AXCP-Müsavat birliyi və Xalq Məclisi ideyaları baş tutacaqmı?

AXCP-Müsavat birliyi və Xalq Məclisi ideyaları baş tutacaqmı?

Xəbər verildiyi kimi, deputatlığa namizəd olmuş şəxslərin, ayrı-ayrı siyasi partiyaların, QHT-lərin, ziyalıların, hüquq müdafiəçilərinin iştirakı ilə müxalifətin genişləndirilmiş növbəti forumu dekabrın 28-də keçiriləcək. Dekabrın 14-də keçirilən sonuncu forumda siyasi təşkilatlardan Müsavat Partiyası, AXCP, KXCP, AMİP, BAP, AXP, Əhrar Partiyası və Cümhuriyyət Partiyasının rəhbərliyi iştirak ediblər. Həmin toplantıda Forumun taleyi ilə bağlı konkret təkliflər irəli sürülüb. Ən cəlbedici təklif AXP üzvü, keçmiş deputat Pənah Hüseyn tərəfindən səslənib. Təklifdə forumun Xalq Məclisi, İctimai Palata və yaxud Senat adlandırılması öz əksini tapıb. 28 dekabrda keçiriləcək toplantıda Xalq Məclisinin rəsmən elan ediləcəyi gözlənilir. Müxalifət düşərgəsində gündəmdə olan digər bir məsələ isə AXCP-Müsavat birliyi məsələsidir.

Təklif edilən Xalq Məclisinin yaradılması ilə bağlı fikirlər isə birmənalı deyil. Bəziləri bunu mümkün hesab edir. Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadə isə bunu real hesab etmir. Ümumilikdə müxalifətdə birləşmə ənənəsinin olmasına inanmayan A.Əlizadə SİA-ya açıqlamasında bildirib ki, müxalifət həmişə qeyri-real təkliflər irəli sürür və müzakirələr aparırlar.

Baş verən proseslərlə bağlı hal-hazırda danışmaq istəmədiyini deyən partiyanın həmsədri AXCP-Müsavat partiyalarının birləşməsi məsələsinə də bir cümlə ilə münasibət bildirib. O, bu məsələdə real bir şey görmədiyini vurğulayıb.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) təşkilat şöbəsinin rəhbəri Xəzər Teyyub isə hesab edir ki, indiki halda kimsənin müxalifətin ümumi birliyinə geniş anlamda qarşı çıxacağını gözləmir. Hansı formatda olmasından asılı olmayaraq müxalifətin birliyinin önəmli olduğunu deyən KXCP funksioneri Xalq Məclisi ilə bağlı səslənən müxtəlif fikirlərin olmasını da normal qəbul etdiyini deyib.

AXCP-Müsavat birliyinə gəlincə, X.Teyyublu qeyd edib ki, bu məsələ ilə müxalifətin ümumi birliyi bir-birindən fərqləndirilməlidir: "AXCP və Müsavatın birləşməsi bu partiyaların daxili işidir. Bizim üçün daha önəmlisi müxalifətin bir forum ətrafında qüvvələrin birləşməsidir. Bu forum çərçivəsində istənilən siyasi qüvvə başqaları ilə əməkdaşlıq edə bilər. Ümid edirəm ki, gözləntilərimiz özünü doğruldacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə