"ABŞ üçün ən mühüm regional ölkə Azərbaycandır" ÖZƏL-RƏY

"ABŞ üçün ən mühüm regional ölkə Azərbaycandır" ÖZƏL-RƏY

“Azərbaycanda səsləndirilən bəyanatlardan fərqli olaraq, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton, Ermənistanla ABŞ münasibətlərindən bəhs edərkən "strateji tərəfdaş" terminindən istifadə etmədi. Bu bir daha onu göstərir ki, ABŞ üçün ən mühüm regional ölkə Azərbaycandır. Çünki neft və enerji strategiyasında, həm də ABŞ-a Əfqanıstan strategiyasında ciddi dəstək verən ölkə Azərbaycandır. Bu baxımdan Azərbaycan hər zaman ABŞ üçün regionda "strateji tərəfdaş" olaraq önəmini qoruyub saxlayacaqdır”. Bunu SİA-ya politoloq Ehtiram Aşırlı deyib.

Onun sözlərinə görə, Suriyaya göndərilən kontingentin rəsmi İrəvan tərəfindən yalnız humanitar olması barədə iddialarından asılı olmayaraq, bu, Ermənistan-ABŞ münasibətlərində ciddi problem yaradıb: “Ermənistanda çıxış edən Con Bolton, Ermənistana xarici təzyiqi zəiflətmək üçün ən yaxşı yolu Qarabağ münaqişəsinin həllini və tərəflərin birlikdə işləməklə, birgə həll yolu tapmalı olduğunu bəyan edib. Müşahidələrə əsasən onu deyə bilərik ki, bu bəyanat Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair ABŞ tərəfinin mövqeyinə tamamilə uyğundur. Ermənistandakı daxili siyasi vəziyyətə və bununla əlaqədar ABŞ rəhbərliyinin mövqeyinə gəlincə isə hələ də tam olaraq ABŞ yeni Ermənistan hakimiyyətinə və Nikol Paşinyana etibar etmir.

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfərinin yaxın gələcəkdə planlaşdırılmasına gəldikdə isə, buna rəsmi Bakının ABŞ-la "strateji tərəfdaşlığı" kontekstində baxıldığını və səfər zamanı yeni əməkdaşlıq sənədlərinin imzalanacağını qeyd etmək olar”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə