"AQTA-nın fəaliyyətinə kölgə salmağa çalışırlar"

"AQTA-nın fəaliyyətinə kölgə salmağa çalışırlar"

“Dünənə qədər hamımız narahat idik ki, nəyə görə, bazarlara nəzarət yoxdur. Bu, hamımızı narahat edirdi. Sağ olsun cənab prezident belə bir qurum yaradaraq onlara geniş səlahiyyətlə verib ki, ölkədə qida təhlükəsizliyini təmin etsin. Amma hər birimiz bilirik ki, onların əmək haqları azdır. Əgər biz onların maraqlarını təmin etməsək, qida təhlükəsizliyi ilə bağlı qarşıya qoyulan məqsədə nail ola bilməyəcəyik. Biz onlara yaşıl işıq yandırmalıyıq”. Bu fikirləri Milli Məclisin deputatı Çingiz Qənizadə parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu” haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat qeyd edib ki, bu gün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyinə, əməkdaşlarına qarşı iyrənc yolla pul qazanan mafiya başçıları qarayaxma aparır, bu agentliyin fəaliyyətini gözdən salmağa çalışırlar. İmkan verin agentliyin əməkdaşları istənilən mağazalara daxil olub orada vaxtı keçmiş məhsullar, zərərli qidalar və digərləri haqqında protokol tərtib etsinlər. Əksinə biz Qida Təhlükəsizliyi Agentliyinə dəstək olamlıyıq. Gəlin, hamımız bu quruma dəstək olaq ki, bazarlarda yad məhsulların çıxarılamasına mane ola bilək”.

Qeyd edək ki, "Dövlət rüsumu haqqında" qanuna edilən dəyişikliyə görə, Qida Təhlükəsizliyi Agentliyinin topladığı rüsumların 50 faizi dövlət büdcəsinə keçiriləcək, 50 faizi isə agentliyin büdcəsində saxlanılacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə