9 və 17 saylı cəzaçəkmə müəssisələrinə uzunmüddətli başçəkmələr həyata keçirilib

9 və 17 saylı cəzaçəkmə müəssisələrinə uzunmüddətli başçəkmələr həyata keçirilib

İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın Fakültativ Protokoluna uyğun olaraq yaradılmış Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 17 saylı cəzaçəkmə müəssisələrinə (CÇM) uzunmüddətli başçəkmələr həyata keçiriblər.

Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, başçəkmənin əsas məqsədi Fakültativ Protokolun tələblərinə müvafiq olaraq, işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar hallarının qarşısının alınması üçün mövcud vəziyyətin öyrənilməsi və bu istiqamətdə qabaqlayıcı tədbirlərin həyata keçirilməsindən ibarət olub.

Ombudsmanın nümayəndələri müəssisələrin yataqxanalarına, cərimə təcridxanalarına, karantin zonalarına, görüş yerlərinə, sanitar-tibb hissələrinə, bu CÇM-lərdəki məscidlərə, ərzaq anbarlarına və mətbəxə, yeməkxanalara, kitabxanalara, idman zallarına, klublara və digər obyektlərə baş çəkiblər. Qrupun üzvləri bir sıra məhkumları qəbul etmiş, onlarla təkbətək söhbət aparmış, hüquqlarını izah etmiş, saxlanma şəraitini öyrəniblər.

17 saylı CÇM-də bəzi məhkumlar Penitensiar Xidmətin Müalicə müəssisəsində lazımi müalicə almadıqlarını bildiriblər. 9 saylı CÇM-də isə xarici vətəndaşlığı olan bəzi məhkumlar cəzalarının qalan hissəsini çəkmək üçün öz ölkələrinə ekstradisiya olunmalarında kömək göstərilməsi ilə bağlı müraciət ediblər.

Başçəkmə zamanı müəssisələrdə məhkumların asudə vaxtının səmərəli təşkili üçün kitabxanaların mövcud olması, məhkumların bir qisminin kitabxanadan istifadə etməsi, müəssisə kollektiv şuralarının fəaliyyəti, idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün şəraitin yaradılması, yeni obyektlərin tikilməsi və təmir olunması müsbət hal kimi qiymətləndirilib. Həmin CÇM-lərdə yeməkxana, mətbəx, camaşırxana və hamamın yaxşı vəziyyətdə olduğu müəyyən edilib.

Eyni zamanda bir sıra nöqsanlar aşkar edilib. Belə ki, 17 saylı cəzaçəkmə müəssisəsində hər yataqxanada 200 nəfər məhkumun qaldığı halda, onlar üçün yalnız 6 ayaqyolunun olması qüsur kimi qiymətləndirilmiş və müəssisə rəhbərliyinin diqqətinə çatdırılıb.

Başçəkmə zamanı aşkar edilmiş bəzi çatışmazlıqların aradan qaldırılması və saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı hər iki müəssisənin rəhbərliyinə tövsiyələr verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə