Oqtay Əsədov İran İslam Respublikası İslam Şurası Məclisi Sədrinin xüsusi nümayəndəsini qəbul edib
Milli Məclisin Sədri Oqtay Əsədov İran İslam Respublikası İslam Şurası Məclisi Sədrinin xüsusi nümayəndəsi, Milli Təhlükəsizlik Komissiyasının sədr müavini Kazım Cəlalini qəbul edib.
SİA-nın məlumatına görə, sədr qonaqları səmimi salamlayaraq müstəqil Azərbaycanın İran İslam Respublikası ilə əlaqələrin inkişafına böyük önəm verdiyini vurğuladı. Bildirildi ki, xalqlarımız arasındakı dərin tarixi və mədəni bağlılıq münasibətlərimizin daha da dərinləşməsi üçün yaxşı zəmin yaradıb. Hər iki ölkə Prezidentlərinin səyləri nəticəsində əlaqələrimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlib.
Söhbətdə Spiker İranın Tehran və Təbriz şəhərlərinə səfərlərini xatırlayaraq orada keçirdiyi görüşlərdən məmnun qaldığını söylədi. Milli Məclisin Sədri bildirdi ki, dövlətlərarası münasibətlərin daha da dərinləşməsinə hər iki ölkənin parlamentləri öz layiqli töhfələrini verir. Bu gün Milli Məclisdə və İran parlamentində əlaqələr üzrə dostluq qrupları fəaliyyət göstərir. Deputatlarımız nüfuzlu beynəlxalq qurumlarda faydalı əməkdaşlıq edirlər. Parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri informasiya mübadiləsi baxımından çox əhəmiyyətlidir.
Spiker İran parlament Sədrinin Azərbaycana gözlənilən səfərinin qanunverici orqanlar arasında əməkdaşlığın daha da dərinləşməsi baxımından əhəmiyyətli olacağına inamını ifadə etdi.
Səmimi qəbul üçün minnətdarlığını bildirən qonaq İran İslam Respublikasının Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini xüsusi vurğuladı. Sonra o, İran parlamentinin Sədri Əli Laricaninin salamlarını Milli Məclisin Spikeri Oqtay Əsədova çatdıraraq, onu Azərbaycan parlamentinə yenidən Sədr seçilməsi münasibəti ilə təbrik edib gələcək fəaliyyətində uğurlar arzuladı. Kazım Cəlali öz ölkəsinin parlament Sədrinin məktubunu Milli Məclisin Sədrinə təqdim etdi.
Qonaq xalqlarımız arasında münasibətlərin yüksək səviyyəyə çatmasında dövlət başçılarının rolunu vurğulayaraq əməkdaşlığımızın daha da dərinləşməsi üçün geniş imkanlar olduğunu söylədi. Qeyd edildi ki, onun təmsil etdiyi ölkə Azərbaycanla həyatın müxtəlif sahələrində əlaqələrin inkişafına böyük maraq göstərir. Dövlət başçılarının iradəsi sayəsində münasibətlərimiz yeni mərhələyə qədəm qoyub.
Kazım Cəlali bildirdi ki, hər iki ölkənin parlamentləri əlaqələrimizin genişləndirilməsində mühüm rol oynayır. Parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri xalqlarımızın ümumi mənafeyinə xidmət edir.
Qonaq İran parlament Sədrini Azərbaycana dəvət etdiyinə görə Spiker Oqtay Əsədova minnətdarlığını ifadə edərək, münasib vaxtda bu səfərin reallaşacağını söylədi.
Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə İran İslam Respublikasının ölkəmizdəki səfiri Məmmədbağır Bəhrami və digər rəsmi şəxslər iştirak edirdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB