"Ötən il Azərbaycan beynəlxalq sahədə mövqelərini daha da gücləndirdi" AÇIQLAMA-ÖZƏL
“2018-ci ildə Azərbaycan beynəlxalq sahədə bir neçə istiqamətdə mövqelərini daha da gücləndirdi. Ölkəmiz ötən dövr ərzində çox şaxəli əməkdaşlıq sisteminin formalaşmasında çox fəal işlər görüb”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.
O bildirib ki, Azərbaycanın strateji layihələri beynəlxalq imicinin daha da güclənməsində mühüm əhəmiyyət kəsb edir.
Onun sözlərinə görə, enerji sahəsi üzrə ölkəmiz tərəfindən həyata keçirilən TANAP layihəsi, TAP-ın həyata keçməsi üçün görülən böyük işlər, bununla yanaşı nəqliyyat sistemi ilə bağlı Şərq-Qərb, Şimal-Cənub dəhlizlərinin formalaşdırılması ölkəmizin ortaq maraqlar formalaşdıran mərkəzə çevirib:
“ Bu da Azərbaycanın nüfuzunu dəfələrlə artırır, ölkəmizlə əməkdaşlıq dünya üçün cəlbedici olmaqla yanaşı, iqtisadi, siyasi, mədəni sahədə böyük marağa səbəb olur ”.
Azərbaycanın mədəniyyətlərin əməkdaşlığına böyük önəm verdiyini deyən deputat vurğulayıb ki, Bakı bunun nəticəsində sivilizasiyalar, dinlərarası əməkdaşlıq mərkəzinə çevrilib: “Təbii ki, bütün bunlar ölkəmizin nüfuzunun artmasına xidmət edən məsələlərdir”.
A. Mollazadə qeyd edib ki, bundan əlavə ötən il Azərbaycanın bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlığını möhkəmləndirilməsi üçün də uğurlu il olub:
“Bilirsiniz ki, Azərbaycan Avropa Birliyi ilə çox ciddi əməkdaşlığa malikdir. Bu əməkdaşlıq həm Azərbaycanın Avropanın enerji təminatçısı olmasında, həm də Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sənədi üzərində birgə işdə özünü göstərməkdədir. Ümidvaram ki, bu iş 2019-cu ildə bu işlər yekunlaşacaq və Aİ ilə müvafiq sənəd imzalanacaq. Ötən ilin sonlarında Avropa Parlamentində ölkəmizin ərazi bütövlüyü ilə bağlı imzalanan sənəd beynəlxalq sahədə əldə olunan uğurlardan biri kimi qiymətləndirilməlidir. Bu da əlbəttə ki, Azərbaycanın həm Avropa Parlamenti, həm də digər beynəlxalq təşkilatlarda hüququn aliliyinin müdafiə etməsi ilə bağlıdır. ATƏT-in, BMT-nin Avropa Parlamentinin əsas prinsiplərindən biri elə məhz bu olduğundan ölkəmizin beynəlxalq təşkilatlarda nüfuzunu daha da artırır”
Azərbaycanın öz mənəvi dəyərlərinə yüksək qiymət verdiyini deyən A. Mollazadə deyib ki, ölkəmiz İslam həmrəylik istiqamətində, İslam dininin sülh və məhəbbət dini olmaq istiqamətində böyük işlər görür, bu mədəniyyətin inkişafında böyük töhfəsi var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB