"Siyasi məhbus" qovğası

Xədicə İsmayıl: "Bu işlərin başında "ağılsız ambisioz" Əli Kərimli dayanır"

Yenə də dağıdıcı müxalifət düşərgəsində "siyasi məhbus" siyahısı məsələsində yaranmış narazılıqlar dağıdıcı xislətli müxaliflər arasında "arı pətəyinə çomaq soxmaq" effekti yaradıb. Çarəsiz qalan "beşinci kolon"un nümayəndələri, xüsusilə də, bir vaxtlar bir-birinə can deyib, can eşidən "araşdırmacı müxbir" Xədicə İsmayılla AXCP sədri Əli Kərimli bu gün düşmənə çevriliblər.

X.İsmayıl AXCP sədrini və və onun yedək təşkilatı olan qondarma "Milli Şura"nın sədri Cəmil Həsənli haqqında bildiklərini söyləyəcəyini və axıra qədər onlara qarşı mübarizə aparacağını deyib: "Əli Kərimli ilə Cəmil Həsənli səviyyəsizlərdir. Ağılsızlardan, satqınlardan nə gözləmək olar? Dünənə qədər mənə "can" deyirdi, bu gün qrant davası edir. Harda Ə.Kərimli və C.Həsənli var ora kor olur. Bu ara qarışdıranlar medianın işinə qarışdılar, "Azadlıq" qəzetini qara günə qoydular, İndi də hüquq müdafiəçilərinin işinə qarışıb, onları iflic edirlər",

Ə.Kərimli keçmiş ortağından acıq çıxmaq üçün "siyasi məhbus" biznesinə əl uzadan X.İsmayıl və onun başçılıq etdiyi qrupu hədəfə tutmaq üçün mübarizə meydanı kimi yenə də sosial şəbəkələri seçib. X.İsmayıl isə "siyasi məhbus" biznesini hər şeydən üstün tutaraq, özünün sosial şəbəkələrdə etdiyi paylaşımlarında açılmayan düyünləri açdı: "Dəli şeytan deyir, partiyasını və liderini tərifləyənlərin hamısını dostluqdan çıxar ki, gözün bu biabırçılığı görməsin".

"Siyasi məhbus" biznesində "çörəyinə" şərik çıxan Ə.Kərimlini hədəfə alan X.İsmayıl onu da bildirib ki, özünü "demokrat" adlandıran Ə.Kərimli ən xırda tənqidə belə tab gətirməyərək "facebook" briqadasını mənim üstümə göndərir: "Əli Kərimli məni "əmək itirən" quldar kimi qələmə verir. Özü layiq olduğu adı elə özü daşısın da."

Göründüyü kimi, "demokratiyadan" danışan bu əqidəsizlərin iç üzü həmişə özləri tərəfindən sübuta yetirilir. Dünənə kimi, Ə.Kərimlinin "sağ" əli olan X.İsmayıl bu gün onu əqidəsiz adlandıraraq, onun qranta görə sağ qulağını sol əli ilə qaşımaq həvəsinin qursağında qaldığını bildirir.

Əli Orucov: "Qondarma "siyasi məhbus" alverçiləri həqiqətən də "ağılsız ambisioz"dular"

Azərbaycan Milli İstiqlal Partiyası siyasi şurasının üzvü Əli Orucov da məlum olmayan "siyasi məhbus" terminindən dağıdıcı müxalifətin öz şəxsi mənafeləri üçün istifadə etdiklərini bildirib: "Siyasi məhbus" termininin özü məlum deyil. Bu ifadənin özünü zəruri edən şərtlər və kriteriyalar mövcud deyil. Beynəlxalq hüquqi sənədlərdə də "siyasi məhbus" termini yoxdur. Yəni "siyasi məhbus" termininin mahiyyəti və mənşəyi, konkret olaraq, bəlli olmadığına görə, radikal müxalifət həmişə bundan öz şəxsi mənafeləri üçün istifadə edib. Bu məlum olmayan ifadəni ortaya atanlar daha çox provokasiya ilə məşğul olanlardır".

Ə.Orucov onu da vurğulayıb ki, radikal müxalifətin konkret əməllərinə görə, həbs edilənləri "siyasi məhbus" kimi qələmə vermək cəhdi boş hay-küydən başqa bir şey deyil: "Bu, bir təzyiq və alver vasitəsidir. İstər Əli Kərimli, istərsə də Xədicə İsmayıl qondarma "siyasi məhbus" siyahıları hazırlamaqla sırf öz məqsədlərini güdürlər".

Göründüyü kimi, qrant, pul ehtirasi dağıdıcı düşərgədəkilərin düşmən olmaları üçün yetərlidir.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə