Mübariz Qurbanlı: “Jurnalistlər belə bir qərar qəbul etməklə yanılmayıblar”

Mübariz Qurbanlı: “Jurnalistlər belə bir qərar qəbul etməklə yanılmayıblar”

"İlham Əliyev Azərbaycan xalqı tərəfindən sevilən, əhalinin mütləq əksəriyyəti tərəfindən müdafiə olunan şəxsiyyətdir və onun "Jurnalistlərin dostu" seçilməsi təsadüfi deyil". SİA-ya açıqlamasında bu sözləri deyən Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib ki, prezident kütləvi informasiya vasitələri üçün açıq olan siyasətçilərdən biridir.

 

Ulu öndərin siyasətini uğurla, təmkinlə İlham Əliyev tərəfindən davam etdirildiyini deyən millət vəkili qeyd edib ki, dövlət başçısı ölkədə, dünyada baş verən proseslərlə bağlı mətbuata mütəmadi məlumatlar verən, mətbuatla sıx təmas quran siyasətçidir: "Prezidentimiz yalnız Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində keçirilən ayrı-ayrı nominasiyalar üzrə qalib gələn liderlərdəndir. "İlin adamı", "Mətbuatın dostu" kimi adlar buna misal ola bilər. Prezidentinin "Jurnalistlərin dostu" seçilməsi də onun mediaya göstərdiyi diqqət və qayğısının nəticəsidir".

 

M.Qurbanlı hesab edir ki, jurnalistlər belə bir bir qərar qəbul etməklə yanılmayıblar: "Düşünürəm ki, prezidentimizin çoxşaxəli fəaliyyəti yalnız mətbuat nümayəndələri tərəfindən deyil, digər kateqoriyadan olan ayrı-ayrı iş adamları tərəfindən də məmnuniyyətlə qarşılanır. Mən müstəqil Azərbaycanın möhkəmləndirilməsi, prezidentin həyata keçirdiyi siyasətin daha böyük uğur qazanması naminə Yeni Azərbaycan Partiyası üzvləri adından ona bir daha müvəffəqiyyətlər arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə