Azərbaycan Mətbuat Şurasının (MŞ) "apellyasiya qrupu"nun iclası keçirilib. Şuradan SİA-ya verilən məlumata görə, qrupun rəhbəri, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Şuranın "qara siyahı"sında yer alan bir sıra qəzetlər bu ictimai qınağın üzərilərindən götürülməsi üçün MŞ-yə müraciətlər ünvanlamaqdadırlar.
O vurğulayıb ki, qrupun sonuncu toplantısı bu ilin iyul ayında olub və "Reket nəşrlərin müəyyənləşdirilməsinə dair Təlimat"a uyğun olaraq siyahıdakı 26 KİV-in adı "qara siyahı"dan çıxarılıb. Bu zaman milli mətbuatımızın 135 illik yubileyi ilə bağlı onların bağışlanılması prinsipi də əsas götürülüb.
V. Rəhimzadə hazırda 15-dək mətbu nəşrin yenidən MŞ-yə müraciət etdiyini nəzərə çatdırıb, qrup üzvlərindən məsələyə münasibət bildirmələrini xahiş edib.
Qrup üzvləri MŞ-yə daxil olan müraciətlərlə tanış olduqdan sonra rəyə gəliblər ki, növbəti iclasda müraciət edən KİV-in hər biri ilə fərdi söhbətlər aparılsın, həmin qəzetlərin "qara siyahı"dan çıxarılmasına nə kimi əsaslar olduğu müəyyənləşdirilsin, qrupun rəyi hazırlanaraq Şuranın İdarə Heyətinə verilsin.
Qeyd edək ki, MŞ-nin "apellyasiya qrupu" bu ilin fevralında yaradılıb. Qrupun təşkilindən məqsəd MŞ-nin "qara siyahı"sında yer alan KİV-in müraciətlərini müzakirə etmək və adlarının siyahıdan çıxarılma imkanlarını araşdırmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB