Diplomatik korpus əməkdaşlarının uşaqları arasında keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb-TƏDBİR

Diplomatik korpus əməkdaşlarının uşaqları arasında keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb-TƏDBİR
Bu gün T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının "Uşaq dünyası" Rəsm Qalereyasında Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus əməkdaşlarının uşaqları arasında "Azərbaycan haqqında nə bilirəm" mövzusunda keçirilmiş I Respublika müsabiqəsinin yekununa dair tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, müsabiqə Xarici İşlər Nazirliyinin təşəbbüsü və Təhsil, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Onun sözlərinə görə, müsabiqə ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin əməkdaşlarının uşaqlarında Azərbaycan tarixi, təhsili, mədəniyyəti, incəsənəti haqqında daha dolğun təsəvvür yaratmaq, onları ölkəmizin ictimai həyatında fəal iştiraka cəlb etmək məqsədilə təşkil olunub. Nazir qeyd edib ki, 6-18 yaşlı uşaqlar arasında inşa, şeir, rəsm, rəqs və müxtəlif əl işləri nominasiyaları üzrə keçirilən müsabiqədə Avropa İttifaqı Nümayəndəliyi, Belarus, Çexiya, Koreya, Qazaxıstan, Pakistan İslam Respublikalarının, Rusiya Federasiyasının ölkəmizdəki səfirliklərinin əməkdaşlarının uşaqlar iştirak ediblər: "Müsabiqə ilə bağlı müvafiq məlumatlar kütləvi informasiya vasitələrində mütəmadi olaraq işıqlandırılıb. Müsabiqəyə rəsm nominasiyası üzrə 14, inşa nominasiyası üzrə 5, şeir nominasiyası üzrə 1 iş təqdim edilib. Həmin işlər münsiflər heyəti tərəfındən qiymətləndirilərək qaliblər müəyyənləşdirilib", - deyə o əlavə edib.

Tədbirin davamında çıxış edənlər ölkədə belə bir müsabiqənin keçirilməsini yüksək qiymətləndirib və bu işlərin davamlı olacağına inandıqlarını söyləyiblər. Təbirin sonunda qaliblər təşkilatçılar tərəfindən müxtəlif hədiyyələr və diplomlarla mükafatlandırılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə