(Dəyişikliklər fonunda Prezidentin siyasi bioqrafiyası)
Şəxsiyyətin siyasi bioqrafiyası geniş bir anlayışdır. Bu bioqrafiya, təbii ki, ancaq siyasi və ictimai-siyasi xadimlərə xas olur. Belə şəxsiyyətlərdən biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Politoloqların qənaətinə görə, Onun siyasi bioqrafiyası hələ gənclik illərində formalaşmağa başlamış və həmin illərdən o, böyük siyasi məktəbə daxil olmuşdur.
Zaman hökmünü verir. Cənab İlham Əliyev 15 oktyabr 2003 və 2008-ci, 9 oktyabr 2013-cü və 11 aprel 2018-ci illərdə səs çoxluğu ilə Ulu Öndərin siyasətinin davamçısı kimi, ölkə Prezidenti seçilib. Prezident İlham Əliyevin siyasi portreti artıq formalaşmışdır: təkmilləşmiş, kreativ düşüncəli, çevik, qloballaşma proseslərini düyan, onları dərindən dərk edən və onlara cavab verə bilən, möhtəşəm və müasir bir lider. Prezident İlham Əliyev ölkədə siyasi vəziyyəti stabilləşdirdi. Prezidentin həyata keçirdiyi dövlət siyasəti dinamik templə, ahəngdar formada reallaşdı.
Onun ilk inauqurasiya nitqi hamımızın yadındadır: ölkənin irəliləməsi, inkişafı, Onun beynəlxalq nüfuzunun möhkəmləndirilməsi. Bu, belə də oldu. Prezident İlham Əliyev siyasi platformasını aydın və səlis şəkildə bəyan etdi. İllər keçdikcə, bu platformanın düzgün olduğu hamıya bəlli oldu. İlk seçkilərdən sonra Prezident İlham Əliyev dünya səviyyəli lider kimi fəaliyyətə başladı, o, qlobal siyasi arenaya çıxaraq Ulu Öndər Heydər Əliyev siyasətini davam etdirdi, Azərbaycanın mövqelərini cəsarətlə möhkəmləndirdi.
Müdirik və uzaqgörən siyasətin bəhrəsi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bugünkü mürəkkəbliklərlə və ziddiyətlərlə dolu dünyada uzaqgörən siyasət həyata keçirir və bu siyasətin əsasını, onun təməlini Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin strategiyası təşkil edir. Azərbaycanda vətəndaş cəmiyyəti formalaşır. İctimai, siyasi, gənclər, veteran, qadın, uşaq və s. təşkilatlarının fəaliyyəti üçün münbit şərait yaradılıb. "Prezident İlham Əliyevin idarəçilik sahəsində gözəl bacarığı və istedadı var, o, dünyada gedən qlobal prosesləri dərindən dərk edir və ölkə inkişafının prioritet istiqamətlərini düzgün müəyyən edə bilir", - politoloqların bu fikri ilə tam razılaşaraq, onu da qeyd etmək lazımdır ki, Cənab Prezidentin fəaliyyətinin bütün istiqamətləri, ölkəmizin nailiyyətləri elmi cəhətdən araşdırılmalı və ölkəmizin ən yeni tarixində xüsusi yer tutmalıdır.
Ölkə başçısının gördüyü işlər, həyata keçirdiyi bütün layihə və proqramlar, ilk öncə milli maraqları özündə əks etdirir, ölkənin inkişafına təkan verməkdən başqa, qlobal və regional inkişafa da xidmət edir. Prezident İlham Əliyevin uğurları danılmazdır: Azərbaycanın nüfuzunun artması, Onun dünya siyasi proseslərində iştirakı, qlobal layihələrə imza atması, daima alternativlər axtarışında olması. Bunların nəticəsində, O, nüfuzlu dövlət başçısına çevrilmişdir. Şəxsi xüsusiyyətlərinə, geniş dünyagörüşünə, yüksək intellektinə görə İlham Əliyev müasir dövrün siyasətçiləri sırasında ən parlaq fiqurlarından biridir. Ölkə başçısının ilk addımlarından biri - neft sənayesinin inkişafı, daxili investisiyaların stimullaşdırılması, yeni iş yerlərinin yaradılması, sahibkarlığın və biznesin dəstəklənməsi və regionların sosial-iqtisadi inkişafıdır. Bütün bunlar çox tez öz bəhrələrini verdi. Artıq 2007-ci ildə dünya statistikasına görə Azərbaycan dünyanın ən tez inkişaf edən ölkələrindən biri hesab olundu.
Uğurla həyata keçirilən neft strategiyası
Neft strategiyasının önəmli addımlarından biri də ölkə başçısının Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşası məsələsini ön plana çəkməsi oldu. Uğurlu və davamlı bir layihəyə imza atıldı! Cənab İlham Əliyevin prezidentliyi dövründə əsas eksport boru kəmərləri işə salınmışdır. Azərbaycan regionun lider-dövlətinə çevrildi. Bu gün Azərbaycan, eyni zamanda, Avropanın da alternativ enerji mənbəyi və dünyanın siyasi aktorudur.
Hər il Azərbaycan xalqı Prezidentin Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda gördüyü işləri qürurla izləyir. Bu forum hər il siyasət və biznes sahələrindəki aparıcı dünya liderlərini toplayır. Davosda Prezident bir çox görüşlər keçirir, Azərbaycan iqtisadiyyatının perspektivlərini müəyyənləşdirir. Ölkədə yaranan iqtisadi tolerantlığın təmin edilməsi isə, forum iştirakçıları tərəfindən maraqla qarşılanır. Bu gün dövlətin əsas məqsədi - makroiqtisadi stabilliyin qorunması və antiböhran tədbirlərinin görülməsidir. Azərbaycanın uğurlu və davamlı inkişafı daha bir mühüm amildən - kadrlardan asılıdır. Cənab Prezidentin insan faktoruna, onun formalaşmasına və potensialının artırılmasına xüsusi önəm verməsi, bu gün ən vacib məsələlərdən biridir.
Xatirimizdədir, hələ 2003-cü ildə ölkə başçısı çox önəmli bir konsepsiya irəli sürərək, hamını düşündürməyə vadar etdi: "qara qızılın insan kapitalına çevrilməsi". 15 il ötdü və zaman göstərdi ki, bu, həqiqətən, çox önəmli, uzaqgörən və müsbət nəticələr əldə edən bir fikir idi. Zamanın nəbzini tutaraq, XXI əsrin çağırışlarına ötkəm və çevik cavab verərək, ölkə Prezidentinin qərarları bütün sahələrdə modernləşməyə təkan verdi, kadr siyasəti isə bu strategiyanın tərkib hissəsi kimi gündəmdə duran məsələ idi.
Həyatımızın bütün sahələrinə dair mühüm dövlət proqramları, konsepsiyalar və strategiyalar qəbul olunur, reallaşır və uğurlu nəticələr verir. Əlbəttə, bu uğurların əldə edilməsində Heydər Əliyev Fondunun, onun prezidentinin əhəmiyyətli və danılmaz rolu var. Bu işlərin aparıcı faktoru və qüvvəsi kimi, Mehriban xanım Əliyevanın gördüyü işlər hamıya bəllidir.
Ölkəmizin dünyada təbliğ olunması Mehriban Əliyevanın həyat kredosu olmuşdur
Prezidentin şəxsi həyatı da hamı üçün örnək və nümunədir. Azərbaycanın Birinci Xanımı, ölkənin Birinci vitse-prezidenti ölkə başçısını daima dəstəkləyir. XXI əsrdə beynəlxalq arenada Azərbaycanın imicinin formalaşmasında Mehriban xanım Əliyevanın danılmaz rolu vardır. Onun Azərbaycan mədəniyyəti və təhsilinə hamilik etməsi, YUNESKO-dakı yorulmaz, məqsədyönlü fəaliyyəti, kreativ proqramların, ideyaların həyata keçirilməsi cəmiyyətdə çox böyük maraq doğuraraq müsbət qarşılanır, sıçrayışlara səbəb olur. Prezidentimiz milli-mənəvi dəyəroərə, adət-ənənələrə sadiq olaraq, Məkkədə Həcc ziyarətinə getmiş, 2015-ci ildə isə ailəsi ilə birgə Ümrə ziyarətində olmuşlar. XXI əsrin inkişaf tendensiyalarını müəyyən etmək çox çətindir. Onların qeyri-müəyyən olması, gözlənilməz hadisələrin baş verməsi, qlobal siyasi landşafta təsirinin dərinliyi və s. bir daha çinlilərin bir hikmətli sözünü təsdiq edir: "Əvvəlcədən görmək çətindir, xüsusən də, gələcəyi". Azərbaycan qloballaşmanın zərbələrindən qoruna bilir. Bu gün Şimal və Cənub arasında iqtisadi baxımından fərqlər dərinləşir, inkişafın disqarmoniyası dünya üçün yeni təhlükələr yaradır. Azərbaycanda yeni informasiya və kommunikasiyaların, habelə, biotexnologiyaların tətbiqi iqtisadi inkişafı sürətləndirir. Azərbaycan Respublikasının daxili və xarici siyasətinin prioritet inkişaf istiqamətləri müəyyənləşdirilib, bu inkişaf uğurla həyata keçirilərək, öz müsbət nəticələrini verməkdədir.
Vüqar Seyidov,
YAP Suraxanı rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB