Namiq Əliyev: “ABŞ Ermənistanın işğalçı olduğunu yaxşı bilir” AÇIQLAMA

Namiq Əliyev: “ABŞ Ermənistanın işğalçı olduğunu yaxşı bilir” AÇIQLAMA

"ABŞ rəsmisi Con Bolton da ermənilərə açıq mətnlə bildirdi ki, onlar üçün yeganə doğru yol Dağlıq Qarabağ münaqişəsinin həll edilməsidir Əvvəla, xüsusi vurğulamaq lazımdır ki, ABŞ rəsmiləri təkcə Cənubi Qafqazda deyil, bütövlükdə regionda Azərbaycanın iqtisadi və siyasi çəkisinin səviyyəsini və bu parametrlərə görə Ermənistandan qat-qat üstün olduğunu yaxşı bilirlər". Bunu SİA-ya açıqlamasında “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev deyib.

Onun sözlərinə görə, Con Bolton Prezident İlham Əliyevlə görüşündə Azərbaycanın beynəlxalq enerji məsələlərində aparıcı rolunu ABŞ hökumətinin nəzərə aldığını bildirdi: "Konkret olaraq Dağlıq Qarabağ münaqişəsi məsələsində isə problemin həllinin çox çətin olduğunu Con Bolton Yeravandakı çıxışında etiraf etdi. Onun fikrincə, hazırkı mürəkkəb geosiyasi situasiyada Dağlıq Qarabağ məsələsinin tərəflər üçün məqbul variantda həllinin tapılması vacibdir və belə olduqda, Ermənistanın həm Azərbaycan, həm də Türkiyə ilə sərhədləri açıla bilər. Hazırkı situasiya deyəndə, Con Bolton birinci növbədə İrana qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tuturdu. Diqqət edin, Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədləri bağlıdır, Gürcüstan vasitəsilə Rusiyaya çıxışı da etibarlı və daimi deyil. Qarşıdan qış gəlir və tez-tez Lars keçidində ləngimələr baş verəcək. Ümumiyyətlə, ermənilər daimi olaraq bu keçiddə problemlərlə qarşılaşırlar. İrana qarşı noyabrın 4-dən sanksiyaların yeni mərhələsi işə düşdükdən sonra Ermənistanın bu ölkə ilə də iqtisadi əlaqələrində ciddi problemlər yaranacağı şübhəsizdir. ABŞ Ermənistana görə özünün qlobal siyasətində dəyişiklik etməyəcək. Beləliklə, elə bir situasiya yaranıb ki, Ermənistan işğalçı siyasətinin girovuna çevrilib. Buna görə də, Con Bolton ermənilərə açıq mətnlə bildirdi ki, “xarici təzyiqləri azaltmaq üçün yeganə doğru yol Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaqdır”. Hazırkı şəraitdə Ermənistan Dağlıq Qarabağ probleminə görə Azərbaycan və Türkiyənin, qeyri-müəyyən xarici siyasətinə görə isə Rusiyanın sərt təzyiqləri altındadır. Ermənistanın, ən azından yaxın vaxtlarda, danışıqlar masası arxasına qayıdacağı ilə bağlı bəyanatlar səsləndirməsi təəccüblü olmayacaq. Ermənistanın işğalçı olduğunu ABŞ hakimiyyət dairələri də yaxşı bilir. Odur ki, Con Boltonun fikirlərindəki əsas məqsəd Ermənistana real situasiyanı başa salmaq olub. Real vəziyyət də tələb edir ki, Ermənistan işğalçı siyasətindən əl çəksin, əks halda onu daha ağır gələcək gözləyir".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə