İlham Əliyev: "Xüsusilə dövlət və Vətən qarşısında xidməti olan vətəndaşlar dövlət tərəfindən layiqincə qiymətləndirilməlidir"

İlham Əliyev: "Xüsusilə dövlət və Vətən qarşısında xidməti olan vətəndaşlar dövlət tərəfindən layiqincə qiymətləndirilməlidir"

"Xüsusilə müharibədə sağlamlığını, öz yaxınlarını itirmiş insanlara Azərbaycan dövləti həmişə böyük qayğı göstərib və bu gün də bu siyasət davam etdirilir". SİA-nın xəbərinə görə, bunu Prezident İlham Əliyev Zabrat qəsəbəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunan yaşayış binalarının istifadə verilməsi mərasimindəki çıxışında deyib". Son illərdə 3 mindən artıq mənzilin paylanıldığını diqqətə çatdıran dövlət başçısı bildirib ki, bu il 700-dən çox mənzil verilib: "Növbəti 3-4 ildə, əminəm ki, hazırda növbədə dayanan bütün vətəndaşlar ən yüksək səviyyədə tikilmiş mənzillərlə təmin olunacaqlar. Bununla bərabər, bu gün 200-dən çox avtomobil də paylanılır. Bu, artıq gözəl ənənəyə çevrilibdir. Mindən çox, bəlkə də iki minə yaxın avtomaşın artıq soydaşlarımıza verilib".

Dövlət başçısı bildirib ki, Qarabağ əlilləri və şəhid ailələri bu diqqətə layiqdirlər: "Azərbaycan dövləti sizin xidmətlərinizi layiqincə qiymətləndirir. Apardığımız güclü sosial siyasət özünü bax bu gözəl əməllərdə göstərir. Sosial siyasətin əsas mahiyyəti və mənası ondan ibarətdir ki, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar. Xüsusilə dövlət və Vətən qarşısında xidməti olan vətəndaşlar dövlət tərəfindən layiqincə qiymətləndirilməlidir. Bunu etmək üçün əlbəttə ki, dövlətdə maddi imkanlar olmalıdır. Biz bu imkanları yaradırıq. Azərbaycanda son illər ərzində aparılan uğurlu iqtisadi siyasət, artan maddi imkanlarımız bu vəziyyəti yaradıb. Əgər bu olmasaydı, nə qədər istəsək də bu binaları tikə bilməzdik. Bu, böyük vəsait tələb edən layihələrdir, xüsusilə deyə bilərəm ki, çox böyük zövqlə və keyfiyyətlə tikilmiş mənzillərdir".

Prezident deyib ki, Azərbaycanın inkişafı, bölgədəki mövqelərimizin möhkəmlənməsi artıq reallıqdır. Onun sözlərinə görə, Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir, çox gözəl iqtisadi perspektivlərə malikdir: "Belə olan halda bütün imkanlarımızı səfərbər edib Azərbaycanda çox güclü sosial siyasətin aparılmasına yönəldirik. Sosial siyasət təkcə bu gözəl açılışlarla məhdudlaşmır. Ünvanlı sosial yardım göstərilir, ölkəmizdə məktəblər, xəstəxanalar, idman kompleksləri tikilir, yollar salınır. Yəni, biz çalışırıq ki, Azərbaycan cəmiyyətində dünyanın ən qabaqcıl meyarları tətbiq olunsun. Biz buna layiqik və bunu etməyə qadirik. Bu gün iqtisadi potensialımız artıq dünya birliyində də qiymətləndirilir. Dünyanın aparıcı maliyyə qurumları Azərbaycanda aparılan islahatları yüksək qiymətləndirirlər. Azərbaycan bütün reytinqlərdə qabaqcıl yerlərdədir. Əlbəttə ki, bu, bizi daha da ruhlandırır. Biz gələcək fəaliyyətimizdə də bu əsas iki amili həmişə diqqətdə saxlayacağıq: güclü iqtisadiyyat və güclü sosial siyasət. Sosial siyasət elə olmalıdır ki, Azərbaycan vətəndaşları ondan bəhrələnsinlər".

İlham Əliyevin fikrincə, eyni gündə Bakının Sabunçu rayonunun Zabrat, Xəzər rayonunun Pirallahı qəsəbəsində, həmçinin Yasamal rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunan hər biri doqquzmərtəbəli, 81 mənzilli yaşayış binaları istifadəyə verilməsi Azərbaycanın inkişaf yolunu göstərir: "Biz bunu edə bilirik, biz bunu edirik, bizim siyasətimiz bundan ibarətdir. Dediyim kimi, növbədə dayanan bütün müharibə veteranları, müharibə əlilləri, şəhid ailələri növbəti illərdə evlərlə, mənzillərlə təmin ediləcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə