“Regionda və beynəlxalq aləmdə İlham Əliyevə böyük rəğbət və ehtiram var” – BƏHRUZ QULİYEV
“Prezident İlham Əliyev cənablarının istər MDB, istərsə də digər xarici dövlət başçıları tərəfindən ad günü münasibəti ilə təbrik etmələri, Ona bu münasibətlə məktublar ünvanlamaları, eyni zamanda telefon zəngləri etmələri ilk növbədə belə deməyə əsas verir ki, ölkə başçımızın istər regionda, istərsə də beynəlxalq aləmdəki nüfuzu daim artan istiqamətdə qiymətləndirilir və bu münasibət Onun siyasi çəkisinin əhəmiyyətini kifayət qədər təsdiqləmiş olur”. Bu fikirləri SİA-ya “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Prezident İlham Əliyevə bir sıra xarici dövlət başçılarının ad günü münasibəti ilə təbrik məktubları göndərmələrinə münasibətini açıqlayarkən deyib .
Bəhruz Quliyevin sözlərinə görə, Türkiyə, Rusiya və s. ölkə rəhbərlərinin cənab İlham Əliyevə səmimi münasibətləri həm də belə deməyə əsas verir ki, bu reallıq Ona regional və beynəlxalq siyasətdə verilən önəmdir, əhəmiyyətdir: “Əbəs deyil ki, Türkiyə Respublikasının dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edərkən, ölkələrimiz arasındakı münasibətlərin möhkəm təməllərə əsaslandığını vurğulayıb və bildirib ki, bu münasibətlər qarşıdakı illərdə daha genişlənməyə doğru istiqamət alacaq”.
Siyasi ekspert xatırladıb ki, bu günlərdə İlham Əliyev cənablarının Türkiyədə səmimi, işgüzar, uğurlu və Türkiyə dövlətinin dostu meyarlarına görə “İlin dövlət başçısı” seçilməsi də təsdiq edir ki, bu gün Azərbaycan və Türkiyə arasında olan əməkdaşlıq və strateji tərəfdaşlıq faktorları eyni zamanda, qardaşlıq telləri ilə sıx bağlıdır.
“O da əbəs deyil ki, cənab İlham Əliyev daha öncələr də Türkiyə Cümhuriyyətinin müəyyən dövlət qurumları və təşkilatları tərəfindən müxtəlif ali mükafatlara layiq görülüb”, deyə qeyd edən “SƏS” qəzetinin baş redaktorun sözlərinə görə, əlbəttə ki, bütün bunlar Onun son 15 ildə qardaş Türkiyə ilə səmimiyyət üzərində qurduğu mükəmməl, ideal bir siyasətin məntiqi nəticəsidir: “Prezident İlham Əliyev istiqamətləndirdiyi xarici siyasət kursunda - regional sabitlik və təhlükəsizlik məsələlərində, o cümlədən hərbi, iqtisadi, sənaye və s. sahələrində Türkiyə ilə münasibətləri ən yüksək səviyyədə qurub. Həyata keçirilən ardıcıl layihələrdə ölkələrimiz həm ideyaverici, həm də təşəbbüskar kimi çıxış edirlər. Onu da deyərdim, bu gün beynəlxalq aləmdə elə bir ölkələr yoxdur ki, onların Azərbaycan və Türkiyə qədər qardaşlıq münasibətləri olsun. Demək olar ki, bütün beynəlxalq təşkilatlarda, aparıcı qurumlarda ölkələrimiz eyni maraqdan çıxış edir, bir-birini dəstəkləyirlər. Bax, əsas amil də bu reallıq üzərində qurulub və ölkə başçıları arasında qarşılıqlı şəkildə qiymətləndirilməkdədir”.
“Belə bir mükafatın Türkiyə - Azərbaycan Dərnəkləri Federasiyasına bağlı olan 16 bölgədə 145 vətəndaş cəmiyyəti təşkilatları tərəfindən aparılması da qənaətə gəlməyə zəmin yaradır ki, bu gün Türkiyənin bütün bölgələrində cənab İlham Əliyevə böyük rəğbət və ehtiram hissi mövcuddur”, deyə vurğulayan “SƏS” qəzetinin baş redaktoru qeyd edib ki, sözügedən reallıq eyni zamanda, ulu öndər Heydər Əliyevin “Bir millət iki dövlət” kəlamının bariz sübutudur. “Bu baxımdan, Prezident İlham Əliyevin “İlin dövlət başçısı” mükafatına layiq görülməsi, habelə cənab Ərdoğanın İlham Əliyev cənablarını ad günü ilə bağlı təbrik etməsi qeyd edilən reallıqları bütün mənalarda isbatlayır”.
“Biz, bu reallığı Rusiyanın dövlət başçısı Vladimir Putinin də cənab İlham Əliyevə ünvanladığı təbrik məktubunda gördük və bu dəyərləndirmədə ölkə başçımızın dünya siyasətindəki nüfuzunun nə qədər yüksək səviyyədə olduğunun şahidlərinə çevrildik”, deyən Bəhruz Quliyev vurğulayıb ki, ümumiyyətlə, Türkiyə ilə yanaşı Rusiyanın da regiondakı yerini və rolunu qiymətləndirərkən biz bu təbrik məktubunda bir sıra mühüm məqamları aşkar edə bilərik: “Cənab Putinin İlham Əliyevi istər həmvətənləri arasında, istərsə də dünyada uzaqgörən siyasi xadim olaraq dəyərləndirməsi onun liderlik keyfiyyətlərinin göstəricisi olaraq vurğulana bilər. O da əbəs deyil ki, bu gün Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığın yaranmasında və inkişaf etdirilməsində də dövlət başçımız əsas təşəbbüskar və töhfə verən şəxs olaraq qiymətləndirilməkdədir. Bu baxımdan, yalnız Rusiya və Türkiyə deyil, eləcə də digər dövlət rəhbərləri praqmatik siyasətə və etibarlı tərəfdaşa arxalandıqlarını, bu münasibətlərin inkişafında maraqlı olduqlarını xüsusi olaraq vurğulamaqdadırlar. Azərbaycan regionda və dünyada sabitliyin qarantı olan mühüm dövlətlər sırasında yer alır və dünya bu gerçəkliyi qəbul edir. Ümumiyyətlə, bu gün hər bir azərbaycanlı, dünyanın müxtəlif ölkələrində yaşayan hər bir soydaşımız Prezident İlham Əliyev cənablarının yüksək və xarizmatik liderlik keyfiyyətlərinə nə qədər böyük önəm verildiyinə bir daha şahid oldular. Bu faktor isə əlbəttə ki, bizlərdə qürur və fərəh hissi doğurmaqdadır. Biz inanırıq ki, Prezident İlham Əliyev bu möhtəşəm, uğurlu və qətiyyətli siyasəti ilə qarşıdakı illərdə daha nəhəng uğurlara imza ataraq, müstəqil, müasir Azərbaycanımızın adını ən uca zirvələrə qaldıracaq”
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB