İlham Əliyev: "Biz həmişə qeyri-neft iqtisadiyyatına və qeyri-neft sənayesinə daha çox diqqət yetiririk"
Ölkəmizin davamlı inkişafının təmin olunmasında Azərbaycan Prezidenti İlham Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi sosial-iqtisadi siyasət, o cümlədən, bu siyasətin prioritet istiqamətlərindən olan iqtisadiyyatın şaxələndirilməsi həlledici rol oynayır. Dövlət başçısı tərəfindən imzalanan dövlət proqramlarının və sərəncamların uğurla icrası Azərbaycanın böyük nailiyyətlər əldə etməsinə səbəb olub. Bu gün Azərbaycan dünyanın ən müasir və inkişaf etmiş ölkələri sırasındadır. Hətta Azərbaycan siyasi və iqtisadi çəkisinə görə dünyanın ən nəhəng ölkələri ilə müqayisə olunacaq dərəcədə işlər görüb. Hər sahədə qazandığımız uğurların təməlində Prezident İlham Əliyevin qətiyyəti, əzmkarlığı və Ulu Öndərin irsinin layiqincə yaşadılması dayanır. Müasir və modern dövlət olaraq tanınan ölkəmiz, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində, getdikcə daha da yeniləşir, iqtisadi islahatları reallaşdıran və innovativ inkişafa yol açan dövlətə çevrilir.
Yola salacağımız 2018-ci il də Azərbaycan üçün uğurlu və yadda qalan oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Rossiya-24" telekanalına verdiyi müsahibəsində qeyd etdiyi kimi, 2018-ci il Azərbaycan üçün, bütövlükdə, uğurlu olub: "Azərbaycan uğurla inkişaf edib. Biz beynəlxalq miqyasda əsas tərəfdaşlarımızla, ilk növbədə, qonşu ölkələrlə ənənəvi münasibətimizi möhkəmləndirmişik. Xəzər dənizinin hüquqi statusunun nizamlanması haqqında Konvensiya imzalanıb. Hesab edirəm ki, bu, Xəzəryanı ölkələri bir-birinə daha da yaxınlaşdıran tarixi sənəddir. İl bizim üçün ikitərəfli formatda fəal keçdi. Biz xeyli ikitərəfli görüşlər keçirmişik və beynəlxalq təşkilatlar daxilində fəal iştirak etmişik. Qoşulmama Hərəkatının üzvü olan ölkələrin xarici işlər nazirləri səviyyəsində Bakıda beynəlxalq forum keçirilib. Gələn il sammit keçiriləcək və Azərbaycan gələn il bu iri beynəlxalq təşkilata rəhbərlik edəcək".
"...BİZNESİN ASANLAŞDIRILMASI, ŞƏFFAFLIQ, SAHİBKARLIĞA DƏSTƏK İSTİQAMƏTİNDƏ APARILAN İSLAHATLAR YAXŞI NƏTİCƏLƏR VERİR"
Şübhəsiz ki, Azərbaycanın uğurları dünyanın bir sıra nüfuzlu iqtisadi mərkəzləri tərəfindən də rəğbətlə qarşılanır və Azərbaycanın iqtisadi inkişafı yüksək qiymətləndirilir. Bu il elə Dünya Bankının "Doing Business 2019" hesabatında Azərbaycanın dünyanın ən çox islahat aparan ölkəsi elan olunması da uğurlarımızın göstəricisidir. "Doing Business 2019" hesabatında deyilirdi: "Avropa və Mərkəzi Asiya bölgəsinə daxil olan Azərbaycan ən yaxşı təkmilləşdirmə göstəricilərinə malik 10 ölkə arasında və qlobal səviyyədə rekorda nail olaraq, səkkiz sahə üzrə islahatlar aparmaqla, 2017-2018-ci illərdə biznes fəaliyyətinin daha da asanlaşdırılmasını təmin etmişdir".
Qətiyyətlə deyə bilərik ki, iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması Azərbaycanın dünyanı bürüyən iqtisadi və maliyyə böhranından uzaq olmasına zəmin yaratdı. Ümumdünya iqtisadi böhranının başlandığı 2008-ci ildən Azərbaycan hökuməti zəruri vasitələrdən və təsir mexanizmlərindən istifadə edərək, düşünülmüş siyasət həyata keçirdi. 2015-ci ildən etibarən dünyada neft qiymətlərinin aşağı düşməsi və dəyişən makroiqtisadi amillər iqtisadi islahatların keyfiyyətcə yeni mərhələyə yüksəlməsini vacib edib. Aparılan iqtisadi islahatlar nəticəsində, ölkədə maliyyə sabitliyi və iqtisadi artım bərpa olunub, bir çox sahələrdə, qeyri-neft sənayesi və digər sektorlarda əhəmiyyətli irəliləyiş əldə edilib.
Azərbaycan Prezidentinin bildirdiyi kimi, Dünya Bankının "Doing Business" hesablamalarına görə, bu il ərzində, Azərbaycan 32 pillə irəliləyərək, dünyada 25-ci yeri tutub: "Yəni bu, o deməkdir ki, biznesin asanlaşdırılması, şəffaflıq və sahibkarlığa dəstək istiqamətində aparılan islahatlar yaxşı nəticələr verir. Bu, əlbəttə ki, investisiya reytinqimizi yüksəldir. Bu il biz 10 milyard dollar investisiya cəlb etmişik. Bu, sərmayədarlarda əminlik yaradır, bizim islahatlar siyasətini davam etdirməkdə qətiyyətimizi də nümayiş etdirir. İnflyasiya 2 faizdən bir qədər çox olub. Əhalinin gəlirləri 9 faizdən çox artıb. Biz valyuta ehtiyatlarımızı artırmışıq, ümumi daxili məhsulun 20 faizi qədər olan xarici borcu məqbul səviyyədə saxlamışıq. Yaxın illər üçün xarici borcun ümumi daxili məhsulun 10 faizə qədəri səviyyəsində saxlanılması üçün strategiya hazırlanıb".
Azərbaycan Respublikası Prezidentinin güclü siyasi iradəsi və davamlı dəstəyi sayəsində aparılan kompleks iqtisadi islahatlar "Doing Business 2019" hesabatının da bütün indikatorlarını əhatə etmiş oldu. Nəticədə, 2017-ci il və 2018-ci ilin ilk 4 ayında, təkcə bu hesabat üzrə 30-a yaxın normativ-hüquqi akt qüvvəyə minməklə, 70-dən çox islahat tədbiri həyata keçirilib və qeydə alınması üçün "Doing Business" komandasına təqdim olunub. Aparılan islahatlar nəticəsində, vətəndaşların və sahibkarların məmnunluğunun artırılması, bu sahədə şəffaflığın təmin olunması ilə yanaşı, müxtəlif sektorlar üzrə inzibati prosedurların sayının və xərclərin minimuma endirilməsi, dövlət xidmətlərinin göstərilməsində keyfiyyətin daha da yüksəlməsinə nail olunub.
"ON BİR AYIN YEKUNLARINA GÖRƏ BİZ QEYRİ-NEFT SƏNAYESİNİN ARTIMINI 9 FAİZDƏN ÇOX HƏCMDƏ GÖRÜRÜK"
Ölkə iqtisadiyyatının mühüm sahəsi olan qeyri-neft sektorunun inkişafında, eləcə də, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayan kənd təsərrüfatının dinamik və dayanıqlı inkişafının təmin edilməsi istiqamətində mühüm işlər görülür. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev ərzaq təhlükəsizliyi üzrə tam müstəqilliyə nail olunmasını milli hədəflərdən biri kimi müəyyənləşdirib. "Biz həmişə qeyri-neft iqtisadiyyatına və qeyri-neft sənayesinə daha çox diqqət yetiririk" - deyən dövlət başçısı bizim bu istiqamətdə də nəticələrimizin xeyli yaxşı olacağını bildirib: "On bir ayın yekunlarına görə, biz qeyri-neft sənayesinin artımını 9 faizdən çox həcmdə görürük. Bu, ilk növbədə, bizim qeyri-neft sektoru, kiçik və orta sahibkarlıq, fermerlər üçün sərfəli şərait yaradılması üzrə sənayeləşdirmə proqramımızın nəticələridir".
Məlumdur ki, Azərbaycan Prezidentinin sərəncamları ilə aqrar sahəsinin inkişafına dair qəbul olunmuş dövlət proqramları, müvafiq qanunvericilik aktları ölkə ərazisində olan torpaq ehtiyatlarında səmərəli şəkildə istifadə üçün geniş imkanlar açıb. Aqrar sektora güzəştli kreditlərin, vergi güzəştlərinin, subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi və digər dövlət dəstəyi ilə keçirilən tədbirlər nəticəsində, bir sıra ərzaq məhsullarının istehsalı artmışdır.
Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən kompleks islahatlar, xüsusilə, qeyd edilən sahələr üzrə aparılan təkmilləşmə tədbirləri nəticəsidir ki, Azərbaycan böyük nailiyyətlərə sahib olub. Bu uğurlar dövlətimizin başçısının siyasi iradəsi ilə əldə olunub. Azərbaycan MDB məkanında ən sürətlə irəliləyən ölkədir. Ölkəmiz "Doing Business" hesabatında 32 pillə irəliləyib. Qazaxıstan 8, Rusiya 4, Belarus 1, Qırğızıstan 7, Ukrayna 5, Özbəkistan 2, Tacikistan isə 3 pillə geriləyib. Ötən 15 il ərzində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan sərəncamlar, fərmanlar iqtisadi islahatları daha da dərinləşdirdi, iqtisadi sabitlik qorundu və ölkəmiz bir çox əhəmiyyətli layihələri reallaşdırdı. Sosial siyasətin uğurla həyata keçirilməsinin məntiqi nəticəsi olaraq, vətəndaşların maddi rifah halı yaxşılaşdırılıb, sosial müdafiə və təminat sistemi gücləndirilib, sosial tələbatlar və ehtiyaclar yüksək səviyyədə ödənilib. Tam cəsarətlə demək olar ki, ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın Azərbaycan modeli yaranıb. Bu model əsasında uğurla həyata keçirilən və yeni çalarlarla zənginləşdirilən sosial-iqtisadi siyasətin nəticələri Azərbaycanın həm də beynəlxalq imicinin və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə gətirib çıxarıb. Həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində, Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib. Azərbaycan bütün istiqamətlər üzrə böyük uğurlara imza atıb.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB