki, M.Hüseynov da daxil olmaqla!
Başqa tərəfdən, əslində, aclıq aksiyası siyasi üsuldur və dünyanın müxtəlif ölkələrində bu metoddan istifadə olunur. Vaxtilə müxalifət düşərgəsini təmsil edən bir sıra şəxslər müxtəlif səbəblərdən bu yola əl atır, aclıq aksiyası keçirdiklərini bəyan edir, bu hadisə media tərəfindən ciddi piar olunurdu. Sonra isə müəyyənləşirdi ki, gündüz aclıq keçirdiklərini bəyan edən şəxslər əslində Çarlz Hayder kimi gizlincə qidalanırlar. Misal üçün, Çarlz Hayderin sonda qidaəvəzedici vitaminlər qəbul etdiyi məlum olmuşdu və bu kimi aldadıcı addımlar indinin özündə də atılır.
Beləliklə, həm də belə bir nəticəyə gələ bilərik ki, hazırda Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Həbib Müntəzir, Ramiz Yunus, Arif Məmmədov, Sevinc Osmanqızı, Orduxan Temirxan, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Nahid Cəfərov və digər bu kimi Sorosun maliyyəsi ilə işləyən anti-milli ünsürlərin - Sorosun uşaqlarının apardığı kampaniyaniya və irəli sürdükləri iddialar fiksiyadan başqa bir şey deyil, eyni zamanda məqsədli şəkil daşıyır.
Belə ki, ayrı ayrı hakimiyyət nümayəndələrinə, eləcə də dövlətin siyasətini dəstəkləyən ictimai şəxslərə qarşı iyrənc kampaniya aparan bu şəxslər tərbiyə, əxlaq normalarından uzaq olduqlarını, habelə hər hansı psixiki xəstəlik daşıyıcıları olduqlarını bir daha nümayiş etdirdilər.
Halal zəhmətləri ilə küçə tamaşaları göstərən səyyar sirk klounları belə, onlardan qabiliyyətli və bacarıqlıdırlar...
Bu gün hakimiyyətə qarşı kampaniya aparanlar məsələyə yenidən məhkəmədə baxılmasını, ən azından məsələnin xarici ekspertlərin tərəfindən araşdırmasını tələb edə bilərdilər. Ancaq insan haqlarına hörmət tələb edən bu ünsürlər Mehman Hüseynovla insidentdə zərər çəkən, xəsarət alan orqan əməkdaşı Əli Abdalovu mənəvi terrora məruz qoyurlar. Bunu o kəslər edir ki, öz aləmlərində guya Mehmanın simasında bəşəri hüquq və azadlıqları qoruyurlar. Fəqət, həqiqət tamamilə başqa şeyi deyir...
Bu kampaniyanın arxasında kimlərin durduğu, əslində məqsədin Azərbaycan dövlətinə təzyiq göstərmək cəhdu olduğu bəllidir. Təsadüfi deyil ki, Viktoriya Nulandın uşaqlarının çirkab kampaniyası ermənipərəst senator Marko Rubionun Azərbaycana qarşı açıqlaması və bu cəbhədə xüsusi yer tutan “The Washington Post” qəzetinin redaksiya məqaləsi ilə tamamlandı. Eyni şəbəkənin xaricdəki və Azərbaycandakı izləri çox aydın göründü. Lakin anti-milli şəbəkə və onların xaricdəki havadarları unudurlar və dəfələrlə sübut olunub ki, Azərbaycan dövləti ilə təzyiq vasitəsilə danışmaq, qarayaxma kampaniyası vasitəsilə onu güzəştə məcbur etmək mümkün deyil. Beləliklə, tam əminliklə deyə bilərik ki, onların bu dəfə M.Hüseynov ətrafında qurduqları uğursuz ssenariləri də nəticəsiz qalacaq. Çünki onların heç siyasi aktyorluq qabiliyytləri də yoxdur. Halal zəhmətləri ilə küçə tamaşaları göstərən səyyar sirk klounları belə, onlardan qabiliyyətli və bacarıqlıdırlar...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB