Dünyanın 10 ölkəsindən biri olan AZƏRBAYCAN RƏY-ÖZƏL

Dünyanın 10 ölkəsindən biri olan AZƏRBAYCAN RƏY-ÖZƏL

“Doing Business 2018” hesabatında 57-ci yerdə qərarlaşan Azərbaycan “Doing Business 2019” hesabatında 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşıb. Azərbaycan hesabat indikatorları üzrə göstəricilərini ən çox yaxşılaşdıran dünyanın 10 ölkəsindən biri olub”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

Hesabatda göstəricilərini ən çox yaxşılaşdıran 10 ölkənin əsasən biznesə başlama, kredit əldə etmək və vergi ödəmək sahələrində 62 islahat həyata keçirdiyini deyən deputat söyləyib ki, Azərbaycan hesabatın 10 indikatorundan 8-də islahatlar həyata keçirərək öz mövqelərini yaxşılaşdırıb və islahatların sayına görə dünyada 1-ci olub.

T.Mirkişili qeyd edib ki, Bakı şəhəri İcra Hakimiyyətində tikintiyə icazələrin “bir pəncərə” prinsipi ilə verilməsi, elektrik şəbəkəsinə qoşulmaları azaldan “ASAN Kommunal” mərkəzlərini açılması, yeni kredit bürosunun yaradılması kimi tədbirlər ölkəmizin hesabatda mövqelərini xeyli yaxşılaşdırıb: “Dünya Bankının dərc etdiyi “Doing Business 2019” hesabatı 190 ölkədə sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı olan qanunverici aktların və onların tətbiq olunmasını obyektiv olaraq qiymətləndirməyə imkan verir. Hesabat 11 indikator üzrə ölkələri təhlil etsə də, reytinq cədvəlində 10 indikatorun (əmək bazarının tənzimlənməsi indikatoru istisna olmaqla) göstəricilərindən istifadə olunur. Azərbaycanda da Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi və institutsional islahatlar ölkəmizdə sahibkarlıq mühitini getdikcə daha əlverişli etməkdədir. Dünya Bankının apardığı təhlillərin nəticələri bunu bir daha göstərir. İslahatların dərinləşməsi və əhatəliliyinin artması ölkəmizdə biznes mühitini daha da inkişaf etdirməklə əhalini rifah halının daha da yaxşılaşmasına imkan yaradacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə