“Hazırda Ermənistanda demoqrafik vəziyyət acınacaqlı durumdadır. Bu ölkənin demoqrafik vəziyyətinə nəzər saldıqda Cənubi Qafqazda ən az əhaliyə malik olduğunu görərik. Burada mövcud olan və gündən-günə daha da ağırlaşan problemlər demoqrafik duruma da mənfi təsir göstərir”. Bu fikirləri SİA-ya politoloq Ehtiram Aşırlı deyib.
O bildirib ki, ermənilər 100 il əvvəl işğal yolu ilə əldə etdikləri torpaqları artıq tərk edib başqa ölkələrə gedirlər.
Politoloq söyləyib ki, bunun əsas səbəbi ölkədə hökm sürən sosial-iqtisadi problemlər, dövlət səviyyəsinə yüksəlmiş korrupsiya və özbaşınalıqlardır: “Bununla yanaşı Ermənistanda əhalinin sürətlə ölkədən çıxıb getməsinin digər səbəblərindən biri də 1988-1990-cı illərdə azərbaycanlıların zorla bu ölkədən deportasiya edilməsidir".
Ermənistan Milli Statistika Xidmətinin 2018-ci il oktyabrın 1-nə olan məlumatına görə, Ermənistanda daimi yaşayan əhalinin sayı 2 milyon 969,2 min nəfərdir. Bu, 2017-ci ilin eyni dövrü ilə müqayisədə 10 min 400 nəfər azdır. 2018-ci ilin 9 ayında əhalinin sayının 3 min 500 nəfər azaldığı vurğulanır. 7 min 400 min nəfərlik təbii artım müqabilində ölkədən 10 min 900 nəfər köçüb. Milli Statistika Xidmətinin məlumatında 2018-ci ilin 9 ayında doğum sayının 2017-ci ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz, ölüm hallarının 6,4 faiz azaldığı qeyd olunur. Qeyd edim ki, BMT-nin “Dünya əhalisinin perspektivləri - 2017” illik hesabatında qeyd olunub ki, 21-ci əsrdə Ermənistanın daimi əhalisinin sayı 1 milyon 300 min azalacaq və 1 milyon 700 min nəfərə çatacaq”.
E.Aşırlının sözlərinə görə, bütün bunlar onu göstərir ki, demoqrafik böhrana təsir edən əsas faktorlar sırasına doğum və ölüm səviyyəsi, evlilik və boşanma nisbəti, miqrasiya dərəcəsi, təbii fəlakətlər, ölkədəki sosial-iqtisadi problemlər daxildir: “Hazırda miqrasiya Ermənistanın ən ağrılı problemidir. Ölkəni tərk edənlər arasında gənclərin üstünlük təşkil etməsi isə təsadüfi deyil. Bu problemlərlə yanaşı, onları narahat edən əsas məsələ ölkənin müharibə şəraitində olmasıdır. Onlar özlərinə aid olmayan torpaqlar uğrunda canlarından keçmək istəmirlər. Bundan əlavə, miqrasiya edən əhalinin çox hissəsi ali təhsilli, iş qabiliyyəti olan insanlardır. Demoqrafik vəziyyətdə təhlükənin əsas göstəricilərindən biri məktəblərdə və universitetlərdə tələbələrin sayının ildən-ilə azalmasıdır. Ölkəni tərk edənlərin təxminən 30 faizi universitet məzunu, 49 faizi orta məktəb məzunudur. Sadəcə olaraq 21 faizi təhsilsizdir. Rəsmi məlumatlara görə, 2008-ci ildən bəri, yəni Serj Sarkisyanın hakimiyyəti dövründən bu vaxta qədər 350 mindən çox erməni ölkəni tərk edib. Ümumən son 20 ildə ölkəni tərk edənlərin sayı 500 min nəfərə yaxındır. Bu, birbaşa hakimiyyət orqanları tərəfindən həyata keçirilən siyasətin nəticəsidir”.
Ermənistanda cəmiyyətin pessimist əhval-ruhiyyəsinin əsas səbəbinin bir neçə ailənin əlində olan monopoliya, korrupsiya, ölkədə mövcud olan qanunsuzluqlar, demokratik dəyərlərin və insan hüquqlarının pozulması, işsizlik və yoxsulluq halları olduğunu deyən politoloq qeyd edib ki, bu da əhalinin başqa ölkələrə getməsinə səbəb olan amillərdir: “Hazırda Ermənistanda hər 4 nəfərdən biri xaricdə yaşamağa məcbur olub. Son illər paytaxt İrəvanda bir çox ticarət mərkəzləri bağlanıb. Ölkənin demoqrafik göstəriciləri çox aşağıdır. Ermənistanda hakimiyyət dəyişikliyi olsa da sosial-iqtisadi göstəricilər hələ də bərbad durumdadır. Fikrimcə, vəziyyətin bu şəkildə davam etməsi onsuz da siyasi, iqtisadi və hərbi cəhətdən iflic vəziyyətində olan Ermənistan üçün ağır nəticələnə bilər. Çünki, gələcəkdə ölkədə işləməyə, xidmət etməyə vətəndaş tapılmayacaq ”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB