Bəhruz Quliyev: “2019-cu il bizə daha böyük ümidlər verir” MÖVQE + ÖZƏL
“Təbii ki, Azərbaycanın dünyanın siyasi arenadakı yeri və rolu onun qarşılaşdığı nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən işğalçı Ermənistanın əleyhinə qəbul edilən sənədlərdə də özünü göstərməkdədir. Daha dəqiq desək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində haqq və ədalət tərəfi olaraq məhz ölkəmizin göstərilməsi yeni qarşıladığımız 2019-cu ildə bizə daha böyük ümidlər verir, inam hissi yaradır”, Bu fikirləri SİA-ya “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bu ilin münaqişənin həlli baxımından irəliləyiş ili olacağına münasibətini açıqlayarkən deyib.
Bəhruz Quliyevin sözlərinə görə, dövlət başçısının ölkəmizin beynəlxalq aləmdə layiqli yer tutması ilə bağlı fikirləri də bu reallığı özündə kifayət qədər əks etdirməkdədir: “Bu gün regional və xarici siyasətdə elə bir layihələr yoxdur ki, Azərbaycan bu layihələrdə ya təşəbbüskar, ya da ideyaverici rolunda çıxış etməsin. O cümlədən, məhz dövlətimizin bu məsələdə haqlı mövqedə olmasını bizimlə bir çox sahələrdə əməkdaşlıq, strateji tərəfdaşlıq etmək marağında olan ölkələr, siyasi və iqtisadi sferada fəaliyyət göstərən aparıcı təşkilatlar da gəldikləri qənaətləri ilə sübuta yetirirlər. Bu baxımdan, cənab İlham Əliyev Qarabağ mövzusuna toxunarkən, ilk növbədə Azərbaycanın beynəlxalq təşkilatlardakı uğurlu fəaliyyətini önə çəkib. Xüsusilə, Avropa İttifaqı ilə Azərbaycan arasında arasında imzalanmış Tərəfdaşlıq Prioritetləri sənədini göstərərək, bu münasibətlərinən yüksək səviyyədə olduğunu, Aİ-nin münaqişəsinin həlli məsələsində düzgün mövqe tutduğunu vurğulayıb”.
“Daha bir məsələ isə, bilavasitə Prezident İlham Əliyevin bu istiqamətdə göstərdiyi davamlı, qətiyyətli və deyərdim ki, sərt mövqeyidir”, qeyd edən “SƏS” qəzetinin baş redaktoru əlavə edib ki, bu kimi prinsipial mövqenin əsasında haqq və ədalət amilləri dayanmaqdaqdır: “Dövlətimizin başçısı Dağlıq Qarabağın tarixən Azərbaycan torpaqları olduğunu xatırlatmaqla, işğal altındakı ərazilərimizin qeyd-şərtsiz, eləcə də beynəlxalq hüquq və norma prinsipləri çərçivəsində həll olunacağını əminliklə bildirib. Bu isə, dünya birliyinin həmin torpaqları bilavasitə Azərbaycanın ərazisi kimi tanımasının bariz göstəricisidir. Beynəlxalq hüquqa hörmət isə bütün dövlətlərin vəzifəsidir və nəzərə alarsaq ki, BMT-də sözügedən məsələ ilə bağlı dörd qətnamə qəbul olunub, həmçinin, digər mötəbər təşkilatlar da işğal faktını pisləyir, bu zaman Ermənistanın heç bir halda bu qətnamələrdən yaxasını qurtara bilməyəcəyini bəri başdan söyləyə bilərik. Prezident İlham Əliyev yola saldığımız 2018-ci ildə də ciddi nailiyyətlər əldə etməyimizi xatırladaraq, həmin istiqamətdə siyasətin davam etdiriləcəyini bəyan edib”.
Siyasi ekspert hesab edir ki, Ermənistanın işğalçılıq siyasəti aparması bu ölkənin özünə köklü zərbələr vurur: “Bu gün Ermənistanda kimlərin hakimiyyəti təmsil etmələrindən asılı olmayaraq, fakt budur ki, həmin ölkə işğalçı olaraq tanınır. Habelə, orada baş verən siyasi böhranlar, iqtisadi tənəzzüllər ötən ilin may ayında dəyişilmiş xunta rejimindən fərqli şəkildə idarəçiliyə şərait yaratmayacaq. Erməni xalqı ac və səfalət ilində yaşayır, ölkənin miqrasiya problemləri həll olunmayıb və sürətlə boşalır. Pafoslu Paşinyan hakimiyyəti də gec, ya da tez sadə xalqın qarşısında tab gətirə bilməyəcək. Çünki faktiki olaraq, erməni cəmiyyəti ona bağladığı son ümidlərinin də puça çevrildiyini anlamağa başlayıb.
Habelə, bu gün Ermənistanın yeni iqtidarı ilə qondarma “DQR” rejimi arasında kəskin fikir ayrılıqları yaşanır, hətta ziddiyyətlər, qarşıdurmalar daha aqressiv fona doğru yönəlib. Bütün bunlar onların qüdrətli Azərbaycan dövləti qarşısında məğlubiyyətə doğru sürüklənmələrinin sübutudur. İstər Rusiyanın, istərsə də Qərbin nəzərində olan təşkilatlarda Ermənistan ən uzağı formal ölkə olaraq təmsil oluna bilər və bundan o tərəfə ümumiyyətlə adlaya bilməz.
Eləcə də, Ermənistanın beynəlxalq və regional layihələrdən kənarda qalması, təcrid olunması məsələsində Azərbaycanın dünyadakı nüfuzunu göstərə bilərik. Ona görə də, cənab İlham Əliyev öz təbrikində inamla ifadə edib ki, 2019-cu ildə bu sahədə irəliləyiş ola bilər”.
Bəhruz Quliyev Azərbaycanın hərbi potensialının dünya dövlətləri arasında yüksək yerləri tutması faktorunu da xatırladaraq deyib ki, Prezident İlham Əliyev bu məsələyə çox həssaslıqla, diqqətlə yanaşmaqdadır: “Cənab Prezident istər ötən il keçirilən hərbi paradı və bu paradda nümayiş etdirilən ən müasir texnikaları, silahları, istərsə də Naxçıvanda uğurlu hərbi əməliyyat nəticəsində 11 min hektar torpağın Ermənistanın işğalından azad edilməsini bəyan etməklə hər birimizdə böyük ruh yüksəkliyi yaradıb, əminliyimizi daha da artırıb. Tam əminliklə deyə bilərik ki, artıq işğalçının qaça biləcəyi heç bir künc, dalan qalmayıb və cənab Ali Baş Komandanımızın rəhbərliyi altında Dağlıq Qarabağımızın azad ediləcəyi gün heç də uzaqda deyil”.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB