Qazaxıstan prezidentinin vəzifə müddəti uzadıla bilər

Qazaxıstan prezidentinin vəzifə müddəti uzadıla bilər
Qazaxıstanın prezidenti Nursultan Nazarbayevin vəzifə müddətinin 2020-ci ilə qədər uzadılması ilə bağlı referendum təşkil edilməsi üçün imza toplama kampaniyası başlanıb. SİA-nın məlumatına görə, qısa vaxt ərzində 2 milyondan çox imza toplanıb.

Nazarbayevin vəzifə müddətini 2020-ci il dekabr ayının 6-na kimi uzadacaq referendumun reallaşması üçün yaradılan qurumun rəhbəri Yerlen Sıdıkov açıqlaması zamanı bildirib ki, xalq ölkə başçısının vəzifə müddətinin uzadılmasına razıdır. 2 milyon 590 min nəfər razılığını imza kampaniyasında da təsdiqləyib.

İmza kampaniyasının yanvar ayının 10-a kimi davam edəcəyini deyən Sıdıkov toplanan imzanın hamını təəccübləndirdiyini diqqətə çatdırıb: "Bu qədər imza toplamağı ehtimal etmirdik. Biz düşünürdük ki, kampaniyanın son gününə qədər 2 milyon imza toplayarıq, amma hələ yekuna 5 gün qalmış bu nəticəni əldə etməyimiz xalqın dəstəyini və Nazarbayevin vəzifə müddətinin uzadılmasının doğru qərar olacağını göstərir".

Xatırladaq ki, Qazaxıstanın mərkəzi seçki komissiyasının rəhbəri Kuanduk Turqankulov 200 min imza toplandığı təqdirdə 2011-ci ildə məsələnin referendumda müzakirəyə çıxarıla biləcəyini demişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə