Belarusda kütləvi həbslər başlayıb

Belarusda kütləvi həbslər başlayıb

Belarusda keçirilən prezident seçkilərinin saxtalaşdırıldığı iddiasıyla etiraz aksiyalarına başlayan müxalifət Azadlıq Meydanını doldurub. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, 30 mindən çox insanın toplaşdığı mitinqə polis sərt şəkildə müdaxilə edib. 1000-ə yaxın insanın həbs edildiyi bildirilir.

İctimai polislə toqquşan nümayişçilər meydanın yaxınlığındakı hökumət binalarına hücum ediblər. Daxili İşlər Nazirliyi icazəsiz mitinqin təşkilatçılarının 15 ilə qədər həbs cəzası ala biləcəklərini açıqlayıb.

Müxalifət liderləri Nikolay Statkeviç, Andrey Sannikov, Qriqori Kostusev və Vitali Rimaşevski də həbs edilənlər arasındadır. Daha bir müxalif lider Vladimir Neklyayev isə hələ də həbsxanadadır. "Novaya gazeta"nın müxbiri və Andrey Sannikovun həyat yoldaşı İrina Halip də həbs edilənlər arasındadır. Şahidlər Halip və Sannikovun ağır şəkildə döyüldüyünü bildiriblər.

Müxalifət liderlərindən Yaroslav Romançuk bütün liderlərin meydanda həbs edildiyini, meydana gəlməyənlərin də evlərindən toplanaraq polis məntəqələrinə aparıldığını deyib. Belarus Mərkəzi Seçki Komissiyası səslərin hamısının sayıldığını və Aleksandr Lukaşenkonun 79,67 səslə yenidən prezident seçildiyini açıqlayıb. Lukaşenkodan sonrakı ən çox səsi isə Andrey Sannikov alıb - 2,56 faiz. MSK seçkilərdə əhalinin 90 faizdən çoxunun iştirak etdiyini bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə