Demokratiya adı altında oynanılan oyunların, hakimiyyət uğrunda mübarizənin fonunda işğalçı dövlət bataqlığa sürüklənir
Paşinyan hökumətinin yürütdüyü siyasət yalnız küçə nümayişçisinin ələ keçirdiyi hakimiyyətin qorunmasına xidmət edir və bu heç bir halda Ermənistanın maraqlarının təmin olunması anlamına gəlmir. Çünki, mövcud hakimiyyət Ermənistanın mövqeyi üçün çalışmır və öz hakimiyyətini qorumaq üçün demokratiya adı altında hay-küy salmaq erməni cəmiyyəti üçün faydasız olduğu səbəbindən beynəlxalq ictimaiyyət tərəfindən də etibarsızlıqla qarşılanır. Məhz bu səbəbdən də işğalçı ölkə nə qədər səy göstərirsə, daha doğrusu, yanlış istiqamətdə göstərilən səylər sayəsində regional təcridi dərinləşir.
Ermənistanın əlaqələrinin faktiki olaraq iflasa uğradığı göz qabağındadır və mövcud hakimiyyət populist çağırışlarla daxili auditoriyanı nə qədər aldatmağa çalışsa da bunu inkar edə bilməz. Ermənistan cəmiyyəti regionda vəziyyətin öz xeyrinə dəyişilməsini arzulayır. Lakin bu mümkün deyil. Çünki, çox aydın şəkildə nəzərə çarpan bir paradoks, Nikol Paşinyanın hakimiyyət uğrunda mübarizəsinin erməni cəmiyyətinin arzuları ilə üst-üstə düşməməsi bunu əngəlləyir. Əksinə, indi demokratiya adı altında oynanılan oyunların, avantüranın, hakimiyyət uğrunda mübarizənin fonunda işğalçı dövlət bataqlığa sürüklənir.
Əslində, Ermənistanın apardığı siyasət elə əvvəldən də, kökündən, bünövrəsindən də düzgün deyildi və Sarkisyanın misalında bu siyasətin nəticələri ermənilər üçün bir dərs olmalı idi. Ermənistan çoxdan etiraf etməli idi ki, onun bütün problemləri məhz Azərbaycan torpaqlarını işğal etməsi ilə başladı. Bir sözlə, Dağlıq Qarabağı ələ keçirmək arzusu ilə, nəticədə Azərbaycanla münasibətlərini pozmaqla işğalçılar özlərini dərin bir bataqlığa sürüklədilər. İstər regionda Azərbaycanın xeyrinə gedən proseslər, istər Ermənistanın daxilində baş verən son hadisələr, istərsə də beynəlxalq ictimaiyyətin Ermənistana olan etibarsızlığı belə bir qənaətə gəlməyə ciddi əsas verir.
İşğalçılar bir vaxtlar ümid etdikləri ölkələrin dəstəyindən də belə məhrum olurlar
Ermənistanın təcrid olunması günün reallığıdır və Paşinyan kimi avantüristin yanlış siyasəti bu reallığı artıq daha da dərinləşdırməkdədir. Ermənilər bu vaxta qədər istər Avropa ölkələrini, istər qonşu Rusiyanı, istərsə də İranı özlərinə yaxın tərəfdaş hesab edirdilər. Xüsusilə Rusiya və İranın Ermənistana bu vaxta qədərki dəstəyini təkzib etmək də mümkün deyil. Artıq Avropa ölkələri bir tərəfə, qonşu Rusiyanın da, İranın da bu dəstəyi davam etdirəcəyi heç inandırıcı görünmür və bu reallıqdan çox uzaqdır.
Ruslar ermənilərin Qərb yönümlü olduğunu və bu vaxta qədərki dəstəyini hesaba almadıqlarını, bir sözlə xəyanətkar mövqelərini gördükdən sonra Ermənistanın Rusiyadan dəstək gözləməsi sadəlövhlükdən başqa bir şey deyil. Rəsmi Moskvanın etibarsızlıq və səmimiyyətdən kənar olan münasibətlərə həm Xarici İşlər Nazirliyi, həm də parlament səviyyəsində reaksiya verməsi, buna müvafiq bəyanatlar səsləndirməsi Ermənistanda baş verən son proseslərə Rusiya tərəfinin şübhə ilə yanaşdığından xəbər verir. Azərbaycanın ərazi bütövlüyü ilə bağlı Rusiyanın birmənalı bəyanatlar verməsi isə təsdiq edir ki, regionun ən böyük dövlətindən Ermənistanın artıq dəstək umması gülüncdür.
İran isə artıq Paşinyan hakimiyyətinin uğursuz, yanlış siyasətinin acı nəticələrinin, ölkənin iflasa uğramaqda olduğunun fərqindədir. Oktyabrın 30-da Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin üçtərəfli görüşü, üç ölkənin xarici işlər nazirləri tərəfindən imzalanmış İstanbul bəyanatları, beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət və dəstək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin isə məhz bu prinsiplər əsasında həllinə dair qəti və prinsipial mövqeyi heç də təsadüfi deyil. İstanbul bəyanatlarında region dövlətləri, xüsusilə İran tərəfindən açıq-aşkar Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə olunması, münaqişənin məhz bu prinsiplər əsasında həll olunmasına çağırışı məsələnin mahiyyətini tam şəkildə ortaya qoyur. Beləki, Ermənistan nə qədər Azərbaycan-İran münasibətlərinə xələl gətirməyə, bu münasibətlərdən öz maraqları çərçivəsində istifadə etməyə çalışsa da, görünür nəticədə nəinki buna nail ola bilmir, əksinə, işğalçılar bir vaxtlar ümid etdikləri dəstəkdən özləri belə məhrum olurlar. İndi Türkiyə, İran, Gürcüstan kimi regionun bütün aparıcı dövlətləri münaqişənin konkret olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına çağırış edirlər və həmin İstanbul bəyanatlar bunu təsdiq edir.
Qərb, yaxud Avropa deyə haray-həşir qoparan ermənilər heç bu dəstəyə də ümid edə bilmirlər. Çünki, ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması üçün Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxardılmasına dair xüsusi bir bəyanatla yaddaşlarda qaldı və Ermənistanda yaranan böyük rezonansın səbəbi məhz elə bu bu bəyanatla əlaqədar idi. ABŞ mövqeyini bildirməkdə bununla da kifayətlənmədi və Millz-in səfərindən az sonra Birləşmiş Ştatlar Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Ermənistandakı bəyanatları da buna əlavə olundu. Əslində, C.Boltonun dedikləri Azərbaycan tərəfinin fikirləri ilə eynilik təşkil edirdi və müşavir bildirirdi ki, Ermənistan dayanıqlı inkişafa nail olmaq istəyirsə, qonşu dövlətlərlə normal münasibətlər qurmağı bacarmalıdır. Bir sözlə, ABŞ-ın Azərbaycanın haqlı və ədalətli mövqeyinin dəstəklənməsinin şahidi oluruq.
Baxmayaraq ki, ermənilər bunun əksini fərz edir və bir neçə bələdiyyə sədrini işğal etdikləri ərazilərə aldadıb gətirməklə təbliğat aparmaq niyyətindədirlər, əslində, Fransanın özünün də bu işğalçı ölkəyə maraqları demək olar ki, yox dərəcəsindədir. Bir neçə gün bundan əvvəl Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşezin bəyanatlarına nəzər saldıqda görürük ki, Fransa da Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir və tanıyır. Xanım səfir xüsusi bəyanatla çıxış edərkən hətta qanunsuz səfər edənlər tərəfindən imzalanmış hər hansı kağız parçalarının heç bir hüquqi qüvvəyə malik olmadığını, heç bir əhəmiyyət kəsb etmədiyini vurğulaması belə deyilənləri tam şəkildə təsdiq edir.
Paşinyan hakimiyyətinin apardığı siyasət iflasa uğrayır və Ermənistanı yalnız məhvə sürükləyir
Beynəlxaq qurumlara, təşkilatlara gəlincə, artıq az qala 30 ilə yaxın müddətdə icrasız qalan qərar və qətmanələrin fonunda Ermənistana etibar olunacağı çox absurd səslənir. Doğrudur, Avropa İttifaqı Sarkisyan hakimiyyəti dövründə Ermənistanda keçirilmiş seçkilərlə bağlı xüsusi vəsait, təqribən 7 milyon avro civarında pul ayırmışdısa da seçkilərdən sonra verdiyi bəyanatda seçicilərin səslərinin satın alınması, seçkilərin saxtalaşdırılması və obyektiv keçirilməməsi qənaətinə gəldi. Bir sözlə bu, vəsaitlərin ayrılmasının yanlışlıq olduğu demək idi. İndi demokratiyanı komuflyaj kimi istifadə etməyə cəhd edən Paşinyanın Avropa İttifaqına müraciət edərək dekabrda seçkilərin keçirilməsi ilə bağlı vəsait istəyərkən, "demokratik Ermənistan" adı altında bu vəsaitlərə böyük ümidlər bəslədiyi halda bu ümidləri puça çıxırsa, deməli, ermənilər özlərindən başqa heç kimi aldada bilmədiklərinin özləri də fərqindədirlər. Əgər, Avropa İttifaqı Paşinyan hökumətinə seçkilərin keçirilməsi üçün cəmi 3 milyon avro, yəni əvvəlkindən iki dəfədən də az vəsait ayırırsa, deməli, artıq rəsmi Yerevana inam yoxdur. Artıq Paşinyanın bəyanatlarına heç kim inanmır. Ələlxüsus onun hökumətinin gördüyü işlərə, apardığı siyasətə heç kim, eləcə də Avropa İttifaqı da etibar etmir.
İndi Avropa İttifaqından Ermənistan iqtisadiyyatı və ölkədə digər işlərin görülməsi üçün bir milyard avro istəyən N.Paşinyan çox gözəl başa düşür ki, bu istəyi bir xülyadır və heç kimin onlara bir qəpik belə vəsait ayırmaq niyyəti ola bilməz. İstər Avropa İttifaqının, istər ABŞ-ın, istər Rusiyanın, istərsə də İranın, Fransanın, Almaniyanın mövqeyi, eləcə də 29-30 oktyabr tarixlərində İstanbulda keçirilmiş üçtərəfli görüşlər, həmin görüşlərdə səsləndirilən bəyanatlar təsdiq edir ki, Ermənistanın regionda təcridi getdikcə daha da dərinləşir. Əvəzində, Ermənistanın istər beynəlxalq müstəvidə, istərsə də regionda güvəndiyi dövlətlər, qurumlar belə Azərbaycanın beynəlxalq qanunlar çərçivəsində qəbul olunmuş mövqeyini dəstəkləyirlər. Bu isə o deməkdir ki, Paşinyan hakimiyyətinin apardığı siyasət iflasa uğrayır və sonu yoxdur. Həmin siyasət Ermənistanı yalnız məhvə sürükləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB