“Cəmiyyətin tələbi ilə Minsk qrupunun fəaliyyətində korrektələr etmək olar” AÇIQLAMA-ÖZƏL

“Cəmiyyətin tələbi ilə Minsk qrupunun fəaliyyətində korrektələr etmək olar” AÇIQLAMA-ÖZƏL

“Artıq neçə ildir ki, Ermənistan tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində dialoqa gəlmək baxımından oyunlar oynanılsa da, ATƏT-in Minsk qrupu onları dəstəkləməkdə davam edir. Çox təəssüf ki, həmsədrlər sanki yalnız işğalçı tərəfin səsini eşidir, təkliflərini nəzərə alır”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

O bildirib ki, illərdir Minsk qrupu tərəfindən problemin həlli istiqamətində bəyanatlar səsləndirilsə də, bu istiqamətdə heç bir real addım atılmır: “Son vaxtlar həmsədərlər tez-tez xoşməramlılıqdan söz açır, Azərbaycan və Ermənistan tərəfinin xoşməramlı niyyətlərini ortaya qoyması ilə bağlı istəklərini səsləndirirlər. Onların fikrincə bu, məhsuldar dialoqa şərait yaradacaq. Lakin onlar unudur ki, Ermənistan tərəfindən fərqli olaraq Azərbaycan hər zaman məhsuldar dialoqun qurulması istiqamətində addım atır və dialoqdan imtina edən tərəf Ermənistan olur. Bununla bağlı həmsədrlərə arqument də irəli sürmək mümkündür”.

Politoloq qeyd edib ki, görünür həmsədrlər üçün xoşməramlılıq yalnız cəbhə xəttində atəşkəsin saxlanmasıdır: “Bu da əlbəttə ki, xoş niyyətli deyil, öz məqsədlərinə nail olmaq üçün irəli sürülən istəkdir. Onlar cəbhədə heç bir insidentin olmamaından istifadə edərək Dağlıq Qarabağ münaqişəsinin həllində status-kvonnun saxlanmasına geniş şərait yaratmağa çalışırlar”.

İ.Vəlizadə qeyd edib ki, ATƏT-in Minsk qrupu Ermənistan tərəfindən girov saxlanılan azərbaycanlılarla bağlı məsələyə də müdaxilə edə bilər: “Onlar Ermənistanı təkid edərək, girovlarımızın qayytarılması ilə bağlı onların qarşısına məsələ qoya bilərdi. Bu addımın danışıqlar prosesi çərçivəsində atılması çox vacibdir. Amma nədənsə onlar susur, bir çox hallarda ermənipərəst mövqe sərgiləyir və onların təkliflərini əllərində bayraq edərək, tez-tez regiona səfər etməyə qarşımızda məsələlər qoymağa başlayırlar”.

Politoloq əlavə edib ki, biz AƏT-in Minsk qrupunun fəaliyyətinin ifşası ilə bağlı fikirlər söyləməklə, Ermənistanı da ifşa etmiş oluruq: “Bu baxımdan cəmiyyətimiz həmsədrlərin fəaliyyəti ilə bağlı narazılığını açıq şəkildə ifadə etməli, onların iç üzünü göstərməliyik. Bu insanların fəaliyyəti, ölkəmizə səfərləri arzu olunmazdır. Biz cəmiyyətin fikrini nəzərə alaraq, onlara demokratik prinsiplərini əsas götürməklə həmsədrlərin dəyişdirilməsi məsələsini onların qarşısında bir məsələ kimi qoya bilərik. Cəmiyyətin tələbi ilə bu məsələ ATƏT-in Minsk qrupunun gündəliyinə salına bilər. Bəlkə bundan sonra minsk qrupunun fəaliyyətində korrektələr etməyə məcbur ola bilərlər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə