“Azərbaycan-Avropa İttifaqı əlaqələri məhsuldar olub" ÖZƏL-RƏY

“Azərbaycan-Avropa İttifaqı əlaqələri məhsuldar olub" ÖZƏL-RƏY

“Azərbaycan və Avropa İttifaqı əlaqələri əvvəlki illərdə olduğu kimi uğurlu və məhsuldar oldu. Bu əlaqələrin əsası 1996-ci ildə qurulsa da, 1999-cu ildən əməli fəaliyyətlə başlandı. Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında “Tərəfdaşlıq və Əməkdaşlıq” barədə imzalanmış sazişə əsasən qanunvericiliyimizin Aİ qanunlarına uyğunlaşdırılması prosesi davam etdirilir”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Politoloqun sözlərinə görə, bu istiqamətdə Avropa İttifaqının ekspertləri ümumilikdə müsbət rəy veriblər: “Eləcə də Avropa Qonşuluq Siyasəti çərçivəsində ciddi əməkdaşlıq etmişik və Aİ daxili bazarında pay sahibi olma haqqını almışıq. Bu əlaqələr sırasında mühüm yeri Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq tutur. İmzalanmış memoranduma əsasən Azərbaycan Respublikası Avropa İttifaqı ölkələrinin enerji təhllükəsizliyini təmin etmək öhdəliyi götürüb ki, bu da münasibətlərimizin daha da sıx və möhkəm olunmasına dəlalət edir. Eyni razılaşmalara əsasən Azərbaycan tərəfi istehsal etdiyi enerjinin təhlükəsiz və maneəsiz Avropa bazarlarına çıxarmaq şansını əldə edib.

Avropa İttifaqının Şərq Tərəfdaşlığı təşəbbüsündə iştirakımız və insan hüquqları, demokratikləşdirmə sahəsində əməkdaşlıq münasibətlərimizin əsas xəttidir. Azərbaycan bu istiqamətdə mühüm irəliləyişlərə nail olmaq üçün xüsusi səy göstərməlidir. Bəzi beynəlxalq tədbirlərdə bədxahlarımız məhz bu sahədə basqılar etməyə çalışırlar. Lakin uğurlu xarici siyasət nəticəsində bu hücumlar neytrallaşdırılmışdır. Hesab edirəm ki, 2019-cu ildə regionda yaranmış yeni situasiya Avropa İttifaqı ilə daha da sıx əməkdaşlıq etmək üçün zəmindir. Ermənistan və Gürcüstanda keçirilən prezident seçkiləri və yeni hakimiyyətlərin tam vəziyyətə nəzarət edə bilməməsi bizi daha diqqətli olmağa və mövcud durumdan daha səmərəli faydalanmağa sövq etməlidir. Bu xüsusən Dağlıq Qarabağ probleminin həllində özünü göstərməlidir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə