Ombudsman Aparatında Yeva Kupce ilə görüş keçirilib

Ombudsman Aparatında Yeva Kupce ilə görüş keçirilib

Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Peter Semnebinin siyasi məsələlər üzrə müşaviri Yeva Kupce ilə görüş keçirilib.

SİA-nın xəbərinə görə, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı qonağı salamlamış, ölkəmizdə nüfuzlu beynəlxalq qurumlarla, o cümlədən Avropa İttifaqı ilə əməkdaşlığa yüksək qiymət verildiyini, birgə layihələr həyata keçirildiyini vurğulyıb. Ombudsman Elmira Süleymanovanın insan hüquqlarının müdafiəsi və təmini sahəsində çoxşaxəli fəaliyyəti, səlahiyyətləri haqqında qonağa ətraflı məlumat verilib.

Y.Kupce insan hüquqları və demokratik inkişaf məsələlərinin təmsil etdiyi qurumun fəaliyyətində əsas prioritetlərdən olduğunu qeyd edib. O, qeyri-hökumət təşkilatları və dövlət qurumları ilə eyni səviyyədə qarşılıqlı əlaqələrin qurulmasında maraqlı olduqlarını diqqətə çatdırmış, Ombudsman təsisatının insan hüquqlarının müdafiəsi və təmin olunması üzrə fəaliyyətində əsas istiqamətlərlə, eyni zamanda Müvəkkilə verilmiş yeni səlahiyyətlərlə maraqlanmış, bununla bağlı qonağa məlumat verilib.

Aparatın rəhbəri qonağın Ombudsmanın məhkəmələrlə əməkdaşlığı ilə bağlı sualını cavablandıraraq, təsisatın məhkəmələrlə, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi ilə də qarşılıqlı əlaqələr qurduğunu, Müvəkkilin mandatına uyğun olaraq, bu məhkəməyə insan hüquqları baxımından sorğular göndərildiyini, bunların bir qisminin təmin edildiyini və qərardadlar qəbul olunduğunu, bəzi sorğuların araşdırıldığını, bir neçəsinin isə məhkəmənin icraatında olduğunu bildirib.

Görüş fikir və məlumat mübadiləsi şəraitində başa çatmış, qonağın sualları ətraflı cavablandırılıb.

Y.Kupce Ombudsman təsisatı ilə əməkdaşlıqda maraqlı olduqlarını qeyd etmiş, səmimi qəbul üçün təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə