Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozmasını pisləyib

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozmasını pisləyib

"Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar danşıqların gərgin vəziyyətdə olduğu bir zamanda Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini bu cür kobud şəkildə pozması heç də yaxşı nəticələrə gətirib çıxarmayacaq".

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilir. Nazirliyin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu SİA- ya açıqlamasında bildirib ki, atəşkəs rejimini qorumaq barədə əldə edilmiş son razılaşmaya baxmayaraq, Ermənistan silahlı qüvvələri öz təxribatlarını davam etdirməkdədir. Belə ki, dekabrın 17-i saat 21.30 radələrində düşmən tərəfindən atılan artilleriya mərmisi cəbhədə vəziyyəti yenidən gərginləşdirib.

Aparılan araşdırmalar nəticəsində aydın olub ki, Tərtər rayonunun işğal altında olan Talış yaşayış məntəqəsinin 2,5 kilometr qərb istiqamətindəki mövqelərdən düşmənin BM 21 qrad qurğusundan atdığı 122 mm-lik reaktiv qəlpəli fuqas mərmisi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan Borsunlu yaşayış məntəqəsinin yaxınlığına düşüb.

Gecə şəraiti olduğundan mərminin 15-16 km uzaqlıqdan buraxıldığı ehtimal edilir. Mərminin partlayış səsi və zərbə dalğası ətraf yaşayış məntəqələrində hiss edilsə də, zərər çəkən olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə