İlk dəfə 1997-ci ildə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi "Jurnalistlərin Dostu" adlı mükafat təsis edib. Mükafatın təsis edilməsində əsas məqsəd mətbuat azadlığını inkişaf etdirmək, media nümayəndələri ilə dövlət orqanları, siyasi partiyalar arasında əlaqələrin möhkəmlənməsinə köməklik göstərmək və KİV-lərə qayğını artırmaq olub. Mükafat son dəfə 2002-ci ildə Azərbaycan Respublikasının Ümummili lideri, mərhum prezident Heydər Əliyevə verilmişdi. 8 il aradan sonra bu il mükafat yenidən təsis edildi. Builki mükafatın ünvanı isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev olub. "RUH" Jurnalistləri Müdafiə Komitəsi keçirdiyi sorğuya əsasən, dövlət başçısı 2010-cu ildə mətbuatın dostu adına layiq görülüb.
Bu məsələ ilə bağlı bir neçə qəzetlərin baş redaktorlarının münasibətlərini öyrəndik.
Yunus Oğuz, "Olaylar" qəzetinin baş redaktoru:
"RUH" jurnalistlər təşkilatının bu seçimi heç də təsadüfi deyil. Sorğu yüksək peşəkarlıq və dəqiqliklə həyata keçirilib. Bu məsələ ilə bağlı, redaksiyalara sorğular göndərilib və nəticə etibarilə Prezident İlham Əliyev 81 faiz səs qazanıb. Bildiyiniz kimi, dövlət başçısı bu il mətbuatın 135 illiyi ilə əlaqədar bir çox sərəncamlar imzalayıb. Bunlardan biri də, mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 5 milyon manat vəsait ayrılması olub. Yaxın zamanlarda isə jurnalistlər üçün nəzərdə tutulan evlərin inşasına başlanacaq. Bütün bunlarla yanaşı, 135 illik yubiley ilə bağlı bir çox mətbuat nümayəndəsinə fəxri adlar verilib. Təbiidir ki, jurnalistlərə olan diqqət Prezident İlham Əliyevə mətbuatın dostu nominasiyasını qazandırdı. Prezidentin ad günü ərəfəsində baş tutan bu hadisə onun üçün də önəmli bir sürpriz oldu. Ancaq onu deyə bilərəm ki, mükafatın prezidentimizə verilməsi tamamilə doğru seçimdir.
Akif Aşırlı, "Şərq" qəzetinin baş redaktoru:
- Azərbaycan jurnalistləri ən doğru və düzgün seçim ediblər. İlham Əliyev hələ Prezident seçilməmişdən əvvəl mətbuatın dostu idi. Həmin vaxtlar keçirilən müxtəlif dövlət tədbirlərində İlham Əliyevin peşəkar jurnalistlərə çox müsbət münasibətinin şahidi olmuşuq. Prezident seçiləndən sonra da, Azərbaycan jurnalistləri İlham Əliyevi özlərinə dost elan ediblər. Təbii ki, Prezidentin mətbuat işçilərinin dostu seçilməsi üçün kifayət qədər əsaslar var. Bu il Milli Mətbuatın 135 illik yübileyi dövlət tərəfindən çox yüksək səviyyədə qeyd olundu. Eyni zamanda, mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin Sərəncamı ilə 5 milyon manat vəsait ayrılıb. Təbii ki, bu da jurnalistlərin seçiminə təsir göstərib. Bir mətbuat işçisi olaraq, mən də bu seçimə qatılıram və jurnalistlərin bu seçimini çox yüksək dəyərləndirirəm.
Elçin Mirzəbəyli, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru:
- Bu sorğuda iştirak edən bir mətbuat orqanı olaraq onu deyə bilərəm ki, bu çox ədalətli seçimdir. Prezident İlham Əliyevin "Jurnalistlərin dostu" adına layiq görülməsi hamı tərəfindən gözlənilirdi. Çünki son dövrlərdə mətbuata göstərilən qayğı, jurnalistikanın inkşafı uğrunda atılan addımlar bunu sübut edir ki, dövlət başçısı mətbuata hərtərəfli diqqət edir. Bu il də mövzu ilə əlaqədar prezident bir sıra sərancamlar verib. Artıq son zamanlara diqqət etsək görərik ki, jurnalistikada söz azadlığı sürətlə inkişaf edir. Atılan addımlar, görülən işlər gələcək illərdə də öz tövhələrini verəcək. Bütün bunlara və sadalamadığım digər səbəblərə əsaslanaraq deyə bilərəm ki, Azərbaycan prezidentinin belə bir adla mükafatlandırılması hamımızı sevindirdi və bu gözlənilən nəticə idi".
Məsələyə münasibət bildirən qəzet redaktorlarının fikirlərindən aydın görünür ki, ölkə başçısının "Jurnalistlərin dostu" mükafatına layiq görülməsi Prezident İlham Əliyevin mətbuata göstərdiyi böyük diqqətin nəticəsi kimi dəyərləndirilir.
Biz də SİA olaraq prezidentimizi təbrik edir, mətbuata göstərdiyi qayğı üçün təşəkkür edərək ona uğurlar, nailiyyətlər arzulayırıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB